ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Terapevtik Klinika ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
Tədbir iştirakçılarını salamlayan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, klinikanın Kardiologiya şöbəsinin müdiri, Klinik farmokologiya kafedrasının dosenti Sona Qəhrəmanova "Xroniki ürək çatışmazlığının müasir müalicəsi" mövzusunda çıxış edəcək.
S.Qəhrəmanova məruzəsində xroniki ürək çatışmazlığının müalicəsində müasir dərman qrupları ARNİ və SGLT2-nin tətbiqi xüsusiyyətləri, əsas və əlavə təsirləri, eləcə də müalicə prinsipləri və üstünlüklərindən bəhs edib.
O, bildirib ki, xroniki ürək çatışmazlığı bütün dünyada olduğu kimi ölkəmizdə də geniş yayılmış ürək-damar patologiyasıdır: “Bu xəstəliyin müalicəsində müasir dərmanların istifadəsi xəstənin ömrünü uzadir, həyat keyfiyyətini yaxşılaşdırır və hospitalizasiya saylarını azaldır. Son illər bu dərmanlar sırasında 2 qrup - ARNİ (angiotenzin reseptor neprilizin inhibitor) və SGLT2 (sodium-glucose co transporter-2 inhibitor) inhibitorları xroniki ürək çatişmazlığının müalicəsində öz effektivliyini sübut edib. Bu qrup dərman preparatlarının effektivliyi Avropa və Amerikada aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində ortaya çıxıb və beynəlxalq tövsiyələrdə öz əksini tapıb. Bu dərmanları təyin edərkən xəstələrin böyrək funksiyasına, arterial təzyiqinin səviyyəsinə, qanda kalium, kreatinin miqdarına, yanaşı olaraq şəkərlı diabetin mövcudluğuna xüsusı diqqət yetirmək lazımdır. Müalicə fonunda dərmanlar eyni dərəcədə effektivlilik və təhlükəsizlik nümayiş etdirirlər: ürək- damar hadisələrinin, qəfləti ölüm riskinin, ürək çatışmazlığı səbəbindən hospitalizasiya sayının azalmasına gətirib çıxarırlar. Əgər ARNİ preparatını təyin edərkən ən kiçik dozadan başlayaraq effektiv terapevtik dozaya çatdırılana qədər titrləmək lazımdırsa, SGLT2 inhibitorlarını müalicənin əvvəlindən eyni dozada təyin etmək məsləhət görülür. Bu preparatlar ürək əzələsində gedən metabolik prosesləri aktivləşdirərək onun ən vacib olan nasos funksiyasını yaxşılaşdırırlar. Azərbaycanda da bu preparatlar uğurla xroniki ürək çatışmazlığının müalicəsində tətbiq olunur və müsbət nəticələr əldə etməyə köməklik edir”.
Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov və baş həkim Fəridə Hacıyevanın da iştirak etdiyi seminarda sualları cavablandıran S.Qəhrəmanova məruzəsinin maraqla qarşılandığından razılğını bildirib və bu cür tədbirlərin baş tutmasında universitet və klinika rəhbərliklərinin verdikləri dəstəyə görə minnətdarlıq edib.