Rezident kəskin revmatik qızdırma xəstəliyini müzakirəyə çıxarıb
İyunun 21-də ATU-nun Rezidentura və magistratura şöbəsi universitetin Tədris Terapevtik Klinikası ilə birgə rezidentlər üçün növbəti seminar təşkil edib.

Seminarı giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov ənənəvi qaydada keçirilən seminarların rezidentlər üçün əhəmiyyətini vurğulayıb. O, rezidentlərin elmi fəaliyyətinin universitet rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edərək, indiyədək keçirilən seminarların tibbin ən aktual sahələrini əhatə etdiyini söyləyib. N.Xəlilov təqdim olunan “Kəskin revmatik qızdırma” mövzusunda məruzənin də maraqla qarşılanacağına əminliyini bildirib.

Sonra III kurs rezident Rəşad Qasımov diqqəti slayd vasitəsilə adıçəkilən mövzuya yönəldib. O, xəstəlik haqqında ümumi məlumat verərək bildirib ki, kəskin revmatik qızdırma uşaqlarda A qrupundan olan beta-hemolitik streptokokkların yaratdığı sistemik xəstəlikdir. Kəskin revmatik qızdırmanın yaranma səbəbləri, klinik diaqnostikası və müalicəsindən bəhs edən məruzəçi əlavə edib ki, oynaqlarda ağrı, şişkinlik, dəri altında kiçik, ağrısız düyünlərin əmələ gəlməsi, sinədə ağrı, ürəkdə küy, yorğunluq və s. əlamətlərlə özünü büruzə verir: “Kəskin revmatik qızdırmanın diaqnostikası zamanı iltihabı aşkar etmək üçün oynaqlar müayinə olunur, bədən hərarəti ölçülür, dərialtı revmatik düyünlər yoxlanılır, ürəyin auskultasiyası və s. aparılır. Müalicə streptokokkların tamamilə məhv olunmasına, iltihab və resedivlərin qarşısının alınmasna yönəldilir. Terapiya antibiotik və iltihabəleyhinə preparatlar vasitəsilə aparılır”.

Seminarda iştirak edən II Uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Nəzakət Həsənova mövzu ilə əlaqədar bildirib ki, kəskin revmatik qızdırma əsasən, streptokokk angina və ya skarlatina düzgün müalicə olunmadıqda yaranır. Xəstəliyə ən çox 5-15 yaş aralığında olan uşaqlarda rast gəlinir. Kəskin revmatik qızdırma ürək çatışmazlığı kimi geridönməz xəstəliklərə də gətirib çıxara bilər.

Tədris Terapevtik Klinikanın baş həkim Fəridə Hacıyeva, klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri, dosent Qoşqar İsmayılov və həkim-rezidentlərin iştirak etdiyi seminarın sonunda mövzu ilə bağlı çoxsaylı suallar məruzəçi tərəfindən cavablandırılıb.