16 sentyabr Beynəlxalq Cərrahlar Günüdür
Sentyabrın üçüncü şənbə günü (bu il - 16 sentyabr) Beynəlxalq Cərrahlar Günüdür. Travmatoloqların, neyrocərrahların, ginekoloqların və digər mütəxəssislərin öz peşə bayramları olsa da, Beynəlxalq Cərrahlar Günü cərrahi fəaliyyət göstərən bütün tibb işçiləri üçün aktualdır. ATU-da cərrahi yönümlü kafedraların, ayrıca cərrahi klinikanın fəaliyyət göstərməsi bu sahəyə xüsusi diqqət yetirilməsinin göstəricisidir. Bu əlamətdar gün ərəfəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının aparıcı mütəxəssisi, Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev ölkəmizdə cərrahiyyənin inkişaf yolu haqqında fikirlərini bizimlə bölüşüb: “Azərbaycanda və türk dünyasında “loğmanlar” adlandırılan təbiblərin tarixi hətta eramızdan əvvəlki dövrə gedib çıxsa da, Azərbaycanda cərrahlığın inkişaf tarixi yazılı mənbələrə görə XI əsrdən başlayır. Həmin dövrdə Ömər Osman oğlu Hafiyəddin Şamaxıda ilk tibb məktəbini - “Mədrəseyi Tibbi” açıb. XII-XIII əsrlərdə Atabəylərin hakimiyyəti dövründə təbabət, o cümlədən cərrahiyə sahəsində Cəlaləddin Təbib, Fəxrəddin Əbu Abdulla ən Naxçıvani, Əkməliddin ən Naxçıvani kimi məşhur həkimlərimiz olub”.
O, sonrakı dövrlərdə Əbdül Kərim MehmandarovunPeterburq Tibb Cərrahlıq Akademiyasında, Xudat bəy Rəfibəyovun Xarkov Universitetində, həmçinin B. Həsənbəyov, C. Lənbəranski, N. Nərimanov, M. İsrafilbəyov, S. Əfəndiyev, Q. Musabəyov, T. Şahbazi, M. Mirqasımov, M. Topçubaşov və başqalarınınRusiyanın müxtəlif şəhərlərində tibb təhsili aldığını xatırladıb. Amma ölkəmizdə elmi cərrahiyyənin 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətin yaranmasından sonra inkişaf etdiyini vurğulayaraq bildirib ki, bunun ən bariz nümunəsi 1919-cu ildə yaradılan Bakı Dövlət Universitetində tibb fakültəsinin açılması idi: “Burada təhsilə cəlb olunan milli kadrlarımızdan M. Mirqasımov, S. Kazımov, M. Topçubaşov, H. Talışinski, İ. İsmayılzadə, M. Hacıqasımov, A. Qafarov, Z. Məmmədov, F. Əfəndiyev, T. Əmirov və digər tanınmış alimlərimizin adlarını çəkə bilərik. Onu da təəssüflə qeyd edim ki, Azərbaycan Demokratik Cümhuriyyətinin rus işğalçıları tərəfindən sovet bayrağı altında devrilməsi səbəbindən, tibb sahəsində də durğunluq yaranmışdı. Amma sonradan sovet təbabətinin tərkib hissəsi olaraq Azərbaycanda cərrahiyyənin inkişaf etdirilməsi üçün müəyyən işlər görüldü. Bu inkişafda adı çəkilən və çəkilməyən, Azərbaycanda cərrahlıq məktəbi yaradan, həmçinin müasirlərimiz sayılan akademik B. Ağayev, A. Tahirov, B. Abasov, İ. Məmmədov, N. Rzayev, B. Aşurov, Ç. Cəfərov, H. Sultanov, M. Nəsirov kimi görkəmli alimlərin müstəsna xidmətləri danılmazdır”.
Bununla belə, Azərbaycanda cərrahiyyənin sürətli inkişaf dövrünün ikinci dəfə milli müstəqillik qazandığımız dövrə, son 30 ilə təsadüf etdiyini söyləyən E. Ağayev, bu proseslərin bilavasitə iştirakçısı olduğunu diqqətə çatdırıb: “Mən özüm şahidəm ki, biz milli müstəqillik qazanana qədər hətta mərkəzi klinikalarımız xoşagəlməz vəziyyətə düşmüşdü. Sovet nostaljisi ilə yaşayan bəzi insanlara o dövrdəki acınacaqlı durumu xatırlatmaq istərdim. Xüsusilə də keçmiş SSRİ-nin son dönəmlərində dünya,hətta qonşu Türkiyə, İran dövlətlərinin cərrahiyyəsi ilə müqayisədə cərrahiyyəmiz özünün tənəzzül dövrünü yaşayırdı. Adi tibbi alətlərin, qurğuların, tibbi ləvazimatların çox böyük çatışmazlığı hər addımbaşı hiss olunurdu. Yadımdadır, I Qarabağ savaşında və 20 Yanvar hadisələrində M. Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Klinik Xəstəxanasına çoxsaylı yaralılar gətirilirdi. Yaralı qazilərin müalicəsində böyük çətinliklər çəkirdik. Lazimi dərman preparatları, antibiotiklər, ağrıkəsicilər, qazlı qanqrena əleyhinə zərdab, sarğı materialları çatışmırdı. 10-15 həkim bir otaqda otururduq, əməliyyatxanaları qızdırıcı peçlərlə isitməyə çalışırdıq”.
E. Ağayevin sözlərinə görə, yalnız ikinci dəfə müstəqillik qazandıqdan sonra cərrahiyyəmiz sürətli inkişaf yoluna qədəm qoyub: “Bu inkişafda qardaş Türkiyə Cümhuriyyətində tibbi təhsil almağa göndərilən gənc kadrlarımızın da rolu böyükdür. Türkiyədə təhsil alan gənclərimizin geri dönüşü sayəsində endoskopik, laporoskopik, azinvaziv cərrahiyyə, endovaskulyar damar, açıq və qapalı ürək əməliyyatları respublikamızda uğurla icra olundu. Biz bütün bunlara görə Azərbaycanda kadrların təmənnasız yetişdirilməsində çox böyük xidmətləri olan Türkiyəli alimlərimizə, cərrahlarımıza borcluyuq. Çünki ikinci milli müstəqilliyimizə qədər ölkəmizdə açıq ürək əməliyyatı edə bilən 1-2 nəfər vardı. Həmin əməliyyatlar isə arzuladığımız beynəlxalq standartlara cavab verən səviyyədə deyildi. Ancaq indi açıq ürək,damar əməliyyatları da daxil, ən mürəkkəb əməliyyatları yüksək peşəkarlıqla həyata keçirənkadrlarımız kifayət qədərdir”.
Professor E. Ağayev həm Bakı şəhərində, həm də regionlarda möhtəşəm diaqnostika və müalicə mərkəzlərinin, o cümlədən ATU-da 4 klinikanın yaradılmasının əhəmiyyətindən də danışıb. Özünün də çalışdığı Tədris Cərrahiyyə Klinikasında hər gün onlarla insan həyatını xilas edərək üzərlərinə düşən məsuliyyətli missiyanı layiqincə yerinə yetirən həmkarlarını, ümumilikdə Azərbaycan cərrahlarını peşə bayramları münasibətilə təbrik edib, onların hər birinə cansağlığı, xoşbəxtlik dolu illər arzulayıb.