Bu günlərdə Anesteziologiya və reanimatologiya kafedrasının əməkdaşları tərəfindən tərtib olunmuş “Anesteziologiya, Reanimatologiya və İntensiv terapiyada praktik vərdişlər” adlı dərs vəsaiti işıq üzü görüb.
ATU-nun “Təbib” nəşriyyatının ərsəyə gətirdiyi bu vəsait Universitetdə aparılan islahatlar, o cümlədən bacarıqyönlü tədrisin həyata keçirilməsi nöqteyi-nəzərindən günün tələblərinə uyğundur. Kitab haqqında müəllimlər, tələbələr və rezidentlər tərəfindən müsbət rəylər səslənməkdədir.
Kafedranın müdiri, professor İsfəndiyar İsmayılovun redaktəsi ilə hazırlanan, 242 səhifə, 9 bölmədən ibarət olan bu dərs vəsaitində xəstənin vəziyyətinin qiymətləndirilməsi, damar yolunun əldə olunması, xarici tənəffüsün, qan dövranının bərpası üsulları, kardio-pulmonar resussitasiya, boşluqların punksiyası və drenajı, müasir detoksikasiya metodları, sedasiya və analgeziya tədbirləri, geniş tətbiq edilən düsturlar və normativlər öz əksini tapıb. Kitabın üstün cəhətlərindən biri odur ki, hər bir praktik vərdişin aparılmasına göstərişlər, əks-göstərişlər, tələb olunan anesteziya, üsulun çatışmazlıqları və ağırlaşmaları ətraflı şərh olunub. Praktik vərdişə aid mətnin yanında rəngli illüstrasiya yer alıb ki, bu da bacarığın mənimsənilməsini asanlaşdırır.
Dərs vəsaitinin tərtibi zamanı müəlliflər ən müasir elmi-tibbi mənbələrə müraciət edərək, mövcud qiymətli materiallardan səmərəli bəhrələniblər. Ana dilimizdə bu qəbildən olan ilk dərs vəsaiti kimi, kifayət qədər oxunaqlı, asan başa düşülən və qavranılan olmaqla yanaşı, kitab nəfis və cəlbedici tərtibatı ilə diqqətəlayiqdir.