Azərbaycan Tibb Universitetinin təntənəli “Məzun günü” keçirildi

 

Rektor, professor Gəray Gəraybəyli: “Harada çalışacağınızdan asılı olmayaraq, universitetimizin adını həmişə yüksək tutacağınıza əminəm”

Azərbaycan Tibb Universiteti buraxılış tələbələrinin “Məzun günü” bu dəfə iyulun 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli şəkildə qeyd olundu. Məzunların sevincini bölüşmək üçün tədbirdə ATU-nun rəhbərliyi, əməkdaşları, tələbələr, Səhiyyə Nazirliyinin rəsmi şəxsləri, qonaqlar, eləcə də valideynlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Saleh Bağırov ölkəmizin ən qabaqcıl universitetlərindən biri olan Azərbaycan Tibb Universitetinin öz ənənəsinə sadiq qalaraq, növbəti məzunlarını müstəqil həyata yola saldığını bildirdi: “Siz məzunlar 6 il əvvəl məktəb sıralarından universitet həyatına qədəm qoyub tələbə adı qazanarkən nə qədər həyəcanlı və sevincli idinizsə, bu gün tələbəlik illəri ilə vidalaşarkən də bir o qədər həm sevincli, həm də həyəcanlısınız. Çünki universiteti tərk edib həkim ordusu sıralarına qoşulursunuz. Bu həm çox məsuliyyətli, həm də şərəfli bir addımdır. Heç təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirir, onları daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilimizin inkişafı naminə həmişə seçilən tələbələri diqqət və qayğı ilə əhatə edir. Yüksək balla universitetlərə qəbul olunan tələbələrin Prezident təqaüdü ilə mükafatlandırılması buna bariz nümunədir”.

Aparıcı, son illər həyata keçirilən islahatların nəticəsi olaraq, Tibb Universitetinin bir sıra uğurlara imza atdığını qeyd etdi. Bildirdi ki, belə uğurlardan biri də universitetimizin tədris proqramlarının 2022-ci ildə beynəlxalq akkreditasiyadan uğurla keçməsi olub. Bu münasibətlə ATU-nun kollektivini təbrik edən S.Bağırov, məzunlara gələcək həkimlik fəaliyyətində uğurlar arzuladı.

Dövlət Himni səsləndirildikdən sonra təbrik nitqi ilə səhiyyə naziri Teymur Musayev çıxış etdi. Nazir 1993-cü ildə Azərbaycan Tibb Universitetinin məzunu olduğunu və bununla fəxr etdiyini bildirdi.  O, “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını qeyd etdi: “Məzunlarımıza arzularının reallaşdığı bu möhtəşəm tədbirdə səhiyyə ictimaiyyəti adından “aramıza xoş gəldiniz” deyirəm. Sizlərə peşə rifahı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

Nazir Azərbaycanda səhiyyə sahəsinə həmişə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini də xatırlatdı: “Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın bu il yubiley tədbirləri respublikanın bütün ərazisində təntənəli şəkildə keçirilir. Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi, səhiyyə və təhsildə də inkişaf Ulu Öndərin adı ilə bağlıdır. Milli kadrların hazırlanması istiqamətində lazımi töhfələrini verən Ümummilli Lider, o zaman SSRİ-nin ittifaq səviyyəli tibb müəssisələrində elmi-tədqiqat işlərini davam etmək, təcrübələrini artırmaq üçün aspirant və doktorantların göndərilməsinə şərait yaradırdı. Bu gün həmin kadrlar yeni nəsil həkimlərin yetişməsində müstəsna rol oynayır.

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanı da Azərbaycan Tibb Universiteti ilə qırılmaz tellər bağlayır. Universitetimizin məzunu olan Zərifə xanım təbabətin inkişafına böyük töhfələr verib. Onun əsərləri ilə yetişən və püxtələşən tələbələri və məktəbinin davamçıları hazırda da mütəxəssislərin yetişməsində öz bilik və bacarıqlarını əsirgəmirlər”.

Nazir T.Musayev bu gün qocaman təhsil ocağının yeni nəsil təhsil standartlarına əsaslanaraq və müasir informasiya texnologiyalarından istifadə edərək, beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğuladı. Nəzərə çatdırdı ki, hazırda ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində hər sahədə inkişaf gedir: “O cümlədən əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunub. Səhiyyənin tərəqqisi daim dövlətimizin diqqət mərkəzindədir. Səhiyyənin inkişafı üçün güclü islahatlar aparılır. Rəqəmsallaşma, təminatlı və keyfiyyətli tibbi xidmət istiqamətində kifayət qədər işlər görülür.  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir. Tibb işçilərinin əməyi, fədakarlığı daim yüksək qiymətləndirilir”.

Nazir, həmçinin həkimlərimizin Vətən müharibəsində göstərdikləri fəaliyyətə də diqqət çəkdi. Bildirdi ki, 44 günlük müharibədə həkimlik andına sadiq qalan tibb işçilərimiz hər bir yaralıya zəruri xidmət göstərib, neçə-neçə döyüşçülərimizin həyatını xilas edib. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən müharibənin gedişində 159 tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli “Məzun günü”ndə iştirak etdiyi üçün səhiyyə naziri Teymur Musayevə, nazirliyin rəsmilərinə, qonaqlara, məzunların valideynlərinə təşəkkürünü bildirdi: “Əziz məzunlar, bu gün sizin həyatınızda əlamətdar bir hadisə baş verir. Siz artıq tam sərbəst, müstəqil həyata başlayırsınız. 6 il öncə Tibb Universitetinin auditoriyalarına qədəm qoymusunuz. Bu 6 il ərzində Azərbaycan Tibb Universitetinin böyük ailəsinin üzvü olmusunuz. Sizin tələbəlik həyatınız kifayət qədər mürəkkəb və rəngarəng olub. Belə ki, oxuduğunuz dövrdə pandemiya baş verib, dərsləriniz fərqli formatda keçirilib. Bununla yanaşı, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibədə 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad olunub. İstər pandemiya, istər müharibə və istərsə də müharibədən sonrakı dövrlərdə tələbələrimiz xəstələrimizə, qazilərimizə tibbi yardım göstərməkdə böyük fədakarlıq nümayiş etdiriblər. Onların sırasında siz məzunların adlarını da fəxrlə çəkə bilərəm”.

Professor G.Gəraybəyli qeyd etdi ki, bundan sonra məzunların bir çoxu praktik fəaliyyətlə məşğul olacaq, bəziləri tibb elmində araşdırmalarını davam etdirəcək, bəziləri isə müəllimlik sənətini seçəcək: “Seçdiyiniz fəaliyyət növündən asılı olmayaraq, sizlərə müvəffəqiyyətlər və uğurlar arzulayıram. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda fəaliyyət göstərdiyiniz zaman bir məzun kimi, Azərbaycan Tibb Universitetinin adını həmişə yüksək tutacağınıza əminəm”.

Sonra universitetin Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov 2023-cü il məzunlarına həkim adının verilməsi ilə əlaqədar müvafiq əmri oxudu. Departament rəhbərinin çıxışından məlum oldu ki, bu il Azərbaycan Tibb Universitetini I Müalicə-profilaktika fakültəsi üzrə 393, II Müalicə-profilaktika fakültəsi üzrə 371, Stomatologiya fakültəsi üzrə 224, Əczaçılıq fakültəsi üzrə 115, İctimai səhiyyə fakültəsi üzrə 69, o cümlədən Hərbi tibb fakültəsi üzrə 45 – ümumilikdə 1217 nəfər bitirib. Onlardan 152 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Məzunların 389 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Sonra Hərbi tibb fakültəsinin məzunu Nicat Nəsiblinin cümlə-cümlə oxuduğu Həkim Andını təkrarlayan məzunlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanacaqlarına söz verdilər.

Təhsilini əla qiymətlərlə başa vuran məzunlara - Səbinə Feyzullayeva, Çinarə Kərimova, Xariqə Əzimli, Aysun İtifatlı, Şövkət Qasımova, Şölə Aslanova, Elnurə Məmmədova, Günel Bağırova, Turan Zeynalova və Coşqun Adilova səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən diplomlar təqdim olundu.

Məzun tələbələr adından I Müalicə-profilaktika fakültəsinin məzunu, Prezident təqaüdçüsü Səbinə Feyzullayeva çıxış etdi: “Mən 2017-ci ildə Azərbaycan Tibb Universitetinə yüksək balla, Prezident təqaüdü ilə daxil olmuşam. Təhsil aldığım 6 il ərzində əla qiymətlərlə təqaüdümü qoruyub saxlamışam. Bu səviyyədə qalmağım üçün illərlə əlimdən gələni etmişəm və bu gün Azərbaycan Tibb Universitetinin məzunu olaraq həkim adını qazanıram. Bu müddət ərzində ömrüm boyu mənə faydalı olacaq təcrübə əldə etdim, etibarlı dostlar qazandım, dəyərli müəllimlərimdən dərslər aldım. Bizə göstərdikləri diqqət və qayğıya görə məzunlar adından cənab rektorumuza, bizə dəstək olan valideynlərimizə, hər problemimizdə bizə yardım edən, həmişə yanımızda olan dekanımıza, dekan müavinlərimizə dərin təşəkkürümü bildirirəm”.

Daha sonra ATU-da təhsil aldığı müddətdə universitetin ictimai həyatında fəal iştirak edən tələbələr mükafatlandırıldı. Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev II Müalicə-profilaktika fakültəsinin məzunu Kamran Əliyevə, Əczaçılıq fakültəsinin məzunu Məryəm Abdullayevaya, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov II Müalicə-profilaktika fakültəsinin məzunu Nihat Novruzova, Stomatologiya fakültəsinin məzunu Anar Dünyamalıyevə, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov Hərbi tibb fakültəsinin məzunu Nicat Nəsibliyə, İctimai səhiyyə fakültəsinin məzunu Emilya Hacıhəsənovaya, Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov I Müalicə-profilaktika fakültəsinin məzunu Rəşad Abızadəyə, II Müalicə-profilaktika fakültəsinin məzunu Zahid Azayevə,  Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev I Müalicə-profilaktika fakültəsinin məzunu Laçın Mehdipura və II Müalicə-profilaktika fakültəsinin məzunu Sevda Əzimovaya mükafatları təqdim etdilər.

Bu il fakültələr üzrə məzun tələbələr arasında “Ən yaxşı müəllim” nominasiyası üzrə keçirilən sorğuya əsasən isə, I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov I Uşaq xəstəlikləri kafedrasının assistenti Bəyaz Babayevaya, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayevə, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov Ağız və üz-çənə kafedrasının assistenti Oktay Mehtiyevə, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva Biokimya kafedrasının assistenti Hikmət Məmmədova, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İskəndərova, Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov Tibbi-profilaktika kafedrasının rəisi, tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanova mükafatları təqdim etdilər.

Tədbir davam edərkən bu il universitetimizi fərqlənmə diplomu ilə bitirən məzunların bəziləri və valideynlərinin təəssüratlarını öyrəndik. I Müalicə-profilaktika fakültəsinin məzunu Xariqə Əzimli özünü çox xoşbəxt hiss etdiyini, sevincli olduğunu bildirdi: “Diplomumun hörmətli nazir tərəfindən təqdim olunması mənə bir daha qürur verdi və üzərimə əlavə məsuliyyət qoydu. Qazandığım uğurlarıma görə Tibb Universitetinin professor-müəllimlərinə təşəkkür edirəm. Bu təşəkkürdən heç şübhəsiz ki, əziyyətimi çəkən, məni qayğılardan uzaq tutan valideynlərimə də pay düşür”.

Xariqənin atası Xanoğlan Əzimov da qızının məzun olmasına görə çox sevincli idi: “I Qarabağ müharibəsi veteranı kimi ən xoş hisslərimi indi keçirirəm. O vaxt şahidi olduğumuz ağır günlərdən sonra fikirləşirdim ki, görəsən xoş günlər də yaşayacağıqmı? Nəhayət, bu günləri gördüm. Torpaqlarımız 44 günlük müharibədə işğaldan azad olundu. Bir millət olaraq sevindik. Ötən il böyük qızım Fəzanə Əzimzadə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdi. Bu il də Xariqə məzun oldu. Yenə də sevincliyəm. Oğlum isə Tibb Universitetinin 4-cü kurs tələbəsidir, Prezident təqaüdçüsüdür. Bundan xoş gün nə ola bilər?” 

Məzun olmağın sevincini yaşayan Şölə Əliyeva tibb təhsilini Türkiyədə davam etdirmək niyyətindədir. Zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Anası Səfiyyə Əliyeva da qızının bir həkim kimi yetişməsində müəllimlərin xeyli əziyyəti olduğunu dedi və professor-müəllim heyətinə minnətdarlıq etdi.

Tədbirdə qeyd olundu ki, Azərbaycan Tibb Universitetində yerli tələbələrlə yanaşı, 43 müxtəlif ölkədən - Türkiyə, İran, İordaniya, Suriya, İraq, Pakistan, Sudan, Rusiya Federasiyası, Yəmən, Fələstin, İsrail, Misir, Nigeriya, Hindistan, İsveç, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Livan, Liviya, Çin və s. ölkələrdən çoxlu sayda əcnəbi tələbə təhsil alır. Universitetin rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti onlara xüsusi qayğı ilə yanaşır, peşəkar həkim kimi yetişmələri üçün əllərindən gələni əsirgəmirlər.

Universitetin Himni səsləndirildikdən sonra Hərbi tibb fakültəsinin məzun tələbələrinin təntənəli şəkildə sıra keçidi oldu.

Rəsmi hissənin ardınca universitetin “Şəfa” xalq çalğı alətləri və “Çinar” rəqs ansambllarının rəngarəng çıxışları alqışlarla qarşılandı. Xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Mətanət İsgəndərli, “Star band” və digər qrupların bir-birindən gözəl ifaları isə məzunlar arasında coşqu yaratdı.

Beləcə, Azərbaycan Tibb Universiteti növbəti dəfə öz məzunlarını müstəqil həyata pərvazlandırdı.