ATU-nun Rezidentura və magistratura şöbəsinin və Tədris Terapevtik Klinikasının birgə təşəbbüsü ilə “İdiopatik Trombositopenik Purpura” mövzusunda seminar kecirilib.
Rezidentlərlə elmi seminarların kecirilməsinin əhəmiyyətindən danışan Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov gənc mütəxəssislərin təbabətin aktual problemlərinə dair məruzələrinin həmişə böyük maraqlı qarşılandığını bildirib.
Rezidentura şöbəsinin dekan müavini, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov bu cür seminarların həm gənc həkimlər, həm də rezidentlər ücün səmərəli olduğunu, təmsil etdiyi şöbənin həmin seminarların təşkilinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Bundan sonra həkim-hematoloq Ələmdar Cəfərovun adıçəkilən mövzu ilə bağli məruzəsi dinlənilib. İdiopatik Trombositopenik Purpuranın immun bir xəstəlik olduğunu söyləyən məruzəçi immun sistemdə baş verən dəyişikliklər səbəbindən orqanizmin öz hüceyrəsini yad hüceyrə kimi qəbul edərək məhv etdiyini diqqətə çatdırıb: “Qanda trombositlərin miqdarı normalda 150-400.000 arası olur. Trombositopeniya trombositlərin hər hansı səbəbdən 100.000-nin altına enməsinə deyilir. Trombositopeniya izolə (tək) və kombinə (anemiya, leykopeniya, leykositoz) şəklində qarşımıza çıxa bilir”.
Həkim-hematoloq trombositopeniyaların yaranma mexanizminə görə 4 qrupa bölündüyünü deyib. Qeyd edib ki, birinci qrup trombositopeniya trombositlərin yetişməsindəki (sintezindəki) problemlərlə əlaqədar olaraq yaranır. İkinci qrup trombositopeniya trombositlərin parçalanması, üçüncü qrup anormal paylanması nəticəsində əmələ gəlir. Dördüncü qrupa isə qarışıq hallarda yuxarıda adları sadalanan hallardan ən çox rast gəlinəni -İmmun (idiopatik) Trombositopenik Purpura (İTP) daxildir: “İTP bəzən öz-özünə geri çəkilə, təkrarlana, xronikləşə bilən qanaxma (purpura), həmçinin halsızlıq, yorğunluqla müşayət olunan, xəstənin həyat keyfiyyətinə təsir edən autoimmun qanaxmalı trombosit xəstəliyidir. Bu zaman həm trombositlərin parçalanmasında, həm də istehsalında yaranmış problemlə əlaqədar gedən izolə özünü trombositopeniya şəklində büruzə verir. Bu xəstəlik bütün yaş qruplarında rast gəlinir. Cinsiyyətə görə müxtəlif dövrlərdə fərqlilik göstərsə də, kişi, qadın nisbəti eynidir”.
Məruzədə xəstəliyin diaqnostikası və müalicə üsulları da öz əksini tapıb.
Müzakirələr zamanı klinikanın baş həkimi Fəridə Hacıyeva, II Daxili xəstəliklər kafedrasının dosenti Gülər Fətəliyeva və hematoloq Şəhla Şabanova da cıxış edərək rezidentlərlə fikir mübadiləsi aparıblar.
Seminarın sonunda məruzəçi tədbir iştirakçılarının mövzuyla bağlı suallarını cavablandırıb.