TEC-in geniş toplantısında maraqlı müzakirələr aparılıb
Oktyabrın 18-də ATU-nun Tələbə Elmi Cəmiyyətinin rəhbərliyi ilə üzvləri arasında geniş toplantı keçirilib. Toplantı iştirakçılarını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edən Tələbə Elmi Cəmiyyətinin Elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov söyləyib ki, bu hadisə dövlətçilik tariximizdə böyük əhəmiyyət kəsb edir və ölkəmizin inkişaf yoluna qədəm qoyması məhz müstəqilliyimizlə ölçülür.
Çünki elm-təhsil, mədəniyyət və s. sahələrdə azad və müstəqil dövlət olaraq dünyanın aparıcı ölkələri ilə sərbəst rəqabət apara bilirik. Bundan sonra TEC-in hazırkı durumu və gələcək fəaliyyət proqramı haqqında ətraflı məlumat verən M.Həsənov bildirib ki, təşkilatın sıraları ildən-ilə genişlənir və qaydalar da günün tələblərinə uyğun olaraq yenilənir. O, əlavə edib ki, universitetimizdə təhsil alan xarici tələbələrin də elmi-tədqiqat işlərinə marağını nəzərə alaraq təşkilata cəlb etmək məqsədəuyğun haldır.
Tədbirdə çıxış edən II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli hazırkı TEC-i öz tələbəlik illəri ilə müqayisə edərək bildirib ki, bu gün tədqiqat işi aparan tələbələr üçün universitetdə əlverişli şərait var. Onlar öz axtarışlarını daha müasir üsullarla həyata keçirir və daha aktual mövzular seçirlər. Bundan başqa, ənənəvi olaraq hər il keçirilən TEC-in konfranslarında çıxış edən tələbələrin elmi məruzələri toplu halında çap olunur ki, bu da daha bir stimuldur.
Universitetin müəllimləri Zülfiyyə İsmayılova və Aqil Əliyev TEC-in faydalı fəaliyyətindən bəhs edib, yeniliklər barədə məlumat veriblər. Onlar çıxışlarında vurğulayıblar ki, son dövrlər TEC-in konfranslarına təqdim edilən məruzələrin əksəriyyəti öz aktuallığı, müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənir və təbabətdə ehtiyac duyulan problemlərə həsr olunur.
Toplantıda qərara alınıb ki, belə görüşlər bundan sonra hər ay keçirilsin və cəmiyyətin fəaliyyəti, həmçinin keçiriləcək tədbirlər əvvəlcədən müzakirə olunub rəhbərliyə çatdırılsın. Təklif olunub ki, il ərzində çoxsaylı tədqiqat işi aparan tələbəyə “İlin ən yaxşı tədqiqatçı tələbəsi” adı və xüsusi pul mükafatı verilsin.
Bildirilib ki, TEC-in fəaliyyət proqramına daxil olan məsələlərdən biri də ənənəvi kursların onlayn təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, eləcə də qabaqcıl ölkələrin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulmasıdır ki, bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və beynəlxalq tibb təhsilinə inteqrasiya baxımından əhəmiyyətlidir.
Tədbirdə maraqlı müzakirələr aparılıb, TEC-in fəaliyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra təkliflər irəli sürülüb.