Gürcüstanda məşhur gürcü alimi, professor Paliko Kintroiyanın xatirəsinə həsr olunmuş III Cənubi Qafqaz Mama-ginekoloq və Perinatoloqlar konqresi keçirilib.
ATU-nun I Mamalıq-ginekologiya kafedrasının assistenti Sevinc İsmayılova “Hamiləlikdə uşaqlıq boynunun displaziyaları” movzusunda çıxış edib.
O, hamiləlikdə uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostika və müalicə taktikasının klinisist həkimlər üçün çətinlik yaradan bir durum olduğunu bildirib. Qeyd edib ki, hamilələrin uşaqlıq boynu xəstəliklərinin diaqnostikası, müalicəsi, doğuş taktikasının seçilməsi və hamilələrin monitorinqi haqqında məlumatlar ədəbiyyat və elmi-praktik tövsiyələrdə kifayət qədər işıqlandırılmamışdır. Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin və xərçəngin hamiləlik zamanı aşkarlanma tezliyinin yüksək olması bu qadınların həmin dövrdə aktiv həkim nəzarətində olması ilə əlaqələndirilir. Hamilələrdə uşaqlıq boynu xərçənginin erkən mərhələlərdə aşkarlanması ümumi populyasiya ilə nisbətdə 3 dəfə yüksəkdir.
Sitoloji müayinə zamanı əhəmiyyət kəsb etməyən nəticələr olduqda kolposkopiya müayinəsi gizli ağır dərəcəli displaziyaları aşkar etməyə kömək edir, əhəmiyyət kəsb edən nəticələri aldıqda isə kolposkopiya gələcək taktikanın seçimində yardımcı olur.
Həkim-ginekoloq son illər ərzində hamilədə CIN 2, 3 patologiyası aşkarlandıqda aqressiv müalicə taktikasının konservativ-gözləmə taktikası ilə əvəz olunduğunu diqqətə çatdırıb: “Bir sıra tədqiqatlara əsasən, uşaqlıq boynunun ekssiziyası vaxtından qabaq doğuşların riskini artırır, tədqiqatçıların digər qismi isə ekssiziyanın heç bir mənfi təsirinin olmamasını qeyd edir. Buna baxmayaraq, Tibbi Onkologiyanın Avropa Cəmiyyəti ekssizion biopsiyanı təhlükəsiz müayinə metodu hesab edir. Amerika kolposkopiya və uşaqlıq boynunun patologiyası Cəmiyyəti 2011-ci ildə bir neçə tövsiyə tərtib edib. Həmin tövsiyələrə görə, gənc hamilə qadınlarda CIN II-III diaqnozu təsdiqləndikdə, daimi diqqətli müşahidənin aparılması optimal sayılır və ekssiziya yalnız uşaqlıq boynu xərçənginə şübhə olduqda aparılır. Rus müəllifləri isə sitoloji nəticə CIN 2/3 olduqda punch-biopsiyasının, bəzi hallarda konizasiyanın aparılmasını tövsiyə edirlər. Qeyd etdiyimiz tövsiyələr onu göstərir ki, müasir dövrdə hamilələrdə uşaqlıq boynunun displaziyalarına diaqnostik və müalicəvi yanaşma taktikası dünya ölkələrində əhəmiyyətli dərəcədə fərqlənir”.