“Xocalının bir gecənin içərisində yer üzündən silinməsi, sakinlərinin yeri-göyü yandıran fəryadları özlərini dünyanın humanistləri adlandıranlara ya çatmadı, ya da eşitmək istəmədilər”.
Bu sözlər Xocalıda doğulan və o müdhiş günlərin ağrı-acılarını yaşayan, doğmaları ermənilərin qəniminə çevrilən, Azərbaycan Tibb Universitetinin professoru Mübariz Allahverdiyevə məxsusdur.
M.Allahverdiyev 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib təyinatla Xankəndinə gedəndə DQMV-nin səhiyyə şöbəsinin müdiri A.Atayan deyib ki, səni işlə təmin edə bilmərəm, yerimiz yoxdur. Səmərqənddən gəlmiş milliyyətcə erməni həkim də həmin vaxt onun qəbulunda olub. Azərbaycanlıya “yerim yoxdu” bəhanəsini gətirən şöbə müdiri ermənini elə o gün işə qəbul edib.
Çox xahiş-minnətdən sonra onu işlə təmin ediblər, amma elə yerə göndəriblər ki, oradan ermənilər imtina edirdilər. Ağdamın yaxınlığında, əhalisi ermənilərdən ibarət Naxçıvanik adlı bir kənd vardı. Abdal-Gülablı kəndi ilə sərhəddə yerləşən həmin yaşayış məntəqəsində bir il işləyir. Sonra iş yerini “ixtisara” salıb yaşlı erməni qadın həkimini onun yerinə göndərirlər.
Ermənilər çirkin niyyətlərinə çatmaq üçün hər cür təxribata əl atırdılar. Dağlıq Qarabağı Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək planlarını həyata keçirmək niyyətlərini artıq gizlətmirdilər: “Bunun üçün bir bəhanə - münaqişə, təxribat və s. kimi səbəb axtarışındaydılar. O zamanlar ulu öndər Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi və belə məsələlərin qarşısını qətiyyətlə alırdı. 1967-ci ildə ermənilər Qarakənddə Ərşad adlı orta məktəb müəlliminin üstünə böhtan atıb həbs etdirdilər. Guya məktəb direktorunun uşağını öldürüb. Sonra məlum olmuşdur ki, həmin uşağı erməni millətindən olan müəllimin öz dostu öldürtdürüb.
1967-ci il iyul ayının 7-də Ərşad müəllim Şuşadan Xankəndiyə Vilayət Məhkəməsinə gətirilir. Ermənilər tələb edirlər ki, Ərşad müəllimə güllələnmə kəsilsin. Moskvadan gəlmiş nümayəndələr 15 il həbs cəzası ilə kifayətlənməyi məsləhət bilsələr də, onlar sakitləşmirlər. Məhkəmə keçirilən binadan çıxanda ermənilər onların maşınını daşqalaq edib yandırır, Ərşad müəllimin başını daşla əzib, sonra da kəsib İrəvana göndərirlər. Həmin məhkəmə prosesindən sonra baş vermiş qanlı hadisədə, yəni Ərşadın amansızcasına qətlində iştirak etmiş ermənilərdən məhz Heydər Əliyevin işə ciddi müdaxiləsindən sonra 75-i həbs edilir. Ərşadın günahsızlığı sübut olunur, ermənilər isə haqlı cəzalarına çatırlar.
Sirr deyil ki, o zamanlar Heydər Əliyev ermənilər tərəfindən aparılan antiazərbaycan siyasətinə sinəsini sipər etmişdi. Ona görə də ulu öndərin Kremldən uzaqlaşdırılması planı cızıldı. M.Qorbaçovun ətrafındakı Şahnazaryan, Aqambekyan, Kaputikyan və başqaları bu məkrli planların müəllifləri idilər.
1988-ci il fevralın 12-də ilk nümayiş-mitinqlər keçirildi və azərbaycanlıların Dağlıq Qarabağda qara günləri başladı. O vaxt Heydər Əliyev artıq vəzifədən uzaqlaşdırılmışdı.
Həkimin söylədiklərindən: “Bacım Yaqut Allahverdiyeva Xankəndidə həkim işləyirdi. Çalışdığı şöbənin müdiri onun başını divara döymüşdü ki, sizdən Sumqayıtın qisasını alacağıq, rədd olub gedin! Onu o cür döyüb-söyüb, təhqir edərək fevral mitinqindən sonra işdən qovmuşdular. Qardaşım Eldəniz Allahverdiyev də o zaman Xankəndidə, vilayət xəstəxanasında çalışırdı. Həmin hadisələr başlayandan sonra onu da işdən çıxarıb göndərdilər Şuşaya. Xocalı rayon statusu aldıqdan sonra orada baş həkim işləyirdi. İndiki Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyev o zaman Cəmillidə işləyirdi. Cəmilli Xocalıdan əvvəl yandırıldı. Ona görə də gəlib Xocalıda işləyirdi. Naxçıvanikdə onu da əsir götürmüşdülər. Sonra erməni əsiri ilə dəyişdirildi”.
Xocalıların əsasən qətlə yetirildiyi, amansızcasına məhv edildiyi yer Naxçıvanik kəndi idi. Guya orada “humanitar koridor” qoymuşdular ki, xocalılılar çıxa bilsin. Əslində, həmin dəhliz - ermənilərin pusqu qurduğu keçid xocalılıları ölüm düşərgəsinə aparırdı.
...Fevralın 18-də, bazar günü ermənilər Xankəndidə mitinq keçirib qərara alırlar ki, getsinlər Xocalının üstünə: yandırmağa, xocalıları son nəfərinə kimi məhv etməyə, yaxud da qovub çıxarmağa. O vaxta kimi onlar Meşəli və Cəmilli kəndlərini yandırmışdılar. Xocalı isə daha strateji məntəqə idi. Yol üstündəki təhlükə kimi, onu aradan götürmək istəyirdilər. Həm də Ermənistanla hava yolu ancaq Xocalı vasitəsilə mümkün idi. 10 min nəfər erməni mitinqdən sonra Xocalıya yürüş etmişdi. Mübariz müəllim sözünə davam edərək deyir: “KamAZ” maşınlarını daşla, dəmirlə, armaturla... doldurmuşdular. Xocalı aeroportu ilə şəhərin arasında bir qədər məsafə var idi. Ağdamdan Şuşaya getmək istəyən bir maşın adam canlarını birtəhər qurtarıb uzaqlaşmışdılar. Xocalıda o gün toy var idi. Yadımdan çıxmaz, qızın uzun hörüklərini kəsib, başına kişi papağı qoydular ki, tanınmasın. Qız-gəlini çayın o biri tərəfinə keçirdilər ki, ələ düşməsinlər. Orada cəmi on-on beş nəfər cavan var idi. Bu cavanlar on mindən artıq erməni yaraqlısının qarşısına çıxmışdılar. Ona görə də hücum edən ermənilər ciddi müqavimətlə qarşılaşmadılar. Evlərə od vurub yandırdılar, dükan-bazarı darmadağın etdilər. Bizim cavanların arasında Yavər Mənsimov adlı bir nəfər var idi. Onun qəhrəmanlığının şahidi oldum. Sonra o, yaşadığı həyəcanlardan ürəyi xəstəlik tapdı, doğrudur, orada şəhid olmadı, amma Bakıda çox çəkmədi, dünyasını dəyişdi. Belə “səssiz ölümlər” sonralar digər işğal olunmuş ərazilərin insanları arasında hər gün bir neçə yerdən eşidilməkdəydi. Yavər qabaqda gələn “KamAZ”ın kabinəsinə atılaraq sürücünü dartıb yerə saldı. Orada ermənilərlə xocalılıların arasında əlbəyaxa döyüş başlamışdı. Ermənilərin qabağında gələnlər Ermənistandan göndərilmiş ağ paltarlı, saqqallı quldurlar idilər. Bizim uşaqlar “KamAZ” maşınlarını onların əllərindən alıb özlərinə tərəf sürdülər və bununla ermənilərin gözünü qırdılar. Ermənilər geri qaçmağa başladılar. 1988-ci il senytabrın 19-dan 20-nə keçən gecə Xankəndidə yaşayan azərbaycanlıların evlərinin demək olar ki, hamısını da yandırdılar”.
Həmin hadisədən dərhal sonra “İzvestiya” qəzetində belə bir məqalə dərc edilmişdi. SSRİ Ali Sovetinin erməni əsilli deputatları M.Qorbaçova müraciət etmişlər. Müraciətdə göstərilirdi ki, Xocalıda azərbaycanlılar erməniləri qırıblar. Guya həmin hadisədə Xocalıda 70 erməni öldürülüb. Başdan-ayağa yalan, böhtan və iftira idi.
1992-ci ildən sonra Dağlıq Qarabağa getmək çox çətin idi. Həmin il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan vertolyot vurulmuşdu. Terror hadisəsində Tibb Universitetinin bir tələbəsi də şəhid olmuşdu. Bu, vertolyotla Şuşaya sonuncu uçuş idi. Hələ 1989-cu ildə ermənilər Xankəndidən qrad qurğusu ilə Mübariz müəllimin ata evini dağıtmışdılar. 90 yaşlı atası o günə kimi inanmırdı ki, ermənilər belə nankorluq etsinlər. O zaman atasının beyninə qan sızmış və dünyasını dəyişmişdi.
1991-ci ilin payız aylarında ermənilər Ağdama gedən, içərisi camaatla dolu sərnişin avtobusunu Əsgəranda gülləbaran etmişdilər. Bir erməni əsiri xocalıları xəbərdar etmişdi ki, fevralın 25-də, ya da 26-da Xocalıya hücum ediləcək. Demək, bu hücum əvvəlcədən hazırlanırdı: “Həmin qanlı gecənin səhərisi, yəni fevralın 26-da Bakıdan Ağdama getdim. Qətlə yetirilən xocalıların meyitləri və yaralıları Ağdama daşınırdı. Həmin gün Ağdamın məscidi meyitləri tutmurdu. Rəsmi məlumatda isə öldürülənlərin sayı cəmi 3 nəfər göstərilirdi”.
Bir gün ərzində Ağdam Mərkəzi Xəstəxanasına daşınan yaralılardan 350-sinin adını qeydiyyata təkcə özü alan Mübariz Allahverdiyev gecə Bakıya qayıtmalı olur. Məsciddə ona demişdilər ki, şəhidlərin dəfni üçün kəfənlik ağ tapılmır: “Təzəpir məscidinə getdim ki, şeyxlə - Allahşükür Paşazadə ilə görüşüm. Amma şeyx özü olmadığından, müavini hacı Sabir Həsənli ilə görüşüb vəziyyəti danışdım. Kömək göstərdilər: kəfənlik ağ alınmasına göstəriş verildi. Xocalıda baş verənlər barədə dəqiq məlumat olduğu kimi Ali Sovetə çatdırıldıqdan sonra respublikada üçgünlük matəm elan edildi”.
Mübariz müəllim deyir ki, əmim oğlu Mirzə ilə Elşəni Əsgəranda girov götürmüşdülər. Mirzənin ağzındakı qızıl dişlərini mismar kəlbətinlə çıxarmışdılar. Balaca qardaşı Elşəni isə o qədər döymüşdülər ki, elə bilmişdilər ölüb. Şüşələri sındırılmış pəncərədən qarın üstünə bayıra tullamışdılar ki, guya qaçırmış. Bir müddətdən sonra Elşən özünə gəlib ayılmışdı. Sonra onları ermənilərlə dəyişmişdilər. Xankəndidəki 366-cı motoatıcı alay ermənilərin əlində idi. Həmin alayın köməyi ilə Xocalı mühasirəyə alınmışdı. Aeroportu vurub dağıtmaq üçün əvvəlcə ora hücum etdilər. Orada Milli Qəhrəman Əlif Hacıyevin polis dəstəsi dayanmışdı. Onlara hücum etməyə cəsarətləri çatmırdı. Çünki oradakı polis dəstəsi ermənilərə layiqli cavab verirdi. Qoymurdular ki, Ermənistandan ora təyyarə uçsun, onlar Xocalıya və xocalılara sipər idilər.
Xalamın üç oğlunun və yoldaşı Bahadurun başını erməni qəbrinin üstündə kəsmişdilər. Xalama isə demişdilər ki, səni ona görə öldürmürük ki, bunların zülmünü çəkib, zillətlə öləsən. Xalam bu dəhşətə ürəyi tab gətirə bilmədi, ürəyi partladı. İki qızı qalmışdı, bir də gəlini Almaz Səlimova. Üç oğlundan yalnız birinin - Milli Qəhrəman Araz Səlimovun Qara adlı bir oğlu salamat qalmışdı.
Ermənilər Xocalını darmadağın etdikdən sonra mətbuatda bir şəkil yaymışdılar. Guya oradakı meyitlər ermənilərinkidir, xocalılılar deyil. Şəkilə baxan kimi gördük ki, bizim evin yaxınlığındakı arxın yanıdır. Şəhid olanlar tanınırdı: Məxmərlə Milli Qəhrəman Tofiq Hüseynovun ailəsi idi. Ermənilər isə şəkili bu yaxınlarda internetdə yaymışdılar ki, baxın, azərbaycanlılar Xocalıda bizi belə qırıblar. Ermənilərin xalqımıza məxsus təbii sərvətləri, maddi-mədəniyyət nümunələrini, tariximizi, ədəbiyyatımızı və digər mənəvi dəyərlərimizi “özəlləşdirməsi” bizim üçün yenilik deyildi. Amma onların bu dəfə şəhidlərimizi bu cür qələmə verməsi dəhşətlidir”.
Biz əminik ki, dövlət başçısı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində yürütdüyü siyasət öz nəticəsini verəcək. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, həmçinin fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüslərinin əhəmiyyəti olduqca böyükdür. Məhz onların apardıqları məqsədyönlü təbliğat nəticəsində Xocalı dəhşətlərinin soyqırımı aktı olmasını bir neçə dövlət və beynəlxalq təşkilatlar rəsmi şəkildə tanımışdır.
Borcumuz o yerləri - Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, bir sözlə, külli-Qarabağımızı xilas etməkdir. Bunu edəcəyik, qoy düşmən unutmasın! Bunu bizə dövlət başçısı, düşmənə layiqli cavab verəcək Milli Ordumuz deyir.