ATU-nun Tədris Cərrahiyyə Klinikasında I Cərrahi xəstəliklər kafedrasının təşkilatcılıgı, Rezidentura və magistratura şöbəsinin dəstəyi ilə rezidentlər və tələbələr ücün növbəti ”Mən bunu necə edirəm?" layihəsi cərcivəsində professor Eldar Əliyev "Mən anal fistulları necə əməliyyat edirəm?" mövzusunda mühazirə oxuyub.
Tədbirə online qatılan bu layihənin rəhbəri, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov bildirib ki, layihəyə iki ildir başlanılsa da indiyədək 20-ə yaxın mövzu qoyulub: “Gördük ki, rezidentlər konsiliumda fəal iştirak edir, ayrı-ayrı fikirlər söyləyirlər və özləri seminar verir, texniki bacarıq kurslarını keçirlər. Amma bunların hamısı sonucda bir təcrübəli həkimin necə etməsinə gəlib çıxır. Kafedramızın təşəbbüsü və təşkilatçılığı ilə bu layihəni başladıq. Burada məqsəd ondan ibarətdir ki, hər bir sahə üzrə təcrübəli bir müəllim, mütəxəssis bu əməliyyatı necə yerinə yetirir və bu işi necə görür? Xəstəyə diaqnozu necə qoyur? Bu xəstənin əməliyyatını və müalicəsini necə edir? Bildiyiniz kimi layihəyə ölkəmizdən və ya xaricdən öz sahəsini dərindən bilən təcrübəli mütəxəssislər dəvət olunur. Onlar ya canlı, ya da zoom vasitəsi ilə öz təcrübələrini rezidentlərimizə izah ediblər. Bu da rezidentlər üçün çox faydalı olub”.
Sonra təqdim edilən xəstəliyin yaranma səbəbləri və müalicə üsülları barədə məlumat verən professor Eldar Əliyev bildirib ki, anal fistullar diaqnostikasının cətinliyi, vahid müalicə üsulunun olmamasına görə diqqəti cəlb edir: ”Əksər hallarda fistulla əmələ gəlməsinin səbəbi kəskin paraproktitin mürəkkəb gedişatıdır. Kəskinləşmə dövründə irinlə qarışmış selik sərbəst buraxılması ilə fistula diaqnozu qoyula bilər. Bu vəziyyətdə ağrı orta dərəcədədir və axıntı çox deyil. İnstrumental müayinə zamanı təsirlənmiş toxuma sahəsində ödem və hiperemiyanın olması ilə fistula müəyyən edilir. Kəskinləşmə dövrləri xəstə yaxşılaşmağa başlayanda remissiya vəziyyəti ilə müşayiət oluna bilər.
Parirektal fistula düz bağırsağı rektal nahiyədə ətraf toxumalarla birləşdirən fistula əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Çox vaxt düz bağırsağın və ya pararektal bezlərin kəskin və ya xroniki iltihabı nəticəsində baş verir. Parirektal fistulanın simptomları arasında ağrı, narahatlıq, anusdan irin ya da qanın axması, həmçinin hərarət və ümumi zəiflik ola bilər. Diaqnoz üçün klinik müayinə, anorektoskopiya, rektoziqmoidoskopiya, eləcə də instrumental və laboratoriya tədqiqat üsulları istifadə olunur”.
Sözünə davam edən professor vurğulayıb ki, əgər xəstəlik uzun müddət müalicə olunmadan davam edərsə, o zaman çapıqlanma nəticəsində anal kanalın daralması inkişaf edə bilər: ”Bundan əlavə, zaman keçdikcə malign neoplazmaların inkişafı mümkündür. Ona görə də yuxarıda göstərilən simptomlar aşkar edilərsə, mümkün qədər tez bir proktoloqda müraciət etmək lazımdır.
Anal fistullarda öz-özünə sağalma olmur. Belə bir fikir xəstənin ancaq vaxtını alır və vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Bu da öz növbəsində müalicəni çətinləşdirir və gecikdirdikdə həmən bölgədə dəri xərçənginin yaranma riski artır. Fistula vaxtında müalicə edilməsə cərrahi üsul qaçılmazdır”.
Bundan sonra tədbirə moderatorluq edən I Cərrahi xəstəliklər kafedrasının rezidentlər üzrə rəhbəri, t.e.d. Elman Əzimov və Rezidentura və magistratura şöbəsinin müdir muavini, assistent Namiq Xəlilov məruzə ətrafında çıxış edərək mövzunun aktualliğından danışıblar. Onlar bu layihənin rezidentlərin həyatında oynadığı rolunu vurğulayaraq, layihə rəhbərinə, həmçinin verdikləri önəmli dəstəyə görə ATU-nun və Klinikanın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev iştirak edib.