Mütəxəssis bildirir ki, uşaqların sərbəst vaxtını, pulunu nəyə xərclədiyini, ətrafını nəzarətdə saxlamaq vacibdir
Əvvəlki açıqlamasında “narkomaniya” və “narkoman” sözlərinin artıq rəsmi təbabətdə işlənmədiyini deyən həkim-psixiatr, ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuceri bu sahədə diqqət çəkən digər həssas məqamlara toxunub. O, birinci risk qrupuna uşaqların və yeniyetmələrin daxil olduğunu bildirərək təəssüflə qeyd edib ki, 12-13 yaşlı uşaqların psixoaktiv maddələrdən istifadə etməsi və hətta onların arasında qız uşaqlarının olması qorxulu tendensiyadır:
“Belə uşaqlarla dəfələrlə rastlaşmışam. Onlarda yeni bir təəssürat, yeni bir emosiya yaşamaq marağı güclüdür. Özlərini kiməsə oxşatmaq istəyirlər. Əsasən də xarici filmlərdə, seriallarda gördükləri hansısa şəxsləri özlərinə kumir, ideal seçirlər. Baxırlar ki, Avropa filmlərində qəhrəman depressiyaya düşəndə, problem yaşayanda içərək stresdən çıxır. Reklam gedən seriallarda cavanların viski içməsini, marixuana çəkməsini normal bir hal kimi təqdim edirlər.
Başqa bir risk qrupu kənar şəxslərin təsirinə tez düşən, müstəqil qərar qəbul etmək qabiliyyəti zəif olan insanlardır. Belələri məsuliyyəti öz üzərlərinə götürməyərək, həmişə başqalarından kömək gözləyirlər”.
Mütəxəssisin sözlərinə görə, özündən narazı olan, tez həyəcana və təşvişə düşən nevrotik tipli şəxslər də risk qrupuna daxildir. Onlar bütün problemlərini narkotik və alkoqolun təsiri altında həll etməyə çalışırlar: “Bəzi insanlar da öz psixi problemlərini aradan qaldırmaq üçün narkotikdən istifadə edir və narkotik onun psixi xəstəliklərinin əlamətlərini “yüngülləşdirir”. Yəni narkotik, alkoqol depressiyalarda ilkin olaraq yaxşı təsir göstərir. Sonra isə tam əksinə.
Bundan başqa, tələbələr psixostimulyatorlardan daha çox istifadə edirlər. Bunların ən geniş tanınmış forması tibbi adı metamfetamin olan “şüşə”, “patı”dır. Tələbələr xüsusən imtahana hazırlaşan zaman istifadə edirlər ki, gecələr yatmasınlar. Bu zaman yuxu pozulur, beyin sürətlə işləyir, yaddaş güclənir, qavrama qabiliyyəti artır. Lakin bu o demək deyil ki, onların hamısı yaddaşlarında gözəl qalacaq. Bir neçə gündən sonra o informasiya beyindən silinir. Bu maddələr yaddaşı qısa müddətdə gücləndirir, amma məlumatı uzunmüddətli yaddaşa keçirməyə qoymur. Xroniki ağrısı olan şəxslər də hansısa bir ağrıkəsici maddədən istifadə edərək rahatlıq tapandan sonra qeyri-tibbi istifadəyə başlayırlar. Gələcəkdə asılılıq yaranmasının səbəblərindən biri də budur”.
Həkim deyib ki, orta yaşlı insanlar arasında istifadəçiləri 3 şərti qrupa ayırmaq olar: müflis olub pullarını itirənlər, həddindən artıq pul gələndə müxtəlif əyləncələr, təzə emosiya, ləzzət, həzz axtaranlar və keçmiş həyatına nəzər salaraq heç nəyə nail olmadıqlarını düşünənlər: “Orta yaşın krizisi” deyilən bir psixoloji termin var. Belə ki, həm kişilər, həm qadınlar təxminən 40 yaşa çatanda emosional krizis yaşayırlar. Yəni keçmişə nəzər salanda onlara elə gəlir ki, boşuna həyat sürüblər. Belə hallarda insanlar depressiv əlamətləri aradan qaldırmaq üçün özlərinə cəlbedici xəyallar qururlar. Fikirləşirlər ki, həyatlarının zirvə nöqtəsini artıq keçiblər, qocalığa doğru gedirlər. Ona görə də “özləri üçün yaşamaq” istəyi ilə uyuşdurucu, müvəqqəti xoş əhval yaradan maddələrdən istifadə edirlər”.
Valideynlərə uşaqları daim nəzarətdə saxlamağı məsləhət görən müsahibimizin sözlərinə görə, uşağın istəklərini nəzərə almamaq, ona kiminsə uşağını nümunə göstərmək və yaxud ondan hökmən ali təhsil tələb etmək doğru deyil: “Çox təəssüf ki, bəzən valideynlər uşaqdan nəsə tələb edəndə özlərini fikirləşirlər. Sanki həyata keçirə bilmədikləri arzularını uşaqlara ötürürlər. Amma uşağın öz istəyini nəzərə almaq, uşağı başa düşmək, ona uşaq gözü ilə baxmaq daha faydalıdır. Yəni ağıllı insan böyüklə böyükdür, kiçiklə kiçik. Uşağın sərbəst vaxtını, pulunu nəyə xərclədiyini, ətrafını nəzarətdə saxlamaq vacibdir. Bu prinsipləri nəzərə alaraq uşaqları pis vərdişlərdən qoruya bilərik”.
A.Manuceri qeyd edib ki, narkotik vasitələrdən asılılıqla bağlı erkən dövrdə müraciət edən xəstələrin müalicəsi ilə 5 il və daha uzun müddət istifadə edənlərin müalicəsi fərqlənir. Narkotik maddədən 6-12 ay ərzində istifadə edənlərin reabilitasiyası daha tez baş verir. Düzgün müalicə nəticəsində narkotik maddələrdən asılılıq aradan qaldırılır. Lakin istənilən halda, xəstənin özündən çox şey asılıdır. Psixoloji vəziyyətini nəzarətdə saxlayaraq xəstəlikdən xilas olmaq istəyənlər daha tez sağalırlar.