Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Noyabrın 15-də ATU-nun Tədris Terapevtik Klinikasında bu qəbildən “Pediatriyaya müasir yanaşma” mövzusunda daha bir beynəlxalq elmi-praktik konfrans keçirilib.
Torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsinin anılması ilə başlayan konfransı giriş nitqi ilə universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov açıb. Azərbaycan elminin və səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayan prorektor, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli ordumuzun böyük qələbəsini, dövlət suverenliyimizin tamamilə bərpa edildiyini qürur hissi ilə xatırladıb.
Bundan sonra pediatriyanın ən aktual məsələlərini müzakirəyə çıxaran bu günkü konfransın əhəmiyyətindən danışaraq, burada müxtəlif mövzularda maraqlı məruzələrin dinləniləcəyini deyib. Tələbələrin və rezidenturada təhsil alan gənc həkimlərin konfransda iştirakının təqdirəlayiq hal olduğunu söyləyən R. Bəylərov bildirib ki, respublikamızda pediatriyanın inkişafı çox sürətlə gedir: “Təkcə Bakıda deyil, bölgələrdə də müasir tibb ocaqları, hətta dializ mərkəzləri açılır. Ölkə rəhbərliyi neonatal mərkəzlərin açılmasına da xüsusi diqqət ayırır və bu amillər ilk növbədə uşaq ölümünün azalmasına xidmət göstərir. Çünki bütün dünyada cəmiyyətin qiymətləndirmə kriteriyalarından biri də uşaq ölümüdür. Son zamanlar Azərbaycanda uşaq ölümünün xeyli azalması dövlətimizin bu məsələyə böyük qayğı ilə yanaşmasının nəticəsidir. Praktiki fəaliyyətlə yanaşı, gənc mütəxəssislərin elmi istiqamətə maraq göstərməsi də müsbət haldır”.
Amma qazanılan nailiyyətlərə baxmayaraq, hələ qarşıda görüləcək işlərin daha çox olduğunu bildirən prorektor, çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova çıxışına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən gətirdiyi sitatla başlayıb: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycan gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycan gənclərindən və uşaqlarından asılıdır”.
Məhz bu nöqteyi-nəzərdən uşaqlarımızın sağlamlığının qorunması sahəsində biliklərin təkmilləşdirilməsini səhiyyəmizin əsas prioritet məsələlərindən biri kimi dəyərləndirən N. Sultanova qeyd edib ki, həm elmi, həm təcrübi istiqamətdə ATU-nun verdiyi töhfələr danılmazdır. Həmçinin genofondumuzun qorunmasına diqqət çəkən professor bildirib ki, görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası, uşaqlar arasında yayılan patologiyaların profilaktikasında aparılan icbari dispanserizasiyanın tədqiq olunmasının mühüm rolu vardır.
“Bu günkü konfransımızın keçirilməsində də əsas məqsəd pediatriyaya aid olan xəstəliklər haqqında müxtəlif ixtisaslar üzrə mütəxəssislərin məruzələrini dinləyərək, fikir mübadiləsinin aparılmasıdır. Əminəm ki, konfransımız konstruktiv, səmərəli keçəcək, onun tövsiyə və təkliflərindən praktik həkimlərimiz, gənc kolleqalarımız, doktorant və dissertantlarımız faydalanacaqdır” – deyə o vurğulayıb.
Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva və Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian da konfransın açılış mərasimində çıxış ediblər. Onlar allerqoloqların, otolarinqoloqların, eləcə də digər mütəxəssislərin pediatrlarla sıx əməkdaşlığından söhbət açaraq dəvət aldıqları konfransın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Konfrans öz işini 3 sessiya iclası ilə davam etdirib. I sessiya iclasına professorlar Rauf Bəylərov, Lalə Allahverdiyeva və Vəfa Pənahian, II sessiya iclasına professorlar Nina Miroşniçenko və Nailə Sultanova, III sessiya iclasına isə professorlar Hüseyn Qabulov və Ələkbər Həsənov sədrlik ediblər.
I sessiyada Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanın “Uşaqlarda xroniki öskürəyin diaqnostikası və müalicəsi”, Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahianın “Xroniki tonzilitin müalicəsinə müasir yanaşma”, ADHTİ-nin Pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədovanın “Uşaqlarda bronxial astmaya müasir yanaşma” və ADHTİ-nin Pediatriya kafedrasının dosenti Zemfira Quliyevanın “Uşaqlarda virus diareyasının diaqnostika və müalicəsi” mövzularında məruzələri maraqla dinlənilib. II sessiyada da pediatriyanın aktual problemlərinə toxunulub. ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Nurəngiz Hacıyeva “Praktik pediatriyada mukozal iltihab”, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Gündüz Əhmədov “Uşaqlarda cinsi inkişaf və onun qiymətləndirilməsi”, ADHTİ-nin Pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva “İnfeksion səpgilərin diferensial diaqnostikası”, ATU-nun Ailə təbabəti kafedrasının professoru Əlizamin Sadıqov “Nozokomial pnevmoniya. Diaqnostika və müalicəyə müasir yanaşma” və Yevdokimov adına Moskva Dövlət Tibb və Stomatoloji Universitetin Otolorinqologiya kafedrasının professoru Nina Miroşniçenko “Yuxarı tənəffüs yollarının respirator infeksion xəstəliklərinin müalicə alqoritmləri” mövzularında araşdırmalarını diqqətə çatdırıblar. III sessiyada isə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti Qoşqar İsmayılovun “Seliakiya diaqnostika və müalicəsinə müasir yanaşma”, Respublika Diaqnostika Mərkəzinin pediatr-neonatoloqu Təzibə Mirzəliyevanın “Pediatrik praktikada qıcolmaların diferensial diaqnostikası” və Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşovanın “İnfantil kolik” mövzusunda elmi təqdimatları olub.
Hər sessiya iclasının sonunda elmi müzakirələr aparılıb və konfrans iştirakçılarının sualları cavablandırılıb.