İyunun 2-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında məşhur cərrah, görkəmli alim, Əməkdar elm xadimi, professor Bəybala Abbasovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. “Cərrahlığın aktual problemləri” mövzusunda keçirilən konfransın açılış mərasimində universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov giriş nitqi ilə çıxış edib.
Azərbaycan Tibb Universitetində tanınmış alimlərin, həkimlərin yubiley tədbirlərinin qeyd edilməsinin artıq bir ənənəyə çevrildiyini vurğulayan prorektor, Bəybala Abbasovun da belə tarixi şəxsiyyətlərdən biri olduğunu söyləyib. O öz müəllimi haqda qürur hissi ilə danışaraq yaddaşında dərin iz buraxan xatirələrini dilə gətirib. Bəybala Abbasovun şərəfli ömür yolunun həm də böyük çətinliklərdən keçdiyini xatırladıb: “Bəybala Abbasov ölkəmizin gözəl guşələrindən biri olan Xızı rayonunun Zərgərli kəndində dünyaya göz açıb. O, kiçik yaşlarından Bakı şəhərinə köçüb, II Dünya Müharibəsi dövründə böyük əzab-əziyyətlə üzləşib. Gənc yaşlarında atasını itirən B. Abbasov, çoxuşaqlı ailənin yükünü öz çiyinlərində daşımaq məcburiyyətində qalıb. Gecə-gündüz çalışaraq ailəsinə maddi dəstək verib. Orta təhsilini başa vurduqdan sonra bir müddət maliyyə sahəsində işləyib. Daha sonra öz arzusuna qovuşaraq Tibb Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra müəllimlərinin təkidi ilə ordinaturada saxlanılıb və elmi fəaliyyətlə məşğul olub”.
B. Abbasovun 1960-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etdiyini diqqətə çatdıran prorektor, böyük rezonans doğuran bir məqamı da yada salıb. Qeyd edib ki, namizədlik dissertasiyası müdafiə edən gənc azərbaycanlı cərrah hələ elmi ad almazdan qabaq Moskva tibbi ictimaiyyətinin diqqətini çəkmişdi. Belə ki, 1957-ci ildə Moskvada nəşr edilən “Medisinski rabotnik” qəzeti onun haqqında yazdığı məqaləyə “Gənc cərrahın 1000 əməliyyatı” sərlövhəsini vermişdi.
Çıxışında görkəmli cərrahın tələbələrə, gənc həkimlərə xüsusi həssaslıqla yanaşdığını vurğulayan R. Bəylərov, onun apardığı cərrahi əməliyyatlarda assistent kimi iştirakını da məmnunluqla xatırladığını deyib. Eyni zamanda öz şəfalı əlləri ilə minlərlə insanı sağlamlığına qovuşduran B. Abbasovun misilsiz xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ən ali mükafatlara layiq görüldüyünü bildirib. Sağlığında mənalı ömür yaşayan böyük alimin bu gün xüsusi ehtiramla anıldığını, onu tanıyanların yaddaşında daim yaşadığını və yaşayacağını söyləyib.
Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev ilk növbədə konfransın ərsəyə gəlməsində əməyi olan şəxslərə, şəxsən rektor Gəray Gəraybəyliyə, eyni zamanda bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bundan sonra professor Bəybala Abbasovun həyat və yaradıcılığı barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. “Bəybala müəllimin fəaliyyətinə, onun böyük əməyinə, zəngin elmi yoluna verilən ən böyük qiymət Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 2000-ci ildə “Şöhrət “ ordeni təqdim etməklə verilib” – deyə bildirib.
Hələ tələbəlik illərindən elmi fəallığı ilə seçilən Bəybala Abbasovun damar cərrahiyyəsi sahəsindəki böyük xidmətlərindən söz açan natiq qeyd edib ki, onun ən gözəl cəhətləri səmimiyyəti, saflığı, təmənnasızlığı idi: “İlk günlərdən bizə ümumi cərrahiyyə fənnindən mühazirələr oxumağa başladı. Bəybala müəllimdə böyük enerjini, öyrətmək eşqini hiss etdik və bizdə də bu sahəyə həvəs yarandı”.
E. Ağayev ustadı, müəllimi, böyük şəxsiyyət Bəybala Abbasovla bir yerdə çalışmaqla fəxr etdiyini, Bəybala müəllimin zalda əyləşən qohumlarının da gözlərindən fəxarət duyduğunu deyib və sonsuz sevgi ilə xatırlanan o gözəl insana Allahdan rəhmət diləyib.
Ümumi cərrahlıq kafedrasının professoru Cabbar Hacıyev, professor Rafiq Təhməzov, Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva və II Mamalıq-ginekologiya kafedrasının dosenti, Səfa Bağırova da tədbirdə çıxış edərək görkəmli cərrahla bağlı xatirələrini bölüşüblər.
Açılış tədbirinin sonunda B. Abbasovun qızı İradə Abbasova ailə üzvləri adından çıxış edərək yubiley konfransının təşkilatçılarana və iştirakçılarına minnətdarlığını bildirib.
Konfrans cərrahlığın aktual problemlərinə dair məruzələrlə öz işini davam etdirib.