Araz Manuceri: Əksər hallarda hətta epizodik istifadə də sonradan xroniki xəstəliyə keçir

 

Psixoaktiv maddələrdən asılılıq təkcə tibbi deyil, həm də ictimai problemdir

 

Müasir dövrümüzün ən böyük problemlərindən biri el arasında “ağ ölüm” adlandırılan narkomaniyadır. “Əsrin bəlası” barədə suallarımızı cavablandıran müsahibimiz - ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuceri bildirib ki, “narkomaniya”, “narkoman” və “həkim-narkoloq” sözləri artıq rəsmi təbabətdə, diaqnostikada, xəstəliklərin beynəlxalq təsnifatında işlənmir:

“Belə bir anlayış hələ Azərbaycanda qalıb. İnkişaf etmiş ölkələrdə isə bu, psixoaktiv maddələrdən asılılıq və ya addiksiya, bu sahə ilə məşğul olan mütəxəssislər isə həkim-psixiatr adlanır. Bütün dünyada qəbul olunmuş bir termindir. Yəni narkologiya psixiatriyanın bir hissəsidir. Bunları biri-birindən ayırmaq düzgün deyil. Asılılıq halları elmi cəhətdən 2 qrupa - kimyəvi və qeyri-kimyəvi addiksiyaya bölünür. Kimyəvi addiksiyaya alkoqolizm, müxtəlif psixoaktiv maddələrdən asılılıq, qeyri-kimyəvi addiksiyaya isə qumar oyunları, internet, qida, şopinq, başqa cinsdən asılılıq və s. aiddir. Bu hallarda insanın beynində, davranışında, psixologiyasında və bədənində gedən biokimyəvi proseslər eynidir, heç bir fərqi yoxdur. Hər ikisində dofamin, adrenalin, noradrenalin, eləcə də opiat reseptorları aktiv iştirak edir”.

Mütəxəssisin sözlərinə görə, bütün asılılıqların 3 əsas mərhələsi var. Əvvəlcə qəbul edilən maddəyə qarşı orqanizmdə tolerantlıq, bundan sonra fiziki və psixoloji asılılıq yaranır: “Fiziki asılılıq zamanı ürəkdöyünmə, başgicəllənmə, sümüklərdə, oynaqlarda, bədəndə dözülməz ağrılar, qusma, diarreya və yaxud qəbizlik baş verir, xəstənin təzyiqi qalxır, düşür, yuxusu pozulur. Daha sonra psixoloji asılılıq əmələ gəlir. Yəni alkoqoldan asılı olan insan səhər-səhər durub 50-100 qram içməsə, öz işini görə bilməz. Alkoqol ilk növbədə onun fiziki tələbatını ödəyir. İkincisi, beyində opiat reseptorları ilə ünsiyyətə girərək həyəcan, təşviş, qorxu hissini aradan qaldırır. Narkotiklər də bu cür təsir göstərir. Həmçinin müxtəlif psixoaktiv maddələrin növündən asılı olaraq, əsas simptomlar da müddətinə, dərinliyinə və ağırlıq dərəcəsinə görə fərqlənir. İstər alkoqollu içkilərdən, istərsə də psixoaktiv maddələrdən epizodik istifadəni asılılıqdan ayırmaq lazımdır. Eyni zamanda unutmamalıyıq ki, əksər hallarda hətta epizodik istifadə də yavaş-yavaş xroniki xəstəliyə keçir. Neçə müddətdən sonra istifadənin xəstəliyə keçməsi narkotikin növündən, şəxsiyyətin invidiual psixoloji, fiziki, sosial durumundan, mühitindən, ətrafından, sosial mövqeyindən asılıdır. Psixostimulyatordan istifadə daha tez asılılıq yaradır. Ən tez asılılıq yaradan maddə isə tütündür”.

Bu xəstəliyin necə müəyyən edilməsi və müalicəsinin necə həyata keçirilməsinə də aydınlıq gətirən dosent A.Manucerinin sözlərinə görə, xəstə tam müayinədən keçəndən sonra özü şikayət edirsə, bu, diaqnozu asanlaşdırır. Əvvəlcə onun tolerantlığı, fiziki və psixi asılılığı araşdırılır: “Bədəndə psixoaktiv maddəni tapmaq və yaxud ekspertiza aparmaq üçün qan analizindən az hallarda istifadə olunur. Ekspertiza suallarında, bədəndə narkotikin təyin edilməsində daha çox sidik analizinə üstünlük verilir. Həmçinin saçdan, dırnaqdan, tüpürcəkdən analiz götürməklə də hansısa şəxsin narkotikdən istifadə edib-etmədiyini öyrənmək olar. Xüsusi dərmanlar vasitəsi ilə aparılan  başqa bir üsul da var. Belə ki, həmin dərmanlar narkotiklə, alkoqolla patoloji bir reaksiyaya girərək xəstədə ağır aclıq sindromu yaradır. Əlbəttə, müalicə tam mümkündür, amma ağır prosesdir. Müalicə prosesində xəstənin özünün sağalmağa çalışması da çox vacibdir.

Əvəzedici müalicə üsulu kimi Azərbaycanda metadon proqramı da həyata keçirilir. Proqramın tələbinə əsasən, həkim xəstəyə 1-ci dozanı təyin edir, bir müddətdən sonra dozanı tədricən azaldır. İdeal halda xəstə narkotikdən uzaqlaşır. Bunlar yaxşıdır, amma əsas müalicə üsulu psixoterapiyadır. Təəssüflər olsun ki, Azərbaycanda dövlət reabilitasiya mərkəzləri yoxdur. Bir neçə özəl reabilitasiya mərkəzində xəstələr uzun müddət qalaraq xüsusi terapiya keçirlər. Bu prosesdə həkimlər, psixoloqlar və artıq sağalmış keçmiş narkotik istifadəçiləri iştirak edirlər”.

Müsahibimiz psixoaktiv maddələrdən asılılığın təkcə tibbi deyil, həm də ictimai, sosial problem olduğunu diqqətə çatdırıb. Ayrı-ayrı cəmiyyətlərin eyni problemə fərqli münasibətindən bəhs edən həkim, Kanada, Almaniya, qonşu Gürcüstanda marixuananın qadağan edilmədiyini, eləcə də bəzi ölkələrdə dağınıq skolioz, epilepsiya, ağır onkoloji, şəkər xəstələrinə, ağır depressiyada olanlara marixuanadan dərman kimi istifadəyə icazə verildiyini bildirib.

Həkim-psixiatr psixoaktiv maddələrdən asılılıqdan müalicə olunanların eyni mühitə, eyni adamların yanına qayıtmamasını tövsiyə edir. Onun sözlərinə görə, reabilitasiya prosesi keçən xəstələrin hara, kimin yanına qayıtması, hansı işlə məşğul olacağı çox önəmlidir.