Beyin insultunun erkən müalicəsi həyati əhəmiyyət daşıyır

 

Professor Aytən Məmmədbəyli: “Hazırda insult əhali arasında əlilliyin əsas səbəblərindən biridir”

“Beynin damar xəstəlikləri müasir tibbin ən mühüm tibbi-sosial problemi olaraq qalır. Bu da əhalinin xəstələnmə və ölüm hallarının strukturunda yüksək faiz payı, müvəqqəti əmək itkilərinin və ilkin əlilliyin əhəmiyyətli nisbətləri ilə bağlıdır”. Bunu ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Təbib” qəzetinə danışarkən söyləyib.

Onun sözlərinə görə, 2013-cü ildə təxminən 6,9 milyon insan işemik insult, 3,4 milyon insan isə hemorragik insult keçirib: “Hazırda insult əhali arasında əlilliyin əsas səbəblərindən biridir. İnsultdan xilas olanların 70-80 faizi əlil olur və onların təxminən 20-30 faizi daim kənar şəxsin köməyinə ehtiyac duyur.

2015-ci ildə ürəyin işemiya xəstəliyindən sonra insult ölüm səbəbinə görə ikinci yerdə olub və təxminən 6,3 milyon insanın həyatına son qoyub. İnsultdan sonra 30 günlük erkən ölüm 35% təşkil edir. Xəstəxanalarda ölüm nisbəti 24%, evdə müalicə olunanlarda isə 43% təşkil edir. Xəstələrin təxminən 50%-i bir il ərzində ölür”.

Professor deyir ki, son illər yaşla bağlı insult halları əhəmiyyətli dərəcədə artıb. Bütün insult hallarının 2/3-i 65 yaşdan yuxarı insanlarda baş verir: “İşemik insult üçün əsas risk faktorlarına qanda yüksək xolesterin və aşağı sıxlıqlı lipoprotein, arterial hipertoniya, şəkərli diabet, ürək xəstəlikləri (aritmiya və s.), qan laxtalanma göstəriclilərinin yüksək olması, oturaq həyat tərzi, piylənmə, siqaret çəkmə və TIH (tranzitor işemik həmlələr) daxildir. Serebral insult zamanı beyin toxumasında geridönməz dəyişikliklər onun başlanmasından 6 saat ərzində meydana çıxır. Bu baxımdan, beyin insultunun erkən diaqnozu və erkən müalicəsi məsələsi çox aktualdır”.

İnsultun əsas əlamətlərindən söhbət açan mütəxəssis testin mahiyyəti barədə də məlumat verib: “İnsultun əsas əlamətləri yuxarı və ya aşağı ətraflarda (adətən bədənin bir yarısında) qəfil yaranan zəiflik, uyuşma, hissiyyatın pozulması, üzdə yaranan asimmetriya, nitq pozğunluqları (aydın olmayan tələffüz və s.), xəstəyə ünvanlanan sözlərin düzgün başa düşülməməsi, bir və ya hər iki gözdə qəfil yaranan görmə pozulamsı, yeriş çətinliyi, başgicəllənmə, tarazlığın və koordinasiyanın itirilməsi, çox şiddətli baş ağrısı və sairədir. Evdə insult diaqnozu üçün kifayət qədər sadə, lakin etibarlı bir test var. İngilisdilli ədəbiyyatda bu test FAST Face Arm Speech Test, başqa sözlə, “Face-Hand-Speech-Test” adlanır. Testdə xəstədən gülümsəməsi və ya dişlərini göstərməsi istənilir. İnsult zamanı üzün nəzərəçarpan asimmetriyası meydana gəlir. Xəstədən 5 saniyə ərzində oturmuş vəziyyətdə hər iki qolunu 90°, uzanmış vəziyyətdə isə 45° bucaq altında qaldırıb saxlamasını xahiş edin. İnsult zamanı qollardan biri düşür. Xəstədən sadə bir ifadə deməsini istəyin. İnsult zamanı xəstə bunu aydın və düzgün tələffüz edə bilmir, nitqi anlaşılmaz və çaşqın olur. İnsultun inkişafını göstərən ən azı bir simptom varsa, ləngimədən təcili yardım çağırmaq lazımdır - nə qədər tez yardım göstərilsə, sağalma şansı bir o qədər çox olar”.

A.Məmmədbəyli bildirir ki, insultun inkişafının qarşısının alınması onun inkişafı üçün risk faktorlarına nəzarəti əhatə edir: “Onların arasında qan təzyiqinə nəzarəti qeyd etmək lazımdır. Hipertoniyadan əziyyət çəkən insanların insult keçirmə ehtimalı daha yüksəkdir. Arterial təzyiq göstəricilərini nəzarət altında saxlamaq çox vacibdir: qan təzyiqini mütəmadi olaraq ölçün, qan təzyiqini optimal səviyyədə saxlamağa kömək edən, həkim tərəfindən təyin olunan dərmanları diqqətlə qəbul edin. Sağlam çəkini qoruyun. Artıq çəki və ya piylənmə insult riskinizi artırır”.

Həkimin məsləhətinə görə, ən azı yarım saat gündəlik fiziki məşqləri əhatə edən müntəzəm fiziki fəaliyyət də lazımdır: “Xolesterol səviyyəsini azaltmaq, sağlam pəhriz saxlamaq, bu zaman tərəvəz və meyvələri rasiona daxil etmək, xörək duzundan az istifadə etmək tövsiyə olunur. İnsult keçirmiş insanlar təkrarlanan insultun qarşısını almaq üçün həkimin təyin etdiyi dərmanları düzgün qəbul etməli və mütəmadi olaraq nevroloqa baş çəkməlidirlər”.

Qeyd edək ki, hazırda ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsində insult və insultdan sonrakı bərpa dövründə müalicə prosesi uğurla həyata keçirilir. Burada xəstələrin lazımi diaqnostikası, müalicəsi, o cümlədən fizioterapevtik müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb.