Professor Rauf Bəylərov: Bronx-ağciyər patologiyalarının sayı 800-dən çoxdur
Oktyabrın 13-də “Radisson Hotel”də “Ağciyər sağlamlığı” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub. Azərbaycan Tibb Universiteti və Türkiyənin Ağciyər Sağlığı və Yoğun Bakım Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov çıxış edərək ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil və səhiyyə sahəsində də dinamik inkişafının müşahidə edildiyini söyləyib.
O, ölkə başçısının səhiyyə sahəsində apardığı islahatlar nəticəsində vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə yeni tibb müəssisələrinin tikilməsi və müasir tipli avadanlıqlarla təchiz edilməsi bu yüksəlişin bariz nümunəsidir: “Aparılan məqsədyönlü siyasət Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə və tibb təhsilinə inteqrasiyasına zəmin yaradır. Azərbaycan Tibb Universitetində də bu istiqamətdə əhəmiyyətli işlər görülüb və görülür. Həyata keçirilən layihələrdə qardaş Türkiyədən, o cümlədən tibb təhsili verən universitetlərdən daim böyük dəstək alırıq”.
Professor R.Bəylərov pulmanologiyanın aktual problemlərinə həsr olunmuş bu konfransın da iki qardaş ölkənin mütəxəssisləri tərəfindən keçirilməsindən məmnunluğunu ifadə edib. Onu da vurğulayıb ki, ümumilikdə bronx-ağciyər patologiyalarının sayı 800-dən çoxdur, bunların təxminən 200-ə qədəri səpələnmiş xəstəliklərdir. Bronx-ağciyər patologiyaları həm dünyada, həm də ölkəmizdə ən çox rast gəlinən, insanların əmək qabiliyyətini itirməsinə və ölümünə səbəb olan əsas patologiyalardan biridir.
Bronx-ağciyər patologiyalarının aktual problemlərinə dair maraqlı məruzələrin dinləniləcəyinə inandığını söyləyən prorektor, çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransın sədr müavini, Ankara Universitetinin Tibb fakültəsinin Döş qəfəsi xəstəlikləri kafedrasının professoru Akın Kaya və Bakırçay Universitetinin Tibb fakültəsinin Döş qəfəsi xəstəlikləri kafedrasının professoru Ahmet Emin Erbaycu da açılış mərasimində çıxış ediblər. Qardaş ölkədə olmaqdan məmnunluqlarını dilə gətirən professorlar hər iki ölkə üçün önəmli olan bu cür konfransların gələcəkdə də davamlı şəkildə, sıx əməkdaşlıq çərçivəsində keçirilməsinin vacibliyindən danışıblar.
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov pulmanologiya sahəsində qardaş Türkiyə ilə sıx əlaqələrimizin olmasına xüsusi diqqət çəkib. Türkiyədən 70-ə yaxın qonağın, həmçinin onların arasında dünya səviyyəsində tanınan mütəxəssislərin, eləcə də ağciyər patologiyaları ilə məşğul olan azərbaycanlı həkimlərin qatıldığı konfransın iki qardaş ölkə mütəxəssisləri arasında fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
Konfrans öz işini iki gün ərzində bölmə iclasları ilə davam etdirəcək. “Astmanın müalicəsi”, “Tənəffüs yollarının bədxassəli obstruksiyasının müalicəsi”, “YİKT görüntüləri (düyünlü, xətti, mozaik)”, “Dərmanlara davamlı ağciyər vərəmi”, “Ağciyər emboliyası” mövzularında və bronx-ağciyər patologiyalarının diaqnostikasında böyük əhəmiyyətə malik olan radioloji müayinələr haqqında məruzələr dinləniləcək.