Əməkdaşımız elmi-praktik regional konfransda çıxış edib

 Avropa Asiya Mama Ginekoloqlar Dərnəyi iyunun 23-25-də Quba rayonunda Səhiyyə Nazirliyinin ET Mamalıq və Ginekologiya İnstitutu ilə birgə elmi-praktik regional konfrans keçirib. Mamalığın aktual problemlərinə həsr edilmiş konfransda ATU-nun I Mamalıq-ginekologiya kafedrasının assistenti, t.ü.f.d. Sevinc İsmayılova “Hamiləlik dövründə anormal servikal sitologiya: aparılma taktikası” mövzusunda məruzə ilə çıxış edib.

Hamiləlikdə uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostika və müalicə taktikasının klinisist həkimlər üçün çətinlik yaratdığını söyləyən məruzəçi bildirib ki, hamilələrin uşaqlıq boynu xəstəliklərinin diaqnostikası, müalicəsi, doğuş taktikasının seçilməsi və hamilələrin monitorinqi haqqında məlumatlar ədəbiyyat və elmi-praktik tövsiyələrdə kifayət qədər işıqlandırılmır. Onun sözlərinə görə, hamilələrdə uşaqlıq boynu xərçənginin erkən mərhələlərdə aşkarlanması ümumi populyasiya ilə nisbətdə 3 dəfə yüksəkdir: “Qadınlarda uşaqlıq boynunun sitoloji skrininqinin təşkilinin qeyri-müntəzəm olması, uşaqlıq boynunun xoşxassəli xəstəlikləri, o cümlədən servikal intraepitelial neoplaziyalar ilkdoğan qadınlarda bir çox hallarda ilk dəfə hamiləlik müddətində aşkarlanır. Dünyada qəbul olunmuş standartlara əsasən, hamilə qadının ilk həkim qəbulunda uşaqlıq boynunun sitoloji müayinəsi aparılmalıdır. Belə bir yanlış fikir yaranıb ki, servikal fırçanı endoserviksə daxil etdikdə uşaqlıq boynuna əlavə zədə törədilir, bu da hamiləliyin gedişinə təhlükə yarada bilər. Sitoloji müayinənin kolposkopiya ilə yanaşı aparılması 2 məsələni həll etməyə kömək edir. Sitoloji müayinə zamanı əhəmiyyət kəsb etməyən nəticələr olduqda, kolposkopiya müayinəsi gizli ağır dərəcəli displaziyaları aşkar etməyə kömək edir, əhəmiyyət kəsb edən nəticələri aldıqda isə kolposkopiya gələcək taktikanın seçimində yardımçı olur”.

Həkim-ginekoloq onu da diqqətə çatdırıb ki, hamiləlik müddətində servikal patologiyalar aşkar olduqda, bu problemlərə aqressiv yanaşmaq lazım deyil, ağır cərrahi manipulyasiyalar, məsələn, endoservikal küretaj aparmaq məsləhət görülmür: “Bu yanaşma gələcək analar üçün çox böyük stresdir. Son illər ərzində hamilədə CIN 2,3 patologiyası aşkarlandıqda, aqressiv müalicə taktikası konservativ-gözləmə taktikası ilə əvəz olunub. Bir sıra tədqiqatlara əsasən, uşaqlıq boynunun ekssiziyası vaxtından qabaq doğuşların riskini artırır, tədqiqatçıların digər qismi isə ekssiziyanın heç bir mənfi təsirinin olmamasını qeyd edir. Buna baxmayaraq, Tibbi Onkologiyanın Avropa cəmiyyəti ekssizion biopsiyanı təhlükəsiz müayinə metodu hesab edir. Amerika kolposkopiya və uşaqlıq boynunun patologiyası Cəmiyyəti 2011-ci ildə bir neçə tövsiyə tərtib edib. Həmin tövsiyələrə görə, gənc hamilə qadınlarda CIN II-III diaqnozu təsdiqləndikdə, daimi diqqətli müşahidənin aparılması optimal sayılır və ekssiziya yalnız uşaqlıq boynu xərçənginə şübhə olduqda aparılır”.

Konfrans iştirakçılarının mövzuya aid suallarını da cavablandıran S.İsmayılova, müasir dövrdə hamilələrdə uşaqlıq boynunun displaziyalarına diaqnostik və müalicəvi yanaşma taktikasının dünya ölkələrində əhəmiyyətli dərəcədə fərqləndiyini vurğulayıb.