Böyrək sancısı insan orqanizmində ən kəskin ağrıdır
Bütün dünyada geniş yayılmış uroloji xəstəliklərdən biri sidik daşı (urolitiaz) xəstəliyidir. Bu barədə “Təbib” qəzetinə danışan ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan dünyada sidik daşı xəstəliyinin endemik ocaqlarından biri hesab olunur:
“Təsadüfi deyil ki, Azərbaycanda akademik Mirqasımov tərəfindən XX əsrin əvvəllərində urologiya üzrə yazılmış ilk elmi əsər də böyrək daşına həsr edilmişdi. Bu problem indi də aktual olaraq qalır. Uroloji stasionarlarda müalicə alanların təxminən 40-50 faizi sidik daşı xəstəliyi ilə bağlı müraciət edənlərdir. Bunların içərisində həm böyrəyində, həm də sidik axarında və sidik kisəsində daş olan xəstələr daha çoxdur”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu qrup xəstələrin qəbulu üçün hər cür şərait yaradıldığını deyən R.Nağıyev qeyd edib ki, burada bütün növ rentgenoloji avadanlıq, kompüter, maqnit-rezonans tomoqrafiyası mövcuddur. Eyni zamanda yüksək səviyyəli mütəxəssislər çalışır. Ona gərə də xəstələrin müayinə və müalicəsini ən müasir üsullarla, Avropa standartlarına uyğun aparmaq mümkündür: “Kafedramız bu sahədə ən aparıcı qüvvələrdəndir. Kifayət qədər təcrübəmiz var. Həmin xəstəliklərə dair bir neçə dərslik yazılıb. Endoskopik müalicə üsulları ilə bağlı mütəmadi olaraq tələbələrimizə və rezidentlərimizə seminarlar, nəzəri dərslər keçirik, gələcəkdə praktiki kursların təşkilini də nəzərdə tutmuşuq”.
R.Nağıyev onu da diqqətə çatdırıb ki, bizim pasiyentlər ilk növbədə konservativ müalicəyə üstünlük verirlər, əməliyyat olunmaq istəyənlər azdır: “Amma daş xəstəliklərində konservativ müalicənin faydası çox olmur. Əgər yuxarı və aşağı sidik yollarında tıxanıqlıq törətməyən, böyrəkdə hidronefroz dediyimiz genişlənmə yaratmayan, 10-15 mm-ə qədər ölçüdə olan, həmçinin çıxlığı da çox olmayan daşlar varsa, müxtəlif bitki və kimyəvi tərkibli dərmanlarla bir neçə ay ərzində konservativ müalicə uğurla nəticələnə bilər. Sidik yollarında daşın olduğu digər bütün hallarda isə cərrahi müdaxilə mütləqdir. Çünki daşın sidik yollarında olması xroniki infeksiyaya şərait yaradır. Xüsusilə tıxanıqlıq yaradan daşlar böyrəyin funksiyasına qısa müddətdə ciddi zərər verir, hətta böyrəyin itirilməsinə qədər gətirib çıxarır. Bu gün qabaqcıl Avropa ölkələrində, Amerikada daş xəstəliyinin 98 faizinin müalicəsi endoskopik üsulla aparılır, yalnız 2 faiz hallarda açıq cərrahi müdaxilələr həyata keçirilir. Ölkəmizdə əvvəllər daha çox açıq cərrahiyyəyə üstünlük verilirdisə, artıq son 10-15 ildə səhiyyənin aktiv inkişafı, tibbi təchizatın güclənməsi, xaricdə təhsil almış mütəxəssislərimizin Azərbaycana dönüşü sayəsində bu faiz nisbəti kəskin dəyişməyə başladı. Dəqiq statistik məlumat olmasa da, əminliklə deyə bilərəm ki, indi Azərbaycanda bu xəstəliklərin 80 faizə yaxını qapalı üsullarla müalicə olunur”.
Müsahibimizin sözlərinə görə, böyrək daşı xəstəliyində düzgün aparılmış diaqnostika və müalicə ilə yanaşı, ən vacib məqamlardan biri də bu xəstəliyin profilaktikasıdır. Birinci profilaktik tədbir maye qəbulunun artırılmasıdır. Su qəbulunun həcmi sutka ərzində 1.5-2 litrdən az olmamalıdır. Qeyri-aktiv həyat tərzi, zərərli vərdişlər, alkoqoldan istifadə, piylənmə, artıq çəki metabolizm sindromunun əsas göstəriciləri və daş xəstəliyinin əmələ gəlməsində risk faktorlarıdır. Belə halların qarşısını vaxtında almaq da profilaktik tədbirlər sırasında xüsusi yer tutur. Bundan əlavə, daşın tərkibinə diqqət yetirilməlidir: “Unutmamalıyıq ki, maddələr mübadiləsinin pozulması səbəbindən böyrəkdə və sidik yollarında daşın əmələ gəlməsi ümumi bir problemdir. Təbii ki, genetik, geoqrafik və qida amilinin rolu da danılmazdır. Şimal bölgələrində sidik daşı xəstəliyinə rastgəlmə tezliyi daha çoxdur. Bu da böyük ehtimalla oradakı suyun tərkibi ilə bağlıdır. Biz öz klinik praktikamızda xaric olunmuş daşların spektral analizini tövsiyə edirik ki, kimyəvi tərkibi müəyyənləşdirilsin. Xəstəyə də kimyəvi tərkibə uyğun pəhrizlər məsləhət görürük”.
Endemik ocaqda yerləşdiyimiz üçün ultrasəs müayinəsi zamanı körpə uşaqların böyrəklərində də xırda duzların aşkar olunduğunu söyləyən mütəxəssisin fikrincə, böyrək sancısı insan orqanizmində ən kəskin ağrıdır və xüsusi bir profilaktikası yoxdur. Əsas məsləhət insanların ildə ən azı iki dəfə ultrasəs müayinəsindən keçməsidir. Müayinə zamanı xırda daş, iri duz kristalı aşkar olunduqda, müalicə vaxtında aparılarsa, o daş gəlib sidik axarına düşməz və kəskin sancı da verməz.
Professor R.Nağıyev ağrısız simptomların isə ən mürəkkəb qrup daşlara aid olduğunu vurğulayıb. Həmin qrupa aid olan mərcanvari daşların böyüyərək böyrəyin bütün strukturunu əhatə etdiyini, kəskin deyil, davamlı küt ağrılar verdiyini bildirib: “Bəzən xəstələr bizə müraciət edəndə 7-8 sm-lik daşlar aşkarlanır. O daşların cərrahi yolla çıxarılması riskli, qanaxma ehtimalı yüksəkdir. Amerikada, Avropada belə hallara nadir hallarda rast gəlinir. Bizim xəstələr həkimə son mərhələdə müraciət etdiyindən, mərcanvari daşlarla tez-tez rastlaşırıq. Bu proses ikitərəfli olarsa, artıq o xəstəyə kömək etmək də çətinləşir, xroniki böyrək çatışmazlığı riski artır. Əsas tövsiyəmiz odur ki, hər kəs, xüsusilə də nəslində daş xəstəliyi olan insanlar mütəmadi qaydada müayinədən keçsin”.
Onkoloji xəstəliklərin ilbəil artımı fonunda böyrək şişi və sidik kisəsi şişi olan xəstələrlə də tez-tez rastlaşdıqlarını bildirən həkim-uroloq, həmin şəxslərin təxminən 50 faizində heç bir simptomun baş vermədiyinə, yəni xəstəliyin digər müayinələr zamanı təsadüfən aşkarlanmasına, lakin sidik kisəsinin törəmələrinin kiçik ölçülü olsa belə, ciddi şikayətlər yaratdığına diqqət çəkib. Belə ki, sidiyə gedən zaman ağrı, sidik ifrazatı zamanı qan müşahidə edilir. Müalicənin effektivliyi xəstənin həkimə vaxtında müraciət etməsindən asılıdır. Xəstə ilkin mərhələlərdə müraciət etdikdə, həm cərrahi əməliyyatın həcmi kiçik, həm də şişin yayılma ehtimalı az olur. Xəstəliyin son mərhələlərində isə böyrək şişi və yaxud sidik kisəsinin şişi ətraf orqanlara – düz bağırsaq, prostat vəzi, qadınlarda uşaqlığa sirayət edə, ağciyərlərdə, sümüklərdə metastaz yarada bilər.
Ümumiyyətlə, təkcə böyrək və sidik kisəsi şişlərinin deyil, bütün uroloji xəstəliklərin müayinə və müalicəsində erkən müraciət çox önəmlidir.