Azərbaycan pediatrlarının qurultayı keçirilib

 

Müxtəlif ölkələrdən olan 65-dən çox məruzəçi öz elmi işlini təqdim edib

İyunun 23-25-də Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci qurultayı keçirilib. Tədbirin açılış mərasimi ATU-nun Tədris Terapevtik Klinikasında baş tutub.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov giriş nitqi ilə çıxış edib. O, ölkə başçısı İlham Əliyevin müvafiq əmrinə əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu söyləyib: “Təbii ki, Azərbaycan Tibb Universiteti də Ümummilli Liderimizin nəsillərə örnək olan şərəfli ömür yoluna həsr edilmiş silsilə tədbirlər keçirir. ATU və Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) birgə təşkilatçılığı ilə keçirilən bu toplantımız da həmin tədbirlərdən biridir. Hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimiz səhiyyənin, xüsusilə də uşaqların sağlamlığına həmişə diqqət yetirirdi”.

Professor R.Bəylərov bildirib ki, uşaq infeksiyalarının tüğyan etdiyi zamanlarda UNICEF-in Azərbaycanla sıx əməkdaşlığı da Ulu Öndərin adı ilə bağlıdır: “Həmin dövrlərdə inkişaf etmiş ölkələrdən Azərbaycana keyfiyyətli peyvəndlər gətirildi və uşaqlar bu bəladan xilas edildi. O zaman biz Dünya Səhiyyə Təşkilatında və UNICEF-də çalışırdıq. Görürdük ki, Ulu Öndər qaçqın şəhərciklərinə gələndə ilk növbədə uşaqların sağlamlığı və yeməkləri ilə maraqlanır. Bütün sahələrdə, o cümlədən səhiyyə sektorunda qazanılan uğurlarda Heydər Əliyevin misilsiz xidmətləri vardı. Sevindirici haldır ki, onun ideyaları bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir”.

Son bir ayda Azərbaycan pediatriyasına üç ağır itki üz verdiyini də təəssüflə xatırladan prorektor, dünyasını dəyişən professorlar Surxay Musayev, Amaliya Əyyubova və Səfixan Həsənovanın pediatriya sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.

Konqresin proqramında ən aktual mövzuların öz əksini tapdığını vurğulayan prorektor, istər elmi, istərsə də praktik hissədə maraqlı müzakirələrin aparılacağına əminliyini ifadə edib və qurultayın işinə uğurlar arzulayıb.

Bundan sonra tədbir Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə və həmin kafedranın dosenti Qoşqar İsmayılovun moderatorluğu ilə davam edib.

Tədbirə onlayn qatılan Rusiya Federasiyasının Pediatriya Cəmiyyətinin sədri, akademik Leyla Namazovanın “Tibbi xidmətin keyfiyyəti. Pediatrlar nə edə bilər” mövzusunda məruzəsi dinlənilib. Məruzədə fərqli bölgələrdə aparılan araşdırmaların nəticələri, uşaq ölümlərinin statistikası və bu istiqamətdə pediatrların gördüyü və görə biləcəyi işlər öz əksini tapıb.

Növbəti məruzə ilə çıxış edən dosent Təranə Tağızadə əvvəlcə APA haqqında qısa məlumat verərək, assosiasiyanın 1930-cu ildə professor Əbülfəz Qarayev tərəfində yaradıldığını, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra, akademik Adilə Namazovanın sədrliyi dövründə daha güclü fəaliyyət göstərdiyini deyib. Bundan sonra “Müasir tibb təhsilində tibbi bioetikanın rolu”ndan danışan məruzəçi qeyd edib ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində tibbi bioetika üzrə xüsusi kurslar var. Onun sözlərinə görə, 2020-ci ildə akademik Adilə Namazovanın rəhbərliyi altında assosiasiyanın işçi qrupu tibbi bioetikanın tibb təhsilinə inteqrasiya edilməsi barədə Təhsil Nazirliyinə layihə təqdim edib. Azərbaycana dəvət olunmuş beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirə edilən layihə UNESCO-nun sessiyasında qəbul olunub.

“Tibbi bioetika həkimlə xəstə arasında olan bir münasibətdir. Bunu bir tərəfdən hüquq, bir tərəfdən də etik normalar idarə edir” – deyən məruzəçi, həkimin orta və kiçik tibb işçiləri ilə səmimi ünsiyyət qurmasının vacibliyinə də toxunub. Eyni zamanda xəstələrin hüquqları ilə yanaşı, həkimlərin də hüquqlarının qorunması məsələsində hələ də müəyyən problemlərin mövcud olduğunu diqqətə çatdırıb.

İyunun 25-də qurultay öz işini “Holiday Inn” hotelində davam etdirib. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda pediatriya sahəsinin inkişafı üçün yaradılan imkanlar, uşaqların sağlamlığı ilə bağlı dövlətin qayğısı, bu sahədə görülən tədbirləri əks etdirən sənədli film nümayiş olunub.

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxış edərək, uşaqların sağlamlığının qorunmasının dövlətimizin qarşısında duran prioritet məsələlərdən olduğunu qeyd edib. O, hələ erkən yaşlarından uşaqların müayinələrinin aparılmasının vacibliyinə toxunub. Nazir müavini həkimlərin pediatriya sahəsində əldə etdikləri nailiyyət və təcrübəni qurultayda bölüşməklə bu sahənin inkişafına öz töhfələrini verəcəklərini vurğulayıb. 

Natiqlərdən Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Rəşad Mahmudov, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, APA-nın prezidenti Təranə Tağızadə ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan geniş söhbət açıblar. T.Tağızadə pediatriya sahəsində müxtəlif problemlər və onların həlli yolları ilə bağlı məruzələrin dinləniləcəyini qeyd edib. Qardaş Türkiyədən də tanınmış mütəxəssislərin iştirak etdiyini və əldə olunan qabaqcıl təcrübənin ölkəmizdə də tətbiq olunacağını nəzərə çatdırıb.

Məlumat üçün bildirək ki, qurultay çərçivəsində 15 elmi paneldə Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Avropa və Asiya dövlətlərindən ümumilikdə 65-dən çox məruzəçi öz elmi işini təqdim edib. Tədbirdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçmişdi.