Yeni tədris ilinə bol enerji ilə

 

Azərbaycan Tibb Universiteti 2022/2023-cü tədris ilini bir çox mühüm nailiyyətlərlə başa vurdu. Bəs, ötən müddət ərzində kafedralarımızın fəaliyyətinin nəticələri necə olub? Eləcə də əməkdaşlar yay tətilindən sonra növbəti dərs ilinə hansı əhval-ruhiyyə ilə qayıdırlar? Bu barədə suallarımızı ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva cavablandırıb.

Ş.Balayeva bildirib ki, yay tətilində istirahət edən əməkdaşlar yeni tədris ilinə xoş əhval-ruhiyyə və enerji ilə dönürlər: “Ötən tədris ilində universitetimizin uğurları sırasında kafedramızın da bir sıra nailiyyətləri olub. Bildiyiniz kimi, bu il cənab Prezidentimizin müvafiq sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Respublikamızın hər yerində olduğu kimi, universitetimizdə də bu münasibətlə biri-birindən möhtəşəm beynəlxalq miqyaslı tədbirlər keçirilib. Bu mədəni-kütləvi və elmi tədbirlərdə kafedramızın da əməkdaşları aktiv iştirak edib. Ulu Öndərimizin 100 illiyinə həsr olunmuş “İctimai səhiyyə üzrə III Bakı konfransının “İctimai Səhiyyə Qlobal və Milli Prioritet” sessiyasında “Azərbaycanda uşaq əhalisinin son 10 il üçün xəstələnmə dinamikası” mövzusunda məruzə etmişəm. Həmin konfransda əməkdaşlarımızdan Səyyad Gürzəliyev, Minayə Nəbiyeva, Sədaqət Həsənova, Zöhrə İsmayılova və Nərminə Cəfərzadə də ictimai səhiyyənin müxtəlif sahələri üzrə çıxış ediblər.

Bundan başqa, ötən tədris ilində Rusiyanın Moskva və Sankt-Peterburq şəhərində keçirilən Ümumrusiya beynəlxalq iştiraklı konfranslarında, həmçinin bu yaxında Belarusun paytaxtı Minsk şəhərində keçirilən daha bir beynəlxalq iştiraklı ictimai və elmi-praktik konfransda məruzə ilə çıxış etmişəm”.

Kafedra müdiri vurğulayıb ki, bu ilin mart ayında Clarivate Essential “Nəşr üçün jurnal seçimi və analizi” vebinarında (Web of Science, JCR, MJL) iştirak edərək sertifikat alıb və bu bacarıqlar yüksək indeksli beynəlxalq jurnallarda elmi işlərin nəticələrinin çap edilməsi üçün çox mühüm şərtdir: “Əlavə olaraq bildirim ki, aprelin 14-də Bakıda USAİD, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, TƏBİB, WHO Azerbaijan tərəfindən təşkil edilən “Nəsimi rayonunda kiçik miqyaslı icma yönümlü ilkin səhiyyə xidmətlərinin tətbiqi” proqramı üzrə seminarda mən və kafedramızın dosenti Zöhrə İsmayılova fəal iştirakımıza görə xüsusi sertifikat almışıq. Bundan başqa, mayın 10-da bir mütəxəssis kimi, Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının XII elmi-praktik konfransında münsiflər heyətində məktəblilərin elmi-tədqiqat işlərinin təqdimatlarının qiymətləndirilməsi işini aparmışam. Tətilə getməzdən öncə isə Avstriyanın Bakıdakı səfirliyi ilə “Uşaqların Sağlam Gələcəyi” qeyri-hökumət təşkilatı arasında tərəfdaşlığın qeyd edilməsi və “Avstriya modeli əsasında Erkən Müdaxilə proqramının inkişafı” layihəsinin təqdimat mərasimində iştirak etmişəm. Eyni zamanda, kafedramızda tədris bacarıqlarının artırılması məqsədilə əməkdaşlarımızdan Zöhrə İsmayılova və Nərminə Cəfərzadə ATU-da xarici ekspertin moderatorluğu ilə təşkil edilən Strateji planlaşdırma üzrə kurslarda olublar”.

Diqqəti gələcək planlara yönəldən Şəhla xanım yeni tədris ilində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən də danışıb: “Bu tədris ilində kafedramızda ənənəvi işlərimizlə yanaşı, yeni tədris planlarımız da olacaq. Bildiyiniz kimi, bizim üzərimizə ali ixtisaslı tibb kadrlarının yetişdirilməsi kimi şərəfli və müqəddəs bir vəzifə qoyulub. Ölkəmizdə yüksək ali tibb təhsili verən bu qocaman elm ocağının fəaliyyətinin əsasını isə daim yenilənən və dünya standartlarına tam uyğun aparılan gündəlik tədris işi təşkil edir. Bununla əlaqədar olaraq yeni tədris ilində dərs proqramlarının beynəlxalq tibb təhsili standartlarına uyğunlaşdırılaraq yenidən işlənməsi qarşımızda duran birinci vəzifədir. Bundan başqa, il ərzində əməkdaşlarımız tərəfindən bir neçə dərslik və dərs vəsaitlərinin hazırlanıb çap edilməsi nəzərdə tutulub. Təbii ki, universitetimizdə təşkil olunacaq mədəni-kütləvi və elmi tədbirlərdə fəal iştirak etmək də kafedramızın ümumi iş planına daxildir”.