Tədris Terapevtik Klinikada rezident məruzə oxuyub
 

İyunun 12-də ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Terapevtik Klinikanın rəhbərliyi ilə birgə rezidentlər üçün növbəti seminar təşkil edib.

Tədbiri açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov iştirakçıları salamlayaraq, ənənəvi qaydada keçirilən seminarların əhəmiyyətindən söhbət açıb. N.Xəlilov bu seminarların tibbin müxtəlif sahələrini əhatə etdiyini və bu dəfə təqdim olunan “Mukopolisaxaridoz IVA - morquio sindromu” mövzusunda məruzənin də maraqla dinləniləcəyini bildirib.

Sonra rezidenturanın III kursunda təhsil alan İlahə Mehrəliyeva bu mövzunu nədən seçməsinə aydınlıq gətirərək, çıxışına slaydlarla davam edib. O, bildirib ki, mukopolisaxaridoz lizosomal qlukozidaz va ya sulfataz defisiti olub, anadangəlmə metabolizm pozğunluğudur. Lizosomlarda mukopolisaxaridlərin va ya qlikozaminoqlikanların toplanmasına gətirib çıxarır.

Diqqəti morquio sindromuna yönəldən İ.Mehrəliyeva bildirib ki, bu, müəyyən yaş civarında ortaya çıxan qısa boy, qısa boyun, qısa gövdəli cücəlik (digər tiplərdən fərqi) və ağır skelet anomaliyaları ilə xarakterizə edilən bir xəstəlikdir: “Bir neçə il bundan öncə klinikanın təcrübəli həkimi, assistent Adilə xanımın müayinə etdiyi 4 yaşlı (hazırda 7 yaşı var) Şükür Dadaşov adlı xəstənin ümumi vəziyyəti indi də ağırdır. Səbəb mukopolisaxaridoz və skeletində olan dərin deformasiyalardır. Yerişi qeyri-düzgündür, normal gəzə bilmir. Bir neçə addımdan sonra yorulur və oturur, ümumi zəiflikdən şikayət edir. Obyektiv müayinədə boyu 86 sm, çəkisi 14 kq-dır. Xarici görkəmində bir çox deformasiyalar var. Döş qəfəsi dərin deformasiyalı, öndən kəskin surətdə irəli gəlib. Arxadan skolioz, kifoz müşahidə olunur. Aşağı ətraflar dərin deformasiyalıdır, ağır yastı və əyripəncəlilik mövcuddur. Qaraciyər və dalaq qabırğa kənarındadır”.

Seminarda iştirak edən klinikanın endokrinoloq-genetik-pediatrı,  assistent Adilə Çernik-Bülənd mövzuya aydınlıq gətirərək bildirib ki, belə hallara ən çox qohum evliliklərində rast gəlinir və genetik xəstəliklərin meydana gəlməsinin təzahürüdür: “Qohum nikahlarda ilk uşağın sağlam doğulması ikinci uşağın da sağlam olacağı anlamına gəlmir. Belə evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən ikiqat çoxdur. Hər il dünyada 8 milyona yaxın (6%) uşaq fiziki və əqli pozğunluqlarla doğulur, minlərlə uşaq erkən yaşda tələf olur. Dünyada doğulan uşaqların ən azı 8,4% -i qohum nikahlardandır. Bu daha çox Cənubi Hindistan və Qərbi Ağdəniz bölgələrində yayılıb. Qohum evliliklər olan populyasiyada xəstə uşağın doğulma riski digər populyasiyalara nisbətən ikiqat artaraq 8-9% təşkil edir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə bu faiz daha da yüksəkdir. Türkiyədə qohum evliliklərinin 29% olduğu aşkarlanıb. Amma məsələn, Almaniyada əhalinin genetik xəstəliklər haqqında daha çox məlumatlı olması səbəbindən qohum nikahları 0,3 %-ə qədər azalıb”.

Sonda mövzuya dair çoxsaylı suallar məruzəçi tərəfindən cavablandırılıb.

Seminarda Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov, baş həkim Fəridə Hacıyeva, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri, dosent Qoşqar İsmayılov və həkim-rezidentlər iştirak edirdilər.