Tibb və sağlamlıq elmləri təhsili kafedrasında növbəti təlimlərə start verilib

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi təhsildən inteqrasiya olunmuş, tələbə mərkəzli və problem əsaslı təhsil sistemlərinə keçid getdikcə sürətlənir. Azərbaycan Tibb Universitetinin gənc kafedralarından olan Tibb və sağlamlıq elmləri təhsili kafedrasının əsas fəaliyyət istiqamətlərindən biri tələbələrlə işdirsə, digəri pedaqoji heyətin fəaliyyəti ilə bağlıdır.

Kafedranın müdiri, dosent Samir Cavadlı ötən müddət ərzində görülmüş işlərlə bağlı məlumat verib:

“Hazırda tibb təhsili sistemində tələbənin dinləyici olduğu passiv təhsil üsulları əvəzinə, tələbənin iştirakçı və yaradıcı olduğu aktiv təhsil metodları üstünlük təşkil edir. Tibb fakültəsini və ya hər hansı bir ixtisası bitirmək pedaqoq ixtisası qazanmağın göstəricisi ola bilməz. Tibb sahəsində təcrübə qazanmaq üçün təhsilə ehtiyac olduğu kimi, tibb təhsilçisi ixtisasını qazanmaq üçün də təlim prosesi lazımdır. Tibb Universitetində dərs deyən müəllim və həkimlərin əsas vəzifələrinin tədris olması təlimçinin təliminin əhəmiyyətini daha da artırır. Belə ki, tibb təhsilindəki inkişaf pedaqoq hazırlığı proqramlarının əhəmiyyətini getdikcə daha çox ön plana çıxarır.

Dünyada tibb təhsili sahəsində baş verən dəyişikliklər tibb müəllimlərinin təhsildə özlərini qiymətləndirməsi və inkişaf etdirməsi zərurətini ortaya çıxarıb. Tibb pedaqoqlarının təlim metodları və texnikaları üzrə təlim keçmələri ilə bağlı artan konsensus var. Müəllim heyətinin təhsil ehtiyaclarının qiymətləndirilməsi, bu ehtiyacların ödənilməsində prioritet hədəflərin müəyyən edilməsi (fakültənin qiymətləndirilməsi) və bu ehtiyacları qarşılayaraq daha yaxşı tibb müəllimi olmaq prosesində effektiv təlim proqramlarının yaradılması (fakültə inkişafı) xüsusilə son 20-30 ildə böyük əhəmiyyət qazanıb. Yəni yaxşı təlimçi təhsili proqramı tibb təhsili proqramının uğuru üçün əvəzsiz amillərdən biri hesab olunur”.

S.Cavadlının bildirdiyinə görə, tibb pedaqoqlarının əsas işi tələbə və köməkçi təhsili həyata keçirməkdirsə, digər tərəfdən onlar intensiv tədqiqat və xəstə baxım fəaliyyətləri ilə məşğuldurlar: “Bu mürəkkəb vəziyyətdə akademik və peşəkar bacarıqlarını artırmaq üçün “Pedaqoji peşəkarlığın inkişafı” təlim proqramlarından yararlanmaq professor-müəllim heyətinin fəaliyyətində vacib şərtlərdən biridir.

Qeyd olunanların vacibliyini nəzərə alaraq, Azərbaycan Tibb Universitetində həyata keçirilmiş yeniliklərdən biri də məhz ötən ilin sentyabrında Tibb və sağlamlıq elmləri təhsili kafedrasının yaradılması oldu. Kafedranın tədrislə yanaşı, əsas fəaliyyətlərindən biri də universitetin professor və müəllim heyətinə təlimlərin keçirilməsidir. Kafedra fəaliyyətə başladığı 2022/2023-cü tədris ilində qış və yaz semestrlərində hər birində iki qrup olmaqla qeyd olunan təlimləri həyata keçirib. “Pedaqoji peşəkarlığın inkişafı” təlimlərinin proqramına “necə öyrədirik və yaxud necə öyrənirik?”, həmçinin tədris proqramının hazırlanması, öyrənmə hədəflərinin müəyyən edilməsi, kiçik və böyük qruplarda, klinikada tədrisin necə təşkil olunması, ölçmə və qiymətləndirmə metodları, tədrisin planlanması, yazılı imtahanların təşkili və s. istiqamətləri əhatə edən mövzular daxil edilib. Ötən tədris ilində təşkil olunmuş təlimlərlə bağlı universitetimizin akademik personalı tərəfindən müxtəlif başlıqlarda bir sıra təlimlər keçirilib. “Davamlı olması faydalı olar”, ”Yeni tətbiqlərdən növbəti dərslərdə istifadə etməyi düşünürəm”, “Böyük qruplarda yeni tədris metodunu mühazirəmdə tətbiq edirəm”, “Tələbələr çox razı qaldılar”, “Dərsin düzgün formatda qurulmasını, prezentasiyasını düzgün formatlaşdırıb təqdim etməyi öyrəndim” və s. kimi adlar altında keçirilən təlimlərə müsbət rəylər bildirilib”.

Kafedra müdirinin sözlərinə görə, bu il də sentyabrın 5-dən etibarən eyni proqramı üzrə təlimlərə start verilib.