Professor Lalə Allahverdiyeva dünyada ilk dəfə postkovid sindromunun reabilitasiyasından bəhs edib
ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın dünyada ilk dəfə postkovid sindromunun reabilitasiyası mövzusunda ərsəyə gətirdiyi monoqrafiya bu sahədə ümumiləşdirilmiş elmi əsər kimi əhəmiyyətlidir.
Müəllifin öz tədqiqatlarının nəticələrinin elmi-nəzəri və praktik təhlil edildiyi “COVID-19. Əsrin xəstəliyi” nəşrini Azərbaycan tibb elminin növbəti uğuru hesab etmək olar.
Koronavirusun yaratdığı problemlərlə bağlı səhiyyənin qarşısında duran vəzifələr və postkovid dövründə insanların sağlamlığının təmin olunmasında yeni istiqamətlərin araşdırıldığı kitabın bu günlərdə Naxçıvan Dövlət Universitetində (NDU) təqdimatı keçirilib.
NDU-nun rektoru Elbrus İsayev təqdimat iştirakçılarını salamlayaraq, belə dəyərli kitabın universitetdə təqdimatından məmnunluğunu ifadə edib. Rektor müəllifin ərsəyə gətirdiyi kitabın bu sahədə ilk olduğunu, pandemiya və ondan sonrakı dövrdə xəstələrdə əmələ gələn fəsadların müalicəsində əvəzsiz olduğunu qeyd edib.
Təqdimatda professor Lalə Allahverdiyeva “Postkovid sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxışında COVID-19 pandemiyasından sonra xəstələrdə postkovid sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib.
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, ATU-nun dosenti Təranə Tağı-zadə COVID-19 pandemiyasının bioloji və tibbi aspektləri üzrə ən son elmi məlumatların təhlilinin aparıldığı kitabı müəllifin uğurlu layihəsi kimi qiymətləndirib.
NDU-nun Təməl tibb fənləri kafedrasının müdiri, dosent İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva da “COVID-19. Əsrin xəstəliyi” kitabı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Qeyd olunub ki, nəfis tərtibatla çap olunan kitab giriş, 20 fəsil, 256 səhifə və 193 ədəbiyyat siyahısından ibarətdir. Kitabda, həmçinin postkovid sindromu, bu tip xəstələrin müalicəsi, pandemiya zamanı əhalinin, tibbi personalın psixoloji sağlamlığı, xəstələrin kliniki müşahidəsinin aparılması, pandemiya və sonrakı dövrdə tibbi texnologiyaların tətbiqi və bu xəstələrin medikamentoz terapiyası haqında məlumatlar da öz əksini tapıb. Kitabın elmi əhəmiyyəti nəzərə alınaraq, xarici dillərə tərcümə olunması tövsiyə edilib.
Göstərilən diqqətə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirən müəllif kitabı ali təhsil ocağının Elmi Kitabxanasına hədiyyə edib.
Maarifləndirici əhəmiyyətli bu kitab müxtəlif ixtisaslardan olan həkimlər, ATU-nun rezidentləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.