Dağınıq skleroz xəstəliyinə dair seminar keçirilib

İyulun 6-da ATU-nun Tədris Terapevtik Klinikasında Nevrologiya kafedrası Şüa diaqnostikası və şüa terapiyası kafedrası ilə birgə rezidentlər üçün növbəti seminar təşkil edib.

Seminarı giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsi müdirinin müavini, assistent Namiq Xəlilov tədbir iştirakçılarını salamlayaraq ənənəvi qaydada keçirilən seminarların rezidentlər üçün faydasından söhbət açıb. O qeyd edib ki, rezidentlərin elmi fəaliyyəti universitet rəhbərliyinin diqqət mərkəzindədir və indiyədək təşkil olunan bütün seminarlar tibbin ən aktual sahələrini əhatə edib. N.Xəlilov universitetin iki kafedrasının birgə seminarında “Dağınıq skleroz” və “Dağınıq sklerozun diaqnostikasında MRT-nin rolu” mövzularında təqdim edilən məruzələrin də maraqla qarşılanacağına əminliyini bildirib.

Sonra məruzəçilərə söz verilib. “Dağınıq skleroz” (DS) xəstəliyi barədə məlumat verən Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyova slaydla adıçəkilən mövzunu diqqətə çatdırıb. O bildirib ki, bu, sinir sisteminin iltihabi xəstəliyidir və sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır: “Dağınıq skleroz” multifaktorial xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliliyin qarşılıqlı təsiri ilə şərtlənir. İndiyədək xəstəliyin yaranmasında ilkin səbəb olan hər hansı bir virus aşkarlanmayıb. DS-in patogenezində immun sistemin vəziyyəti böyük əhəmiyyətə malikdir”.

Professor xəstəliyin kliniki təzahürləri barədə qeyd edib ki, xroniki, vaxtaşırı kəskinləşmə ilə keçir və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olur: “DS əksər hallarda 20-40 yaşda başlayır, lakin bəzi hallarda uşaq və yaşlı insanlarda da ola bilər. Xəstəliyə kişilərə nisbətən gənc qadınlarda üç dəfə böyük tezliklə təsadüf edilir. Xəstəliyin patoqnomonik göstəriciləri mövcud deyil. Əksər hallarda bu diaqnozun təsdiq edilməsinə xəstəliyin remissiya və kəskinləşmə ilə müşayiət edilən yavaş proqressivləşməsi və klinik polimorfizmi əsas verir. Anamnezində 20 il və daha artıq dağınıq sklerozla xəstə olan şəxslərin populyasiyasında ümumi populyasiya ilə müqayisədə orta yaşam müddətinin 6-7 il qısalması qeyd olunur. Ölüm 50-70% hallarda bu xəstəliklə əlaqəli olur. Xəstəliyin başlanmasından 10 il sonra pasiyentlərin 30-37%-i yalnız başqasının köməyi ilə hərəkət edir. 20 ildən sonra isə xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir”.

A.Məmmədbəyovanın sözlərinə görə, dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər. Spesifik simptomlar (hissi pozulmalar, kəskin və xroniki ağrılar, əzələ zəifliyi, əzələ spazmları, koordinasiya, nitq pozulması, görmə problemi, yorğunluq hissi və s.) zədələnmə ocağının mərkəzi sinir sistemində yerləşdiyi yerdən asılıdır: “DS zamanı ən çox rast gəlinən piramid traktın zədələnməsidir – 90% və bu, xəstələrin əlilliyinin əsas səbəbidir. Aşağı ətraflar yuxarı ətraflara nisbətən daha çox zədələnirlər. Spastiklik çox vaxt parezlərdən daha qabarıq olur. Hissiyyatın pozulmasına xəstələrin 85-90%-də rast gəlinir. Erkən mərhələlərdə paresteziyalar, dizesteziyalar, ağrı hissinin mozaik pozulması, vibrasion hissiyyatın enməsi müşahidə edilirsə, daha gecikmiş mərhələlərdə səthi və proprioseptiv hissiyyatın naqil və nadir hallarda seqmentar pozuntuları aşkar edilir”. 

Məruzəçi çıxışında bildirib ki, müxtəlif coğrafi xüsusiyyətləri olan məkanlarda xəstəliyin yayılması 100 min əhaliyə 2-200 nisbət təşkil edir: “Ekvatordan uzaqlaşdıqca, dağınıq sklerozun yayılmasında artım müşahidə edilir. Bundan ölüm halları yüz min əhaliyə 2 nəfər təşkil edir. 50% hallarda ölümün səbəbi pnevmoniya və sidik yollarının infeksion xəstəlikləri kimi ağırlaşmalar olur. DS-in inkişafında həm xarici faktorlara (virus infeksiyaları, insolyasiya, D vitamini çatışmazlığı, tütünçəkmə, mikrobiotanın vəziyyəti), həm də bu xəstəliyə genetik meyillilik ilə əlaqəli olan immun tolerantlığın pozulmasına əhəmiyyət verilir”.

Şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşı, həkim-radioloq Gülər Qorçiyeva dağınıq sklerozun diaqnostikasında MRT-nin rolu ilə bağlı deyib ki, bu xəstələrin müalicəsi dövlətimizin nəzarətindədir. Prezident İlham Əliyevin ölkədə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair imzaladığı Dövlət Proqramında bildirilir ki, il ərzində ölkədə hər yüz min nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır. Statistik məlumatlara görə isə, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyondan artıqdır: “MRT-nin DS-in diaqnozunda mühüm rolu var. Çünki MRT çoxsaylı lezyonları göstərə bilər - onların bir çoxu ilk təqdimat zamanı klinik olaraq gizlidir və MRT təqib skanlarında yeni lezyonları yeni simptomların meydana gəlməsindən xeyli əvvəl göstərə bilər. DS-in erkən diaqnozu müalicəyə daha erkən başlamağa imkan verir və proqnozu yaxşılaşdırır. Xəstənin kliniki olaraq DS-dən şübhələndiyi zaman belə, biz hələ də bu lezyonların təsadüfi yaşa bağlı tapıntılar deyil, həqiqətən də DS-ə işarə edib-etmədiyinə qərar vermək üçün dərin ağ maddəni diqqətlə öyrənməliyik.

Əgər xəstədə kliniki olaraq DS-dən şübhə varsa və MRT şəkilləri bu diaqnozu dəstəkləyirsə, o zaman digər xəstəlikləri nəzərə almamalısınız. Əgər xəstədə kliniki olaraq DS-dən şübhələniriksə və çoxsaylı ağ maddə lezyonları tapılıbsa, DS və kiçik damar xəstəliyini bir-birindən differensasiya etməli və yaxud DS-dən şübhələnmiriksə və təsadüfən ağ maddə lezyonları aşkarlanıbsa, dağınıq skeleroz haqda düşünməliyik”.

Həkim əlavə edib ki, MRT görüntülərində qeyri-normal təzahürlər aşkar edildikdə, həkim adətən təfsilatlı tibbi anamnezi toplayır və nevroloji müayinə aparır: “RİS asimptomatik olduğuna görə, bir çox hallarda dəqiq diaqnostika çətin ola bilər. Həkim, eləcə də onurğa beyni mayesinin analizini yoxlaya bilər. Oxşar simptomların digər ehtimal edilən səbəblərini inkar etmək üçün qan analizləri aparılması mümkündür. RİS olan pasiyentlər onlarda prosesin DS-ə doğru inkişaf etməsini inkar etmək üçün vaxtaşırı müayinələrdən keçməlidir. RİS-in müalicəsi tələb olunmur, amma mütəmadi müayinələr aparılmalıdır”.

Rezidentlərin marağına səbəb olan seminarın sonunda məruzəçilər onların suallarını cavablandırıb.

Tədbirdə Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva, eləcə də hər iki kafedranın əməkdaşları və həkim-rezidentlər iştirak edirdilər.