Rektor, professor Gəray Gəraybəyli: “Konqresin təşkilində məqsəd qadın sağlamlığı məsələlərini diqqət mərkəzinə gətirməkdir”
Oktyabrın 27-də “Hilton” otelində Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji Klinikası və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresinin açılış mərasimi keçirilib.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən və Vətənimizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edib. Rektor bildirib ki, bu il Azərbaycan üçün çox əlamətdardır: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. Həmçinin Azərbaycan səhiyyəsində, tibb elmində dərin iz qoymuş akademik Zərifə xanım Əliyevanın da bu il 100 illiyi tamam olub.
Həmçinin bu il Azərbaycan xalqının və bütün türk dünyasının 30 il ərzində ürəkağrısı olan Qarabağ məsələsinə də nöqtə qoyuldu və 12 gün əvvəl, oktyabrın 15-də Prezidentimiz İlham Əliyev cənabları Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaltdı.
Konqresin təşkilində məqsəd onkologiyanın mühüm sahələrindən olan süd vəzi xəstəlikləri, o cümlədən süd vəzi xərçəngi, ümumiyyətlə qadın sağlamlığı məsələlərini müzakirə etmək və müxtəlif ölkələrin onkoloq, mammoloq və ginekoloqları arasında məhsuldar dialoq yaratmaqdır.
Konqresin elmi proqramı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Milli Onkologiya Mərkəzi və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası tərəfindən, süd vəzi xəstəliklərinin müalicəsi üzrə Türkiyənin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və ən aktual mövzuları əhatə edir”.
Professor G.Gəraybəyli konqresin işində dünyaca tanınmış mütəxəssislərin iştirak etdiyini qeyd edib. Bildirib ki, Türkiyə, ABŞ, Almaniya, Avstriya, Macarıstan, Hindistan və digər ölkələrdən təşrif buyurmuş ekspertlərin məruzələri böyük marağa səbəb olacaq və onkologiyanın bu sahəsinin inkişafına mühüm töhfə verəcək: “Konqres çərçivəsində iki təlim kursu da keçiriləcək ki, onlar süd vəzi xəstəliklərinin radioloji görüntüləməsi və onkoplastik cərrahi məsələlərin daha dərindən araşdırılmasına imkan yaradacaq.
Ümidvaram ki, elmi proqramın genişliyi, radioloji görüntüləmə və onkoplastik cərrahiyyə kursu, habelə Bakı şəhərinin təbii gözəlliyi və azərbaycanlıların qonaqpərvərliyi gözləntilərinizi və ümidlərinizi doğruldacaq. Tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və böyük əməyə görə Milli Onkologiya Mərkəzinin rəhbəri, akademik Cəmil Əliyevə, Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkologiya Klinikasının rəhbəri, akademik Əhliman Əmiraslanova, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının rektoru, professor Əziz Əliyevə, Milli Onkologiya Mərkəzinin Qadın Sağlamlığı Mərkəzinin rəhbəri, professor Sevinc Rəhimovaya, ATU-nun Onkoloji Klinikasının baş həkimi, Təşkilat Komitəsinin sədri, dosent Nigar Mehdiyevaya və Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının sədr müavini, dosent Həqiqət Vəliyevaya təşəkkürümü bildirirəm.
Bu konqresin təşkili nəinki səmərəli fikir mübadiləsinin aparılması və faydalı fəaliyyət proqramının hazırlanmasına, həm də dünyanın bu sahədəki aparıcı mütəxəssislərinin ölkəmizlə və tibb sahəsindəki nailiyyətlərimizlə, bizim imkanlarımız və resurslarımızla tanış olmasına imkan verəcək”.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, Sədaqət Vəliyeva çıxış ediblər. Onlar ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarından, tibb sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsindən, dünyanın aparıcı tibb müəssisələri ilə elmi-kadr mübadiləsindən danışıb, bu beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıblar.
Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Nuh Zafer Canturk, Marmara Universitetinin Tibb fakültəsinin Ümumi cərrahiyyə kafedrasının professoru Bahadır Güllüoğlu, Acıbadem Molekulyar Patologiya Laboratoriyasının direktoru, professor M.Cengiz Yekicler də öz çıxışlarında aktual mövzuya həsr olunmuş konqresin əhəmiyyətini qeyd edib, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması, kadr hazırlığı və tələbə mübadiləsindən söhbət açıblar.
Sabah da davam edəcək konqres çərçivəsində dünyanın bir çox ölkələrini təmsil edən alim-mütəxəssislərin maraqlı məruzələri dinləniləcək, təlim kursları keçiriləcək.