Tanınmış kardioloq gənc həkimlərə və rezidentlərə mühazirə oxuyub
Oktyabrın 5-də Rezidentura və magistratura şöbəsinin və Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə ATU-nun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, klinikanın Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq, t.ü.f.d Qalib İmanov gənc həkimlər və rezidentlər üçün “Kəskin ürək-damar çatışmazlığı” (etiopatogenezi, klinik variantları) mövzusunda mühazirə söyləyib.
Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov əvvəlcə toplantıda iştirak edən həkim-müəllimləri Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib. Daha sonra məruzəçinin bu sahədə aparıcı mütəxəssis olduğunu və universitet rəhbərliyinin bu seminarları diqqət mərkəzində saxladığını vurğulayaraq, gənc həkimləri və rezidentləri yaradılan bu imkandan maksimum faydalanmağa çağırıb.
Qeyd olunan xəstəlik barədə məlumat verən məruzəçi çıxışında bildirib ki, ürək çatışmazlığı kəskin və xroniki gedişata malikdir: “Ürək çatışmazlığı arterial hipertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması - miokard infarktı nəticəsində ürəyin, daha doğrusu ürək əzələsinin gücə düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarilə orqan və toxumaların hipoksiyası və digər metabolizm pozğunluqları meydana çıxır”.
Həkimin sözlərinə görə, kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir: “Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya, ya da bradikardiyalar, travma nəticəsində meydana çıxan ürək tamponadası, ürək qapaqçıqlarının vətər elementlərindən birinin qəfləti qırılması, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu patoloji funksional pozğunluğa orqanizm hazır olmadığı üçün kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlayır.
Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edir və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır”.
Sözünə davam edən məruzəçi anadangəlmə və sonradan qazanılmış ürək qüsurlarından da bəhs edərək onların əlamətləri, gedişatı və təsnifatı, həmçinin səbəbləri, patogenezi və təzahürləri barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda müzakirəyə çıxarılan mövzu ətrafında sual-cavab şəklində müzakirə təşkil olunub.