Oktyabrın 19-da ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Terapevtik Klinika ilə birlikdə rezidentlər üçün növbəti seminar keçirib.
Seminarı açan Rezidentura və magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov qeyd edib ki, II Daxili xəstəliklər kafedrasının dosenti Səbinə Məşədiyevanın məruzəsi iştirakçılar üçün maraqlı olacaq. Çünki onun “Hipoparatireozun müasir müalicəsi” adı altında təqdim etdiyi mövzu da əvvəlkilər kimi çox aktualdır və bu xəstəlikdən əziyyət çəkənlərin sayında son zamanlar artım müşahidə olunur.
S.Məşədiyeva diqqətə çatdırıb ki, hipoparatireoz qalxanvari ətraf vəzilərin sekresiya etdiyi parathormonun azalması və yaxud heç olmaması ilə müşahidə olunan vəziyyətdir: “Parathormon orqanizmdə kalsiumun və fosforun mübadiləsinə cavabdeh hormondur. Onun çatmazlığı ciddi ağırlaşmaya – hipokalsiemiyaya gətirib çıxara bilər.
Kalsium ürək və skelet əzələlərinin aktiv işi, sinir oyanıqlığı, maddələr mübadiləsinin bütün növləri üçün vacib vasitədir. Sümük toxumasında mineralizasiyanı təmin edir və qanın laxtalanması faktorlarını aktivləşdirir”.
Sözünə davam edən məruzəçi bildirib ki, son illər paratireoid vəzlərin autoimmun zədələnmələri də artıb və endokrinoloqlar xəstəliyin bu formasına tez-tez rast gəlirlər: “Hipoparatireoz zamanı skelet əzələlərin sinir-əzələ oyanıqlığı artır, paresteziyalar, çox ağrılı qıcolmalar, əzələ dartılmaları əmələ gəlir, əsasən bu qıcolmalar aşağı və yuxarı ətrafların əzələlərində və üz əzələlərində olur. Daxili orqanların əzələləri də bu prosesə qoşula, bronxospazm, larinqospazm əmələ gələ bilər. Ağır hallarda tənəffüs, udma pozulmaları olur. Mədə-bağırsaq sisteminin əzələlərində proses gedəndə ishal və ya qəbizlik yaranır. Tez-tez vegetativ pozulmalar (istigəlmə, titrəmə, ürəkdə ağrılar, arterial hipotoniya) olur.
Xəstəlik uzun müddət müalicə olunmayanda trofik pozulmalar əmələ gəlir, diş emali pozulur, dəri quruyur, dırnaqlar kövrəkləşir, katarakta əmələ gəlir. Psixi pozuntular, ağır nevrozlar, yaddaşın zəifləməsi, yuxusuzluq yaranır və depressiyaya gətirib çıxarır”.
Seminarın sonunda Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva vurğulayıb ki, hər dəfə bir həkimin aktual mövzuda rezidentlər qarşısında çıxış etməsi maraqla qarşılanır və onların gələcək fəaliyyətində böyük əhəmiyyətə malikdir.