Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsi Dermatovenerologiya kafedrası ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
Tədbir iştirakçılarını salamlayan kafedranın müdiri, professor Fərid Mahmudov son zamanlar bu seminarların ATU-nun ayrı-ayrı klinikaları və kafedralarında ardıcıllıqla keçirilməsinin yaxşı bir ənənə halını aldığını bildirib. O, bu elmi toplantıların rezidentlərin və eləcə də bu sahəni seçən gənc həkimlərin gələcək peşə fəaliyyətlərində müsbət rolu olduğunu vurğulayıb.
Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov universitet rəhbərliyinin bu seminarları diqqət mərkəzində saxladığını qeyd edib və rezidentləri yaradılan imkandan maksimum faydalanmağa çağırıb.
Bundan sonra Məhluqə Əliyeva, İlahə Abdullayeva, Egün Ayse, Tünzalə Feyziyeva, Egün Aysel və Alarmo Alharesben dermatologiyanın müxtəlif sahələrini əhatə edən xəstəliklər barədə məlumat veriblər. Məruzəçilər Azərbaycan, türk və ingilis dillərində qırmızı yastı dəmirov, övrə, dəridə dərman preparatlarına qarşı reaksiyalar, atopik dermatit və s. mövzularda çıxış ediblər. Onlar son dövrlər dəri xəstəliklərinin çox yayıldığını vurğulayaraq, kütləvi araşdırmalara istinad ediblər. Məruzələrdə insanların əsasən dermatozlardan əziyyət çəkdiyi, lakin müalicəyə ehtiyacı olanların az hissəsinin həkimə az müraciət etdiyi göstərilib.
Çıxışlarda dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasından bəhs edilərək, onların əmələ gəlmə səbəblərinin müxtəlif olduğu bildirilib. Qeyd edilib ki, dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qaldığından bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. daxili orqanlarla sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Dermatovenerologiya kafedrasının professor-müəllim heyətinin də qatıldığı seminar sual-cavabla yekunlaşıb.