Hər dərdin öz dərmanını bilənlər

ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli: “Hazırda Azərbaycanda 5000-dən artıq ali təhsilli əczaçı bakalavr və magistr var. Onların demək olar ki, hamısı ATU-nun Əczaçılıq fakültəsinin məzunlarıdır”

25 Sentyabr - Beynəlxalq Əczaçı Günüdür. Əczaçılıq deyəndə, ilk növbədə ağla xalq təbabəti, dərmanlar, elmi araşdırmalar gəlir. Xəstə hər hansı bir dərmanı əldə edənə kimi, onu bütün mərhələlərdə bir əczaçı müşayiət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinə zəmanət verməkdir.

Bu günün tarixi ilə bağlı ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli bizimlə fikirlərini bölüşüb: “Beynəlxalq Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası tərəfindən İstanbulda keçirilən konqresdə təsis edilib. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistika onu göstərir ki, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq millilikdən çıxaraq qlobal xarakter alıb”.

Azərbaycanda əczaçılıq elminin yaranması və inkişafı barədə danışan F.Mədətli deyib ki, ölkəmizdə ali əczaçılıq təhsilinə 1938-ci ildən başlanılıb və Bakıda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib: “Lakin 1941-1945-ci illərdə İkinci dünya müharibəsi zamanı institut əməkdaşlarının bir hissəsi ordu sıralarına cəlb edildiyindən, tədris prosesində ciddi çətinliklər yaranır. 1942-ci ildə bu institut ləğv edilərək onun bazası və tələbələri Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən Əczaçılıq fakültəsinə verilir. Hazırda Azərbaycanda 5000-dən artıq ali təhsilli əczaçı bakalavr və magistr var. Onların demək olar ki, hamısı ATU-nun Əczaçılıq fakültəsinin məzunlarıdır. Fakültənin kafedraları yüksək ixtisaslı əzaçı kadrlar hazırlamaqla yanaşı, eləcə də elmi-pedaqoji kadrların hazırlanmasında da yaxından iştirak edir”.

Fərəh xanım əlavə edib ki, bu gün ölkədə ali təhsil sistemində aparılan islahatlar ali əczaçılıq təhsilində də öz əksini tapıb: “Belə ki, fakültədə çoxpilləli təhsil sisteminə (bakalavr, magistr) keçilib. Fakültədə həm xarici ölkə vətəndaşları, həm də bizim tələbələr müvafiq olaraq Azərbaycan, rus və ingilis dillərində bakalavr və magistr pillələrində təhsil alırlar. Hazırda fakültəmizdə 411 bakalavr və 2 kurs, 5 ixtisas üzrə 39 magistr təhsil alır. Yaxın gələcəkdə ixtisasların artırılacağı gözlənilir.

ATU-nun Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə tədris proqramlarının Azərbaycan səhiyyəsi tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi universitetimizin beynəlxalq arenada nüfuzunun yüksəlməsi, reytinq siyahılarında daha yüksək yerlər əldə etməsi deməkdir. Bu həm xarici tələbələrimizin sayını artırmaq, həm də məzunlarımızın diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliyə doğru böyük bir addımdır”.

Dekan vurğulayıb ki, Beynəlxalq Əczaçı Günü - səhiyyə sistemində əczaçıların işinin əhəmiyyətini anlamaq üçün yaxşı bir fürsətdir: “Bütün dünyada farmasiya elminin və praktikasının minlərlə nümayəndəsi hər gün dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə ünsiyyətdədir.

Bu məsuliyyətli peşənin bir nümayəndəsi olaraq, bütün əczaçılarımızı və Əczaçılıq fakültəsinin tələbələrini ürəkdən təbrik edirəm”.