ATU-nun Əsaslı Kitabxanasının fondu genişləndirilir və elektronlaşdırılır

 

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası dərslikləri, elmi əsərləri, jurnalları, dövri mətbuat və digər məlumat mənbələrini özündə cəmləşdirən zəngin kitabxanadır. Əsaslı Kitabxana yüksək ixtisaslı tibb kadrlarının hazırlanması və tələbələrin tədris-metodiki ədəbiyyata olan tələbatının ödənilməsinə xidmət etməklə yanaşı, həm də çap olunmuş kitabları mühafizə edən bir xəzinədir.

Kitabxananın fəaliyyəti, strukturu, eləcə də son illər burada aparılan dəyişikliklər haqqında məlumat almaq üçün kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova ilə həmsöhbət olduq. O bildirdi ki, hazırda Əsaslı Kitabxananın fəaliyyəti bütün şöbələrdə mütəşəkkil qaydada təşkil edilib və müasir tələblərə cavab verir: “Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron resurslarla da zəngindir. Fondların tərkibi oxucu sorğularına uyğun yeni tibbi ədəbiyyatlarla zənginləşdirilir. Belə ki, son illər ərzində rəhbərliyin diqqət və qayğısı nəticəsində kitabxana fondu xeyli genişlənib, müasir avadanlıqlarla təmin olunub, tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzinə çevrilib. Əsaslı Kitabxana Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin elmi potensialının yüksəldilməsinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında tələbələrin tədris-metodiki ədəbiyyata olan tələbatının ödənilməsinə xidmət edir”.

Hazırda mövcud beynəlxalq elektron nəşrlərin oxuculara təqdim olunması uğurla həyata keçirilir, yeni bir tətbiqin - kitabxana modulunun üzərində iş aparılır. Burada kitabxananın bazasında olan kitabların siyahısı yerləşdiriləcək. Tələbə ona lazım olan kitabı öncədən sifariş verəcək və iki saat ərzində həmin sifarişi götürə biləcək. Bundan başqa, bəzi dərs vəsaitlərinin PDF formatı da var. Tələbələr həm də bu imkandan yararlanacaqlar. PDF formatı olmayan kitablar isə kitabxanadan əldə ediləcək.

Z.Eminova bildirir ki, elektron kitabxananın yaradılması üzrə işlər davam edir: “İRBİS64+ proqramı əsasında oxucu modulu üzərində iş aparılır. 2022-ci ildə kitabxana fondu cəmi 637 428 olub. Onlardan əsas (elmi) fond 314 205, dərslik 308 490, mübadilə 14 733-dür. Kitabxana fondunun elektron kataloquna 2001 kitab, 1080 qəzet, 4733 jurnal məqalələri daxil edilib. Ötən il kitabxanaya 2504 nüsxə çap məhsulu daxil olub ki, bunlar rəhbərlik tərəfindən alınıb, həmçinin kafedralar, professor-müəllim heyəti, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr tərəfindən hədiyyə olunub və ya mübadilə yolu ilə əldə edilib”.

Onun sözlərinə görə, kitabxanada ilboyu müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir: “Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölkəmizin tanınmış elm-mədəniyyət və ədəbiyyat adamlarının yubileyləri qeyd edilir, onların yaradıcılığından bəhs edən kitab sərgiləri təşkil olunur. Eləcə də il ərzində kitabxananın profilinə uyğun mövzu sərgiləri, bütün əlamətdar hadisələr, tarixi günlərlə bağlı tədbirlər keçirilir. Bundan əlavə, yeni dərs vəsaitlərinin təbliği aparılır. Hər il olduğu kimi, ötən il də universitetimizin görkəmli alimlərinin həyat və fəaliyyətini özündə əks etdirən bir sıra tədbirlər, yubileylər və xatirə gecələri təşkil olunub.

Bildiyiniz kimi, tələbələrin çoxsaylı müraciətlərini nəzərə alan universitet rəhbərliyinin göstərişi ilə 2022-ci ilin may ayından etibarən Əsaslı Kitabxana 24 saat rejimində fəaliyyət göstərir. Hazırda mövcud şərait, təqdim olunan xidmətlər tələbələrin ürəyincədir. Onların xüsusilə imtahanlar ərəfəsində kitabxanaya müraciət etməsi daha yüksək qiymətlər almalarına səbəb olur”.