Universitetin rəhbər şəxsləri Dövlət Attestasiyası imtahanlarının gedişini izləyiblər
Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov iyunun 6-da Bakı Sağlamlıq Mərkəzində, Stomatoloji Mərkəzdə və Əczaçılıq korpusunda I Müalicə-profilaktika, Stomatologiya və Əczaçılıq fakültələrinin məzun kurslarının Dövlət Attestasiyası imtahanlarının gedişini izləyiblər.
Məzun kursları üçün iyunun 6-dan 24-dək təşkil olunan Dövlət Attestasiyasının gedişinə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, Tədris departamentinin rəhbəri, eləcə də fakültələrin dekanları, dekan müavinləri tərəfindən mütəmadi nəzarət edilir.
“Təbib” qəzetinin əməkdaşına bu barədə məlumat verən Tədris departamentinin rəhbəri K.Yaqubov imtahan prosesində heç bir problemin olmadığını, məzunların universitetin daxili nizam-intizam qaydalarına uyğun olaraq imtahan verdiklərini bildirib. O, Bakı Sağlamlıq Mərkəzi ilə bağlanan müqaviləyə əsasən, Müalicə-profilaktika fakültəsində “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrin Təlim Bazasında təlimlərə qoşulduğunu və iyunun 6, 7, 8, 9, 10 və 12-də “Daxili xəstəliklər”, “Cərrahi xəstəliklər” və “Ginekologiya” fənlərindən bacarıq imtahanı verəcəklərini qeyd edib: “İyunun 13, 16, 19-da isə məzun tələbələr İmtahan Mərkəzində imtahanın 2-ci mərhələsində iştirak edəcəklər. II Müalicə-profilaktika fakültəsinin məzun kursları isə iyunun 8, 12, 19-da test, 13, 14, 16, 17, 18-də Bakı Sağlamlıq Mərkəzində bacarıq imtahanları verəcəklər”.
Departament rəhbəri yaz semestrinin yay imtahan sessiyası ilə bağlı da ətraflı məlumat verib. Boloniya Bəyannaməsinə uyğun olaraq, hər semestr 15 həftə tədris, 5 həftə isə imtahan prosesinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Bu səbəbdən universitetimizdə iyunun 1-dən iyulun 4-dək imtahan prosesi olacaq. Üzrlü səbəbdən imtahanlara qatılmayanlar və ya “F” qiyməti alanlar 7, 10, 11 iyulda təkrar təşkil olunacaq imtahanlarda iştirak edə biləcəklər. Tələbə imtahandan “F” alıbsa, fənni təkrar dinləmədən, iki fəndən kreditin 25 faizini ödəmək şərti ilə imtahana qatılmaq hüququndan yararlanacaq.
İyunun 1-dən etibarən Əczaçılıq fakültəsinin 1,2,3, Stomatologiya fakültəsinin 1,2,3,4, Müalicə-profilaktika fakültəsinin “Müalicə işi” ixtisası üzrə 4,5, “Tibb” ixtisası üzrə 1,2,3, o cümlədən İctimai səhiyyə fakültəsinin 4 ixtisas - “Tibbi-profilaktika” 4,5, “İctimai səhiyyə” 1,2,3, “Tibb bacısı” 1,2,3, “Fizioterapiya və tibbi reablitasiya” ixtisası üzrə 1,2,3-cü kurs tələbələri imtahan sessiyasında iştirak edəcək”.
Dosent Kamandar Yaqubov tətbiq olunan yeniliklərdən də danışıb: “İmtahan sessiyası İmtahan Mərkəzində testləri cavablandırmaqla aparılır. Bu istiqamətdə bizim artıq çoxillik təcrübəmiz var. İlk tədris ilidir ki, universitetin 1-ci kurslarında davamiyyət balı ləğv olunub. Böyük Elmi Şuranın qərarı ilə tələbə imtahana giriş üçün 50 balın 10 balını sərbəst işdən, 40 balını isə kollokviumdan qazanır. Yuxarı kurslarda oxuyan tələbələrimiz isə 10 bal davamiyyətə, 10 bal sərbəst işə, 30 bal kollokviuma görə əldə edə bilir.
Digər 50 balı isə tələbə imtahana düşən 25 test sualını cavablandıraraq toplaya bilər. Hər sual 2 balla qiymətləndirilir və 30 dəqiqə cavablandırma vaxtı verilir. Ayın 1-dən başlayan imtahan prosesinin nəticələrinin təhlili göstərir ki, ötən dövrdə normativ qərarlardan kənaraçıxmalar müşahidə olunmayıb. İmtahan prosesi öz axarı ilə davam edir. Tələbələrimizə uğurlar arzulayırıq”.