ATU-da imtahan prosesi yüksək səviyyədə davam edir

Ülkər Cəfərova: Suallar yaxşı tərtib olunduğundan, Apellyasiya Komissiyasına şikayətlər də azdır

Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başa çatmaq üzrədir. Bu semestr buraxılış kurslardan başqa bütün tələbələr imtahan verirlər. İmtahanların gedişi ilə bağlı məlumat əldə etmək üçün İmtahan Mərkəzində olduq.

ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Ülkər Cəfərovanın bildirdiyinə görə, iyunun 1-dən etibarən universitetdə bütün fakültələrin kursları üzrə imtahan sessiyası başlayıb: “İmtahanın gedişi demək olar ki, qaneedicidir. İmtahanlar başlayan gündən nəzarətçilərimiz tərəfindən tələbələrin üzərindən icazə verilməyən əlavə vasitələr aşkar olunmasa da, bir-birlərindən köçürmə hallarının olduğu müəyyən edilib. Bu səbəbdən bir-birindən köçürən tələbələrlə bağlı tərəfimizdən təqdimat yazılıb və nəticələri ləğv olunub. Hətta bir neçəsinə töhmət də verilib”.

Ü.Cəfərova testlərin mütəxəssislər tərəfindən hazırlanmasına da toxunub. Bildirib ki, nəzəri fənlərdə testlərin hazırlanması qənaətbəxşdir: “Klinik fənlərdə bir az suallarda dolaşıqlıq olur. Amma bütün kafedralar üzrə ekspertlərə icazə verilir ki, imtahan başlamamışdan 30 dəqiqə qabağadək İmtahan Mərkəzinə gəlib, düzəlişlər edə, dəyişdirə bilsinlər. Bu il suallar yaxşı tərtib olunduğundan, Apellyasiya Komissiyasına şikayətlər də az oldu. Bunu da testləri hazırlayanların öz üzərlərində işləməsi və prosesə daha məsuliyyətlə yanaşması kimi dəyərləndirmək olar”.  

İmtahana Nəzarət Qrupunun rəhbəri Pəri İsaqova da imtahan prosesinin gedişindən razıdır: “İmtahanlar öz axarı və qaydasında gedir. Tələbələr arasında qayda pozuntularına yol verənlərin nəticələri ləğv olunub. Cədvəl düzgün tərtib olunduğundan sıxlığa rast gəlmirik. Ona görə də heç bir problemimiz yoxdur. Bir az nəzarətçilərimizdən narazıyam. Onlar arasında imtahan prosesini izləməyə vaxtında gəlməyənlər var. İntizamsızlıqları barədə rəhbərliyə məlumat verilib. Yəqin lazımi ölçü götürüləcək”.

Nəzarətçi Səbinə Əliyeva imtahanlara nəzarətin qrupun rəhbəri P.İsaqova tərəfindən yaxşı təşkil olunduğunu deyib. Tələbələr tərəfindən bəzi qayda pozuntularına yol verilsə də, vaxtında qarşısını ala bildiklərini qeyd edib.

Mühafizəçilərdən Cahangir Eyvazov və Ulduz Xuramova da vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bildirirlər ki, bütün tələbələr yoxlamadan keçdikdən sonra imtahan zalına buraxılır. Texniki yazı vasitələrinin, telefon, saat, kibrit qutusu və s. içəri buraxılmasına icazə verilmir.

Bəs imtahan prosesi ilə bağlı tələbələrimiz nə düşünür?

İctimai səhiyyə fakültəsinin 2-ci kurs tələbəsi Nuranə Nəbili Farmokologiya fənnindən imtahan verib. Sevinclidir. Çünki yüksək nəticə əldə edib, 50 bal toplayıb. İmtahanların obyektiv aparılmasından, insan faktorunun müdaxiləsi olmamasından razılığını bildirir.

II Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi, Suriya vətəndaşı Tammam Staifi də imtahandan uğurla çıxıb. Farmakologiya fənnindən 46 bal toplayıb. O da çox rahat şəkildə imtahanları verdiyini deyir.

Həmin fakültənin tələbəsi Mürsəl Məmmədov da yaxşı nəticə göstərib. İmtahan verdiyi İctimai səhiyyənin əsasları fənnindən 46 bal toplayıb: “Bu, mənim üçün ən maraqlı fəndir. Sevə-sevə hazırlaşmışdım, nəticəsini gördüm. O biri imtahanlarıma da yaxşı hazırlaşıb, müvəffəqiyyət qazanmışam. Bir imtahanım qalıb. İnanıram ki, onu da verə biləcəm”.

II Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi, İran vətəndaşı İlahə Hadi və İctimai səhiyyə fakültəsinin 2-ci kurs tələbəsi Leyla Cavadova da imtahan zalını yüksək əhvalla tərk edənlərdəndir. Onlar imtahanın gedişindən razı qaldıqlarını bildirirlər.

Qeyd edək ki, İmtahan Mərkəzində olduğumuz vaxtda kimsənin imtahanın gedişi ilə bağlı narazılıq etdiyinin şahidi olmadıq. Bu da prosesin düzgün təşkil edilməsi, şəffaflıq və obyektivliyə lazımi səviyyədə riayət olunmasından irəli gəlirdi.