Avtomobillər küçədə, zəhəri evimizdə...
Son vaxtlar havada dəm qazının normadan artıq olması haqda tez-tez eşidirik. Dəm qazı nədir, hansı fəsadlara yola aça bilir və onun səviyyəsini artıran amillər hansılardır?
ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Şahalı Səmədov bildirir ki, böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat vasitələri və s. aiddir: “Hazırda dünyanın böyük şəhərlərində hava mühitinin çirkləndiriciləri sırasında avtomobil nəqliyyatının payı 70%-dən çox təşkil edir. Avtomobillərin işlənmiş tullantı qazlarının tərkibində 200-dən çox toksik maddə, o cümlədən dəm qazı və azot oksidləri, aldehidlər, qurğuşun birləşmələri, polisiklik aromatik karbohidrogenlər əsas yer tutur”.
Mütəxəssisin sözlərinə görə, karbon-oksid və ya dəm qazı - üzvi maddələrin sona qədər yanmaması nəticəsində yaranır. Səyyar çirkləndirici adlanan avtomobil nəqliyyatı tüstüsündə və işlənmiş qazların tərkibində dəm qazı 7,7-13,5 % təşkil edir. Qapalı yerlərdə və açıq atmosferdə fövqəladə hallarda onun miqdarı 30-50%-ə qədər də ola bilər: “İysiz, rəngsiz və havadan yüngül olan dəm qazı orqanizmə tənəffüs yolları ilə daxil olub, həmin yolla da xaric olur. Alveolların divarından qana keçdikdə hemoqlobinlə asanlıqla birləşərək karboksihemoqlobin əmələ gətirir. Qeyd etmək lazımdır ki, atmosfer havasında dəm qazının miqdarı heç vaxt kəskin zəhərlənmə törədə biləcək həddə olmur. Bu qazdan kəskin zəhərlənmə adətən qapalı yerlərdə birdəfəlik yüksək dozaların (500-1500 mq/m3) təsirindən baş verir; xəstəliyin gedişi yüngül, orta və ağır formalarda müşahidə olunur. Xronik zəhərlənmə adətən az dozanın uzunmüddətli təsirindən baş verir. Xəstəni başağrı, başgicəllənmə, yuxusuzluq narahat edir. İştaha pozulur, xəstə arıqlayır, yorğunluq hiss edir, hafizəsi və cinsi fəaliyyəti zəifləyir, ürək nahiyəsində ağrı, təngnəfəslik, mərkəzi sinir sisteminin funksional pozuntuları - asteniya, vegetativ disfunksiya, damar spazmı, hipertenziya qeyd edilir”.
Dəm qazının havadan yüngül olduğu üçün əsasən atmosferin yuxarı qatlarına qalxdığını və bir hissəsinin “istixana” qazlarından olan karbon qazına çevrildiyini deyən Ş.Səmədov, heç də həmişə belə olmadığını da nəzərə çatdırır: “Şəhərlərin ensiz, hər iki tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş küçələrində avtomobillərin sürəti azalır (tıxaclar və s. hesabına). Nəticədə xaric olan işlənmiş qazlar, o cümlədən dəm qazı insanların tənəffüs zonasındakı havanın tərkibində toplana bilir və xroniki zəhərlənməyə xas əlamətlərlə özünü təzahür etdirir. Xaric olunan dəm qazının miqdarı nəqliyyatın növü, mühərrikin vəziyyəti, yanacağın keyfiyyəti və s. amillərdən də asılıdır. Araşdırmalar göstərib ki, belə şəhərlərin küçələrində hərəkəti nizamlayanların qanında karboksihemoqlobinin səviyyəsi 3-4 %-ə qədər yüksəlir. Eyni zamanda sürücülərin qanında karboksihemoqlobinin miqdarının artması və bununla əlaqədar qəza hallarının çoxalması barədə əsaslı məlumatlar var”.
Mütəxəssis qeyd edir ki, rütubətli isti iqlimə malik Abşeron yarımadasında atmosferə atılmış dəm qazı Yer səthinə yaxın hündürlükdə və binaların mənzillərində toplana bilər. Yüksək temperatur isə onun toksiki təsir effektini daha da gücləndirir. Normaya görə, dəm qazının yol verilən konsentrasiyası açıq atmosferdə 1 mq/m3, iş yerləri havasında isə 20 mq/m3-ə qədərdir.
Profilaktik məqsədlə yaşayış məskənləri düzgün planlaşdırılmalı, arxitektura-tikinti sistemlərində müvafiq norma və qaydalara əməl olunmalı, yaşayış zonası yaşıllaşdırılmalı, çirklənmə mənbələrində qurğuların hermetikləşdirilməsi təmin edilməlidir. Qapalı iş yerlərində yerli və ümumi ventilyasiya sistemi quraşdırılmalıdır. Dəm qazının havadakı miqdarına müvafiq qurumlar tərəfindən müntəzəm nəzarət olunmalıdır.