ATU əməkdaşları BMT-nin tədbirində məruzə oxuyublar

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və assistent Səbinə İsrafilova Beynəlxalq Davamlılıq Cəmiyyəti (ISC) və tərəfdaşlarının birgə hazırladığı BMT-nin 78-ci Ümumi Yığıncağı çərçivəsində məruzə ilə çıxış ediblər.

“Elm və təhsil sahəsində qlobal elmi əməkdaşlıq və innovasiyaların genişləndirilməsi yolu ilə davamlı inkişafa nail olmaq” adlı IX Elmi Zirvə sammitində onların “Morfoloji fənlərin tədrisində interaktiv metodların rolu” mövzusunda çıxışı maraq doğurub. Zirvə sammitinin məqsədi qlobal elm mexanizmlərini və fəaliyyətlərini nümayiş etdirmək üçün elm sahəsində əməkdaşlıqları genişləndirmək idi. Əməkdaşlarımızın bu istiqamətdə töhfəsi isə Kahoot və Mentimeter kimi interaktiv üsullardan istifadə edərək, ənənəvi üsullarla müqayisədə histologiya dərslərində tələbələrin aktivliyinin və fənnə olan marağın artmasının təhlilinin aparılması olub. Belə ki, tələbələrin histoloji preparatların və elektronoqramaların nümayişi ilə interaktiv sorğular və testlərə verdikləri cavablara əsasən liderlər siyahısı müəyyən edilib. Beləliklə, dərhal səhvlərini anlaya və bundan nəticə çıxararaq, fənni daha yaxşı mənimsəyə biliblər. Nəticədə tələbələrin ənənəvi üsullarla müqayisədə daha aktiv olmaları və dərsə marağın artması müşahidə edilib (müvafiq olaraq 20% və 15%). Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.