“Xəstələr ağciyər xərçəngindən çox, vərəmdən qorxur..."

Dosent Rafiq Bayramov: Cəmiyyətdə bu xəstəliyə münasibət dəyişməlidir

Dünyada, eləcə də Azərbaycanda vərəmlə bağlı məsələ həmişə aktual olub. Burada əsas məsələlərdən biri insanların vərəmdən qorxması, cəmiyyətdən təcrid olmaq riskini hiss edib bu xəstəliyi gizlətmələri və vaxtında müalicə almamalarıdır.

Bu sahədə mövcud vəziyyət və problemlərlə bağlı “BakuPost” saytının suallarını ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov cavablandırıb.

- Vərəmli xəstələrin müayinə və müalicəsində ən çox rastlaşdığınız problemlər hansılardır? Xəstələr niyə vərəmdən bu qədər qorxur?

- Əsas problem bu sahə üzrə yetərincə məlumatın olmaması, lazımi qədər maarifləndirmə işlərinin görülməməsidir. Dəfələrlə şahidi olmuşam, xəstə deyir, “doktor, de ki, ağciyərində xərçəng var, öləcəksən, amma demə ki, vərəmsən”. Çünki onu qorxudan xəstəlik yox, münasibətdir. Ən yaxın adamlarının belə ona qarşı münasibətinin dəyişəcəyindən ehtiyat edir. Yəni bu fobiya, bu stiqma, çox təəssüflər olsun ki, cəmiyyətimizdə hələ da mövcuddur. Əslində, təkcə bizdə deyil, əksər ölkələrdə belədir.

Vərəmə hər kəs yoluxub xəstələnə bilər. Çox yaxşı bir deyim var, “vərəm elə xəstəlikdir ki, öz vizit kartını əvvəlcədən heç kimə göndərmir”.

Düzdür, yoluxduğu halda xəstələnmə ehtimalı çox olan insanlar var. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi rəsmi rəqəmlərdə dünya əhalisinin 3-də birindən çoxunun vərəm mikobakteriyaları ilə yoluxduğu deyilir. Vərəmə görə epidemoloji vəziyyət qeyri-qənaətbəxş olan ölkələrdə bu göstəricilər daha yüksəkdir.

İctimai yerdə olan hər bir kəs yoluxa bilər, amma yoluxanların hamısı xəstələnmir. İlkin yoluxanlar arasında xəstələnmə çox olur. Bu da ilk yoluxanların 10%-ə qədərini təşkil edir. Qalanı bədəndə, xüsusən limfa düyünlərində persistə etmiş şəkildə, sadə dildə desək, “yatmış vəziyyətdə” qala bilir.

Əgər hər kəs xəstələnə bilərsə, niyə bu xəstəlik hamıda xof yaradır? Koronavirus pandemiyası dönəmində ilk vaxtlarda insanlar koronavirusa yoluxduğunu gizlətməkdən ötrü analiz verməkdən belə çəkinirdilər. Hətta test nəticələri pozitiv çıxsa da gizlədirdilər. Sonradan yoluxma o qədər kütləviləşdi ki, hamı üçün adiləşdi. İnsanlar qəbul etdi ki, buna hamı yoluxa bilər. Yəni bu hansısa bir pis vərdişdən, pis həyat tərzindən yaranmır. Vərəmə də münasibət belə olmalıdır.

- Amma yenə də vərəm heç kim üçün adiləşmir...

- Cəmiyyətdə bu xəstəlik haqqında yetərli məlumatın olmaması ciddi problem yaradır. Vərəmin yaşı bəşəriyyətdə canlıların yaşı ilə eynidir.

I Dünya müharibəsində döyüşdə ölən insan sayından daha çox, həmin müddətdə Rusiyada vərəm xəstəliyindən ölənlər olub. Son illərdə bütün dünyada, o cümlədən Azərbaycanda da vərəmin epidemioloji göstəricilərində müsbətə doğru dinamik tendensiya var idi. Amma koronovirus pandemiyası insanların həyatını, dünyanın düzənini dəyişdiyi kimi, vərəmə görə epidemioloji göstəricilərin də dəyişməsinə səbəb oldu.

2020-ci ildən öncəki 10 il ərzində dünyada vərəmdən ölənlərin illik sayı 10 milyonu keçmədiyi halda, 2020-ci ildən sonra bu rəqəm hər il demək olar ki, 100 min olmaqla artmaqda davam edir.

Digər tərəfdən, dərmanlara rezistent vərəmlə mübarizə tədbirlərinə daha adekvat yanaşılmasa, dünyada yoluxanların və ölənlərin sayında ciddi artım olması gözlənilir. Rezistenlik o deməkdir ki, vərəm əleyhinə dərmanların təsir eləmədiyi, yəni, müalicədə həmin dərmanların effektsiz olduğu hal formalaşır. Xüsusən də birincili rezistentlik hallarının artması daha təhlükəlidir.

- Bu məsələ ilə bağlı insanlara nə məsləhət görərdiniz?

- Vərəm xəstələri nə qədər erkən mərhələdə aşkar olunub müalicəyə başlanılarsa, bir o qədər effektli olar, həmin xəstənin ətrafdakı insanlar üçün təhlükəliliyi aradan qalxar. Müalicə uzunmüddətli (ən azı 6 ay), kompleks və tam aparılmalıdır.

Cəmiyyət vərəm xəstəliyi haqqında nə qədər çox məlumatlı olsa, insanlar öz sağlamlıqlarına o qədər ciddi yanaşarlar, şübhələri olduqda vaxtında həkimə müraciət edərlər, aşkar olduqda da düzgün müalicə olunub, tam sağalarlar. Çünki vərəm sağalan xəstəlikdir. Hətta elə xəstələrim var ki, onların nə zamansa xəstələnməyinin heç bir izi qalmayıb.

Mütəxəssislərin xəstəlik haqqında məlumatları ilə yanaşı, bu xəstəliyə tutulmuş, müalicə alib sağalmış, müalicəsi davam edən xəstələrin fikirlərini də cəmiyyətimizə çatdırmaq lazımdır. İnsanlar müalicə alıb normal həyata dönən real pasiyentləri görsələr, bu xəstəlikdən qorxmazlar, onu gizlətməyə çalışmazlar.