Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tağı Ələkbər oğlu Tağızadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gəray Gəraybəyli açıb. Bildirib ki, ölkəmizdə elm və mədəniyyət xadimlərinə Ulu Öndər Heydər Əliyev tərəfindən həmişə böyük diqqət və qayğı göstərilib:”Ulu Öndər böyük alimlərimizin – təhsil, səhiyyə və mədəniyyət xadimlərinin əməyinə hər zaman böyük qiymət verib. Bu gün də bu böyük ənənəni möhtərəm, cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Mütəmadi olaraq, alimlərimiz- mədəniyyət, tarix, incəsənət xadimləri müxtəlif orden və medallarla təltif olunurlar. Həmçinin Ulu Öndərin zamanından bizə çox əhəmiyyətli bir ənənə miras qalıb. Bu ənənə ondan ibarətdir ki, vaxtilə ölkəmizin həyatında, elmimizdə, səhiyyəmizdə, təhsilimizdə, mədəniyyətimizdə dərin iz qoymuş ziyalılarımızın yubileyləri qeyd olunur və bu ənənə bu gün də uğurla davam etdirilir. Hesab edirəm ki, bu ənənə gənc nəsillər üçün çox vacib və örnək olunası bir ənənədir. Çünki dünəni olmayanın sabahı da olmaz.
Bugün biz Azərbaycan tibb elminin inkişafında böyük xidmətlər göstərmiş, uzun müddət Epidemiologiya kafedrasına rəhbərlik etmiş, Azərbaycan və keçmiş SSRİ-nin epidemiolgiya elminə böyük töhfələr vermiş əməkdar elm xadimi, professor Tağı Ələkbər oğlu Tağızadənin 100 illik yubileyi mərasiminə toplaşmışıq.
Tağı müəllim ölkəmizdə uzun illər elmi-tədqiqat institutlarına da rəhbərlik edib. Azərbaycanda profilaktik təbabətin inkişafı və tərəqqi tapmasında böyük işlər görüb. Həmçinin Azərbaycanda milli kadrların hazırlanmasında da Tağı müəllimin xüsusi xidmətləri olub. Məhz onun zəhməti sayəsində rəhbərlik etdiyi kafedra nəinki ölkəmizdə, eyni zamanda ittifaq səviyyəsində sayılıb-seçilən kafedralardan hesab olunurdu. Məhz bu kafedrada dəfələrlə ittifaq miqyaslı konfranslar, qurultaylar, seminarlar keçirilib. Bir sözlə, bu böyük şəxsiyyətin Azərbaycan tibb elmi, xalqımız qarşısında danılmaz xidmətləri olub.
Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, professor T.Tağızadənin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, uzun müddət Tağı müəllim həm müəllimi olub, həm də onun rəhbərliyi altında işləyib:” Tağı müəllim 1923-cü il sentyabrın 4-də Bakı şəhərində, vaxtilə məşhur diş həkimlərindən olan Ələkbər kişinin ailəsində dünyaya göz açıb. 1929-cu ildə Bakı şəhərində 25 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1930-cu ildə Xaçmaz rayonunun Xudat kəndində stomatoloq-həkim kimi işləməyə göndərilən atası ailəsi ilə birlikdə ora köçüb və T.Tağızadə 1933-cü ilə kimi Xudatda təhsil alıb. 1933-cü ilin axırlarında ailələri Bakıya qayıdıb və o, yenidən təhsilini 25 saylı məktəbdə davam etdirib. 1938-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1942-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub”.
Professor İ.Ağayev yubilyarın əmək fəaliyyətinə 1941-ci ildə Xalq Səhiyyə Komissarlığının Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda həkim-epidemioloq kimi başladığını, 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epidemioloq və parazitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1943-44-cü illərdə Yevlax rayonunda sanitar-epidemioloji stansiyanın və eyni zamanda tropik stansiyanın rəisi, 1944-45-ci illərdə Quba rayon dövlət sanitar müfəttişi vəzifələrində işlədiyini qeyd edib.
Professor İ.Ağayev, həmçinin 1945-ci ildə professor T.Tağızadənin yenidən Bakıya qayıtmasından, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Epidemiologiya kafedrasında çalışmasından da bəhs edib. Görkəmli alimin 1966-cı ildən 1992-ci ilədək adıçəkilən kafedraya rəhbərlik etdiyini bildirib:” 1952-ci ildə o, professor İsmayıl Axundovun rəhbərdiyi altında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan SSR-in Kürətrafı zonasında malyariya əleyhinə tədbirlərin epidemioloji qiymətləndirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bu, malyariya törədicilərinin keçiriciləri olan anofeles ağcaqanadlarının fenologiyasına dair ilk orijinal iş idi.
Tağı müəllim 1952-1956-cı illərdə Bakı 2 saylı tibb məktəbinin direktor müavini və N.Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakültəsinin dekan müavini, 1962-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda direktor işləyib, 1966-cı ilə qədər bu vəzifədə çalışıb”.
Professor İ.Ağayev çıxışı zamanı görkəmli alimin fəaliyyəti dövründə bütövlükdə tədris prosesinin geniş surətdə yenidən qurulmasından, elmi-tədqiqat işlərinin sürətli inkişafından, respublikada ilk dəfə olaraq Azərbaycan dilində epidemiologiyaya dair dərslik kitabını çap etdirməsindən, elmi kadrların keyfiyyətli hazırlığı sahəsində qazandığı uğurlardan da geniş söhbət açıb.
Tədbir zamanı yubilyarın tələbələri onun haqqında maraqlı xatirələrini də bölüşüblər. Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Vaqif Şadlinski müəllimi ilə bağlı ürək sözlərini söyləyib: “Ölkəmizdə elə ailələr var ki, ölkəni və milləti yetirdikləri alimlərlə müdafiə edirlər. O ailələrin ən böyük silahı da elə budur. Onlardan Ulu Öndər Heydər Əliyevin, Əziz Əliyevin, Topçubaşovun və Tağı Tağızadənin ailələrini misal çəkmək olar. Təkcə T.Tağızadənin ailəsində 4 professor yetişib və ümumilikdə isə bu nəsildən çıxan14 professorun adını çəkmək olar.
Tağı müəllimin tələbəsi olmaqla yanaşı, həm də birlikdə işləmik. Tağı müəllim elmə qiymət verirdi və milli gənc kadrların yetişdirilməsində əlindən gələni edirdi. Tağı müəllimdən biz tələbələr çox şey öyrəndik; böyüyə hörməti, gənc nəsllərə yaxşı yanaşmağı, onlarla xoş davranışı, kiçiklərə rəhbərlik etməyi. İstəyirdi ki, tələbələri mütaliəli, savadlı olsun, onlar əsl elm adamı, vətəndaş kimi yetişsinlər. Tələbələrə verdiyi kitabın bəzi vərəqlərini yapışdırar, onların həmin kitabı oxuyub-oxumadığını müəyyən edərdi”.
Yubilyar haqqında tələbələrindən Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev, adıçəkilən institutun şöbə müdiri, professor Akif Salehov, Əczaçılıq texnologiyası və təşkili kafedrasının müdiri, professor Məhbubə Vəliyeva da ürək sözlərini söyləyib, tədbir iştirakçıları ilə xoş xatirələrini bölüşüblər.
Ailəsi adından yubilyarın oğlu, fizika-riyaziyyat ermləri doktoru, professor, BMT-nin eksperti Azad Tağızadə çıxış edib. O, atasının xatirəsini ehtiramla yad etdiyi üçün Tibb Universitetinin rəhbərliyinə, kollektivə, tədbirin təşkilatçı və iştirakçılarına ailəsi və özü adından dərin təşəkkürünü bildirib.
Tədbir zamanı, həmçinin görkəmli alimin həyat və fəaliyyətini əks etdirən foto-albom da nümayiş olunub.
Tədbir öz işini elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.