İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər

 

Millət vəkili İlham Məmmədov: Azərbaycan Tibb Universitetində tədrisin keyfiyyəti çox yaxşılaşıb

 

İyunun 22-də Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər.

Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və üzvləri - “İki sahil” qəzetinin redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və Məsləhət Şurasının tələbə-koordinatoru, I Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Orxan Təsivanlı ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə maraqlanıblar. Şuranın üzvlərinə imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə bağlı İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova ətraflı məlumat verib.

İmtahanın gedişində tələbələrin və ekspertlərin fikirlərini də öyrənən şura üzvləri imtahan prosesinin çox rahat keçdiyini müşahidə ediblər. İmtahana nəzarət qrupunun rəhbəri Pəri İsaqova, nəzarətçilərdən Sevinc İbrahimova və başqaları imtahan prosesinin şəffaf keçdiyini, heç bir problemə rast gəlmədiklərini bildiriblər.

Aidə Bəndəliyeva şura üzvləri tərəfindən həm qış, həm də yay sessiyasında mütəmadi olaraq reydlər keçırildiyini, reydin nəticələrinin yerindəcə müzakirə olunduğunu vurğulayıb.

Şuranın üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir: “Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. Komissiya üzvlərinin ümumi rəyi budur ki, Azərbaycan Tibb Universitetində tədrisin keyfiyyəti çox yaxşılaşıb. Biliyin qiymətləndirilməsində dünya standartlarına cavab verən metodologiyadan istifadə olunur. Əsas məqsəd Azərbaycan xalqının sağlamlığı keşiyində duran savadlı həkimlərin yetişdirilməsidir. Təsadüfi deyil ki, imtahanın gedişində nəzəri biliklərin praktikada tətbiqini, laborator-funksional diaqnozun qoyulması üçün təcrübi proseslərin icra mexanizminin necə aparıldığını müşahidə etdik”.

Şura üzvləri I kurs magistrlərinin Menecment (səhiyyə sahəsi üzrə) ixtisasından nəzəri, Əczaçılıq fakültəsinin buraxılış kurs tələbələri üçün Toksikoloji kimya fənnindən Dövlət Attestasiyası üzrə bacarıq imtahanlarının gedişini də izləyiblər. Müşahidələr tələbələrin bacarıq imtahanlarına məsuliyyətlə hazırlaşdığını, eyni zamanda onların təcrübi biliklərini nümayiş etdirməsi üçün də hər cür şəraitin yaradıldığını göstərib. Klassik qaydada imtahan verən magistrlərin biliyini tədris hissə müdiri, dosent Kamran Babayev, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov, dosent Məhərrəm Məhərrəmov və assistent Samirə Mirhadi qiymətləndiriblər. Menecment (səhiyyə sahəsi üzrə) ixtisası üzrə kurator Arzu Mehdiyeva hər biletə düşən 5 sualın cavabına görə maksimum 50 bal toplayan magistrlərin II kursda müdafiə edərək magistraturanı bitirəcəklərini deyib.

Dövlət Attestasiyası üzrə bacarıq imtahanlarının gedişi də müsbət qiymətləndirilib. Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev, Dövlət Attestasiya Komissiyasının sədri, “Zeytun Pharmaceuticals” Məhdud məsuliyyətli cəmiyyətinin baş mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmbəyov, komissiyanın üzvü, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti Səyyəddin Atakişizadə tələbələrin bacarıq imtahanlarına yaxşı hazırlaşdıqlarını, nəticələrin qənaətbəxş olduğunu söyləyiblər.

Qeyd edək ki, İctimai Nəzarət və Məsləhət Şurası tərəfindən universitetin tədris binalarında rəy qutuları yerləşdirilib. Tələbələrin dərsə münasibəti, dərsin keyfiyyəti, sualların tərtibatında rast gəlinən problemlər, müəllimlərlə tələbələr arasında münasibətlər və digər məsələlərə dair rəy və təkliflər komissiya tərəfindən araşdırılaraq universitet rəhbərliyinə məruzə olunur, mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.