Tanınmış türk aktyoru, rejissor, ssenarist, yazıçı və həkim Ercan Kesalın Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşü baş tutub.
Görüş zamanı tanınmış aktyor-həkim özü barədə tələbələrə ətraflı məlumat verib. Bildirib ki, 1959-cu ildə Nevşehrin Avanos vilayətində dünyaya gəlib. Həkimlik sənətinin müqəddəs və bənzərsiz bir sənət olduğunu qeyd edib. Bunu həkimlərin xəstələrə şəfa verməsi və yenidən həyata qaytarması ilə izah edib: “Siz əgər xəstələrə şəfqət və həssaslıqla yanaşsanız, onlar ən yaxınlarına demədikləri ürək sözlərini sizə deyə, sirlərini belə sizinlə bölüşə bilər. Siz təkcə onlara şəfqət verən bir həkim yox, həm də sirr yoldaşı, sirdaşı olacaqsınız.
Bir tövsiyəmi unutmayın, yaxşı həkim olmaq üçün yaxşı ədəbiyyatçı olmaq lazımdır. Əgər siz həyat hekayələrindən bəhs edən çoxlu kitablar, əsərlər, şeirlər oxusanız, yaxşı filimləri seyr edib, insanı duyğulandıran musiqiləri dinləsəniz, yaxşı həkim ola bilərsiniz. Ən başlıcası isə, yaxşı həkim olmaq üçün mütləq sənə müraciət edən xəstələri dinləməlisiniz. Dinləməli, eyni zamanda onlara öz şəfqətinizi verməlisiniz. Könlünü oxşamalı, ruhuna sığal çəkməlisiniz. Xəstələr sizdə ilk olaraq bir şəfqət hiss etməli, sizə inanmalıdır ki, etdiyiniz müalicə öz nəticəsini göstərsin. Yoxsa edilən müalicə heç bir nəticə verməyə bilər”.
Ercan Kesal 1984-cü ildə Ege Universitetinin Tibb fakültəsinin məzunu olur. Bir müddət Ankara, Kesin, Bala və bir çox qəsəbələrdə tibb ocaqlarında çalışır. Sərbəst həkimlik peşəsi ilə məşğul olan zaman isə “tətbiqi psixologiya və sosial antropologiya” ixtisası üzrə təhsil alır.
Onun aktyorluq sənətini qəbul etməsində həyat yoldaşı Nazan Kesalın müstəsna rolu olur: “Mən ədəbiyyatı, poeziyanı sevməklə yanaşı, aktyorluğu da çox sevirdim. Görünür, məndə aktyorluq qabiliyyətin olduğunu həyat yoldaşım Nazan xanım hiss edə bilibmiş. Ona görə də məni 2002-ci ildə Nuri Bilge Ceylanla tanış etdi. O, mənə “Uzaq” filmində epizodik bir rol təklif etdi. Oynadım və bununla da mənim aktyorluq karyeram başladı. Sonra onun çəkdiyi “Üç Meymun” filminə dəvət aldım. Filmdə Sərvət rolunu uğurla ifa etdim”.
Ercan Kesal Türkiyənin tanınmış şair və yazarlarının daim onların qonaqları olduğunu, şer məclislərinin qurulduğunu, şairlərin yazdığı şeirləri və etdikləri söhbətləri maraqla dinlədiyini də tələbələrin diqqətinə çatdırıb. Düşdüyü mühitin onun poeziyaya, ədəbiyyata marağının artmasına təsirsiz ötüşmədiyini bildirib: “Evimiz qonaq-qaralı olardı. Türkiyənin tanınmış ədəbiyyat adamlarını, sənətçilərini evimizdə görmüşəm. Onlardan Ahmet Erhanın, Azer Yaranın, Behçet Aysanın, Adnan Özerin, Murat Kalaycıoğlunun, Tolqa Çandarın, Erkan Obanın Abdullah Gökün və başqalarının adlarını ehtiramla çəkə bilərəm. Hərəsi bir dünya idi. Mən onlardan ayrı-ayrılıqda çox şey öyrəndim”.
Tanınmış həkim-aktyor özü kimi həkimliklə başqa sənətləri birləşdirmək istəyən tələbələrə tövsiyəsini də etdi. Bildirdi ki, kim olursan ol, çoxlu mütaliə etməli, özünü həyatdan kənar hesab etməməlisən: “Əsas cəmiyyətlə qaynayıb-qarışmalı, insanları dinləməli, onların problem və dərdlərinə şərik olmalısan. Əgər səndən asılı bir şey olarsa, yardımını belə əsirgəməməlisən. O zaman seviləcək, yad ediləcək, unudulmayacaqsan. Sadaladığm xüsusiyyətlər isə deyərdim ki, ən çox sizlərə, həkimlik peşəsi ilə məşğul olanlara aiddir”.
Ercan Kesal görüş zamanı tələbələri maraqlandıran sualları da cavablandırıb, sonda nəşr etdirdiyi kitabları onlara hədiyyə edib. Onun yazdığı kitablar - “Əvvəl zaman”, “Öz işığında yanan adam”, “Həkimlik sənətləri”, “Əslində...”, “Nəsibsiz adayız” və s. Tibb Universitetinin tələbələri tərəfindən böyük həvəslə qəbul edilib.
Görüş xoş əhval-ruhiyyə ilə başa çatıb. Sonda Ercan Kesal tələbələrlə xatirə şəkli çəkdirib.