Payızın “uşaq xəstəlikləri”

 

Həkim deyir ki, düzgün qidalanma və yuxu rejiminə əməl olunması vacibdir

 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayılovla uşaqlarda rast gəlinən xəstəliklərlə bağlı danışdıq.

O, son bir ayda uşaqlar arasında ishal, qarın ağrısı və qusma, bəzən hərarətin artması ilə müşahidə edilən xəstəliklərin yayıldığını bildirdi: “Bunlar Adeno-Rota viruslarıdır. Avqustun sonlarından başlayaraq uşaqlar arasında limfa, xüsusən boyun limfa düyünlərinin böyüməsi ilə gedən viral infeksiyaları da artıb. Bu infeksiyalar əsasən sitomeqalovirus, hətta bakterial mənşəli limfa düyünlərinin böyüməsi, angina və ya kəskin tonzillit şəklində özünü göstərir. Belə uşaqların bir qismində hərarət 38-dən yuxarı olur”.

Artıq həm ali, həm də orta məktəblərdə yeni dərs ilinin başlaması ilə əlaqədar insanların Bakıya axınının çoxalacağını deyən həkim qeyd edib ki, payızın gəlişi dövründə uşaq və yeniyetmələrdə ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir: “Əvvəldən allergiyası, bronxial astması olan uşaqlarda bu problem daha da kəskin şəkildə özünü büruzə verir. Belə uşaqların valideynləri sentyabrın əvvəlindən pediatrla əlaqə saxlamalıdırlar. Çünki gec müraciət etdikdə problemlərin qarşısını almaq bir qədər çətinləşir. Yuxarı tənəffüs yollarının xəstəlikləri rinit dediyimiz burunaxma ilə başlayır, sonra öskürəyə keçir, kəskin traxeit və bronxitə, daha aşağıya doğru ağciyərlərə yoluxarsa, pnevmoniyaya gətirib çıxarır. Belə hallarda da yüksək hərarət, öskürək, burunaxma, halsızlıq, təngnəfəslik və s. olur”.

Q.İsmayılov bütün bunlar olmasın deyə, uşaqların ilk növbədə düzgün qidalanmasını, yuxu rejiminə əməl etməsini, eyni zamanda vitamin qəbulunu vacib hesab edir. Onun sözlərinə görə, hansısa vitamin, mineral əskikliyi varsa, həkim tərəfindən yoxlanılır, ya dərman, ya da təbii yollarla aradan qaldırılır. Belə ki, bütün meyvələr vitaminlərlə zəngindir. Vitaminli meyvələrlə düzgün qidalanan uşaqların xəstələnmə ehtimalı da aşağıdır. Amma iştahasız, “yemək kaprizi” olan uşaqlarda vitamin əskikliyi ilə bağlı immun sistemi zəifləyir və nəticədə həmin uşaqlarda yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri daha çox özünü göstərir.

Qarşıdan gələn aylarda ən çox qrip və paraqrip viruslarının törətdiyi xəstəliklərin artma riskindən danışan həkim-pediatr vurğulayıb ki, əslində biz uşağın öskürməsini gözləməməliyik. Xüsusən də allergiyaya meylli uşaqlarda artıq burunaxma, tez-tez asqırma əlamətləri başlayıbsa, hətta yüngül hərarət varsa, mütləq həkimə müraciət edilməlidir.

Müsahibimiz bəzən ev şəraitində yanlış metodlardan, həmçinin  antibiotiklərdən özbaşına istifadənin ağırlaşmalara gətirib çıxardığını xatırladıb və valideynləri həkim nəzarətindən kənar “müalicə üsulları”ndan çəkinməyə çağırıb.