ATU əməkdaşının iştirak etdiyi meqalayihəyə maraq getdikcə yüksəlir

Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova 1999-cu ildə müasir kraniofasial antropometriyanın banisi, professor L.G.Farkas (Kanada) tərəfindən “International anthropometric study of facial morphology in various ethnic groups/race” layihəsində iştirak etməyə dəvət olunub. Nəticədə, dünyada üzun antropometrik parametrlərinin ən böyük müqayisəli məlumat bazalarından biri yaradılıb.

Bu meqalayihənin nəticələri 2005-ci ildə ən nüfuzlu tibb jurnallarından biri olan “The journal of craniofacial surgery”də 25 səhifə həcmində dərc edilib.

 PUBMED-ə və Google Scholar-a görə, bu elmi işin “istinad indeksi” 900-dən çoxdur. Qeyd etmək lazımdır ki, nəşrindən 20 ilə yaxın vaxt keçsə də, bu məqaləyə maraq və istinad gündən-günə artır. Researchgate-in məlumatına görə, hər həftə dünyanın fərqli ölkələrindən təxminən 50-70 alim bu məqaləni oxuyur və oxuyanların sayı 16.000 nəfərə çatıb. Həmçinin tədqiqat marağı balı da yüksəlir və artıq 431.1 olub.

Məqalədə 25 etnik qrupda kəllə-üz kompleksinin seçilmiş antropometrik göstəricilərinin normal dəyərlərinin diapazonunun təyini və ağdərili Şimali amerikalılar ilə başqa etnik qruplar arasında ən mühüm fərqi göstərən kəllə-üz nahiyələrinin təyin edilməsi aparılıb.

Tədqiqat işi dünyanın 25 ölkəsini əhatə edən beş bölgəsindən - Avropa, Yaxın Şərq, Asiya, Afrika və Şimali Amerikadan olan 1470 sağlam gənci əhatə edib. Qafqazoid qrupunu Avropanın 13 ölkəsindən - Almaniya, Bolqarıstan, Çexiya, İtaliya, Macarıstan, Polşa, Portuqaliya, Rusiya, Xorvatiya, Slovakiya, Sloveniya, Yunanistan, o cümlədən Azərbaycandan olanlar təmsil edirdilər.

Kəllə-üz kompleksinin morfoloji xüsusiyyətləri 14 antropometrik göstərici üzərində öyrənilib, onlardan 10-nu üzün neoklassik qanunauyğunluqları təşkil edirdi.

Bu elmi iş təkcə antropoloqların, üz-çənə və plastik cərrahları, məhkəmə-tibb ekspertləri, patoloqlar, anatomlar, stomatoloqlar və tarixçilərin deyil, həm də son zamanlar ən nüfuzlu texnoloji universitetlərin mühəndis və fiziklərinin marağına səbəb olur. Belə ki, müxtəlif elmlərin qovuşmasında beynəlxalq layihələr çərçivəsində yerinə yetirilən elmi işlərin yüksək sitat indeksi şansı daha çoxdur. Universitet əməkdaşlarının yüksək istinad indeksi bu təhsil ocağının reytinqini artırır.