“Qırmızı Kitab”ın hazırlanmasında ATU-nun professoru da iştirak edib

Nadir və məhv olmaq təhlükəsi ilə üzləşmiş növlərin qırmızı və çəhrayı siyahılarının yaradılması, qiymətləndirmənin kateqoriya və kriteriyalarının müəyyən edilməsi, yüksək risk altında olan növlərin təsnifləşdirilməsi üçün Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən işlək bir sistem qurulub. Beynəlxalq miqyasda bu cür siyahların hazırlanması, həmçinin kateqoriya və kriteriyaların dəqiqləşdirilməsi və yenilənməsi üçün Qırmızı sorğu kitablarından istifadə edilir.

“Qırmızı Kitab”lar nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri, habelə onların mühafizəsi və bərpası üçün zəruri tədbirlər haqqında illüstrasiya məlumat toplusunu özündə əks etdirən rəsmi dövlət sənədləri kimi qəbul olunur. “Qırmızı Kitab” canlı təbiəti qorumağın xəbərdarlıq vasitəsi kimi də mühüm əhəmiyyətə malikdir. 

2023-cü ildə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşri dərc edilib. Hələ 2019-cu ildə bu nəşrin hazırlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elmi heyət, işçi qrupları və fəaliyyət proqramı müəyyən edilmişdi. “Qırmızı Kitab”ın əsas istiqaməti nadir və nəsli kəsilməkdə olan bitki, heyvan və göbələk növlərinin müəyyən edilməsi, sayları və arealının təyini, onların qiymətləndirilməsi əsasında hərtərəfli məlumatların verilməsi, növlərin mövcud və təklif olunan mühafizə və bərpa üsullarının göstərilməsidir. Bu istiqamətlər həm qlobal, həm də ayrı-ayrı regionlar üzrə müəyyən olunur.

Qafqaz regionu və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəliflik mərkəzlərindən biri sayılan Azərbaycan Respublikasında nadir və nəsli kəsilmək təhlükəsində olan növlərin və onların yaşayış mühitlərinin mühafizəsi üçün təklif edilən və görülən tədbirlər hər zaman dövlətin dəstəyi, diqqət və qayğısı ilə əhatə olunub. Bu tədbirlərdən ən mühümü ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan vəhşi heyvan, yabanı bitki və göbələk növlərinin funksional vəziyyəti haqqında rəsmi dövlət sənədi kimi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ın hazırlanması və nəşri hesab edilə bilər.

 “Qırmızı Kitab”ın III nəşrinin hazırlanmasında AMEA, Elm və Təhsil Nazirliyinin Botanika və Zoologiya institutları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həmçinin ATU-nun Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev də iştirak edib. “Qırmızı Kitab”ın hazırkı nəşrində nadir və nəsli kəsilmək təhlükəsi olan 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun və 37 göbələk) və 241 fauna növü (152 onurğalı və 89 onurğasız) öz əksini tapıb.

Professor C.İsayev Azərbaycan ərazisində nadir bitki növlərinin dəqiqləşdirilməsi, yayılma sahələrinin müəyyən edilməsi və onların mühafizəsinin təşkili istiqamətində fəaliyyət göstərib.

“Qırmızı Kitab”ın III nəşri ölkəmizdə biomüxtəlifliyin qorunması, nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növlərinin dəqiqləşdirlməsi və mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi üzrə əsas istiqamətverici sənəd kimi mühüm rola malikdir. Kitabın Azərbaycan florasında yabanı halda yayılan bitki növlərindən düzgün istifadə etmək baxımından da praktik əhəmiyyəti var.