Abituriyentlərə dil seçimi imkanı yaradılır

 

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu ərəfədə əcnəbi vətəndaşların universitetimizə qəbulu qaydalarında hansısa dəyişikliyin olub-olmaması ilə maraqlanmışıq.

Suallarımızı əcnəbi təhsilalanlarla iş üzrə dekan, baş müəllim Natiq Bayramov cavablandırıb. O,  əcnəbi abitruyentlərin universitetimizə bir neçə ildir ki, skayp – müsahibə vasitəsilə qəbul olunduğunu, bu prosesin indi də eyni qaydada davam etdiyini deyib: “İyul ayının birinci həftəsindən etibarən sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu portal.edu.az portalı üzərindən aparılır. Tələbələr həmin saytda qeydiyyatdan keçdikdən sonra universitetin özü tərəfindən yaradılmış xüsusi komissiyya ilə skayp görüşməsi keçirilir. Skayp görüşməsi 2 formada aparılır. Eyni zamanda həm hazırlıq şöbəsinə, həm də birbaşa birinci kursa qəbul keçirilir. Məsələn, Hindistanda və Pakistanda dövlət dili ingilis, Rusiyada isə rus dilidir. Həmin ölkələrin abitruyentləri birbaşa I kursa qəbul şansı əldə edir, skayp görüşməsindən sonra universitetin əcnəbi təhsilalanlarla iş üzrə dekanlığına müraciət edərək sənədlərini verirlər. Daha sonra təhsil haqlarını ödəyərək birbaşa I kursa qəbul olunurlar. Digər ölkələrin abitruyentləri isə iyul ayının 1-ci həftəsindən başlayaraq təxminən dekabr ayının 15-ə qədər yuxarıda göstərilən qaydada qəbuldan keçərlərsə, hazırlıq şöbəsinə qəbul olunacaqlar. Hazırlıq şöbəsində 6 ay müddətində oxuduqdan sonra isə universitetdaxili imtahan verərək I kursda oxumaq şansı qazanırlar”.

Komissiya tərəfindən aparılan sorğunun formatına da toxunan fakültənin dekanı qeyd edib ki, sorğunu kimya və biologiya sahəsi üzrə mütəxəssislərimiz aparır.  Əsasən kimya və biologiya fənlərinə dair orta məktəb səviyyəsində suallar tələbələrə yönəldilir.

N. Bayramov bəzi abitruyentlərin ingilis dilindən bilik səviyyəsinin çox aşağı olmasına baxmayaraq, inglis bölməsində oxumaq istədklərini, belə hallarda onlarla izahat işi aparıldığını söyləyib: “Sonda özləri də başa düşür ki, ingilis dilində oxuya bilməyəcəklər. Həmin abitruyentlərə Azərbaycan bölməsinə müraciət etməyi məsləhət görürük. Onlara dil seçimi imkanı yaradırıq. Türkiyə və İran vətəndaşları ikinci dil kimi Azərbaycan dilini çox yaxşı bilirlər. Bəzən onlar düşünürlər ki, ingilis dili bölməsində bir üstünlük var. Bu səbəbdən də daha çox həmin bölmədə oxumaq istəyirlər. Anlayanda ki, burada heç bir üstünlük yoxdur, eyni diplomdur, sadəcə təhsil ingilis dilindədir, o zaman fikirlərini dəyişirlər”.

Dil biliyinin də suallarla yoxlanıldığını deyən dekan, əsas kriteriyalara aydınlıq gətirib. Onun sözlərinə görə, abitruyent ilk növbədə özünü ingilis dilində təqdim etməyi bacarmalıdır. Başqa məsələlər də nəzərə alınır. Bəzi abitruyentlərin dil sertifikatları var. Onlar həmin sertifikatları özlərinin şəxsi kabinetlərinə yükləyirlər, dil hazırlıqları çox yaxşıdır. Hətta hazırlıq dərəcəsindən asılı olaraq, bəziləri ingilis dili fənnindən azad edilə bilərlər. Amma abitruyent özünü normal təqdim edə bilirsə, tibbi bilikləri isə çox aşağıdırsa yenə qəbuldan kənarda qalır.