Mama-ginekoloq Natəvan Axundova: Təsadüfi müayinələr, sistemsiz müalicələr uğursuzluğa gətirib çıxarır
Qadınlarda ən ali hiss analıq hissidir desək, yanılmarıq. “Cənnət anaların ayağı altındadır” deyimi də təsadüfən yaranmayıb. Ana olmaq ailə həyatı quran hər bir xanımın arzusudur. Amma təəssüf ki bu müqəddəs arzu həmişə reallığa çevrilmir.
Bu barədə öz fikirlərini “Təbib” qəzeti ilə bölüşən ATU-nun I Mamalıq-ginekologiya kafedrasının dosenti, mama-ginekoloq Natəvan Axundovanın sözlərinə görə, qadının ana ola bilməməsinin əsas səbəblərindən biri də ümidsizliyə qapılmasıdır: “Bəzən pasiyentlər bizə ümidsiz vəziyyətdə müraciət edərək heç zaman ana ola bilməyəcəklərini, yumurtalıqlarının vəziyyətinin çox aşağı olduğunu deyirlər. Ancaq mən həmişə deyirəm ki, insan ümidsizliyə qapılmamalıdır. O həmişə işığa doğru getməli, ana olmaq arzusundan asanlıqla əl çəkməməlidir. Ən azından, doğru mütəxəssis seçimi çox vacibdır. Çünki təsadüfi müayinələr, sistemsiz, alqoritmsiz müalicələr hər zaman uğursuzluğa gətirib çıxarır. İlk növbədə səbəbi düzgün tapmaq lazımdır. Yəni məqsədimiz yalnız yumurtalığın fəaliyyətini artırmaq, iltihabi prosesi müalicə etmək deyil. Səbəbi tapandan sonra uğurlu nəticə əldə etmək mümkündür”.
N.Axundova bildirib ki, bu yaxınlarda pasiyent X.Rzayeva da bizə müraciət edəndə ümidsiz vəziyyətdə idi, əlində bir neçə analizin cavabı, boruların rentgen şəkli vardı: “Mən elə boruların yoxlanma şəklinə görə nələri diqqətdə saxlamaq və hansı istiqamətdə hərəkət etmək lazım olduğunu müəyyən etdim. İlk addımımız doğru oldu və müalicəyə başladıq. Müalicə müddətində əlavə müayinələr aparıldı, hormonal fon yoxlanıldı. Həm boru-peritoneal, həm də endokrinoloji faktor səbəbindən yaranan problemi aradan götürdük. Eyni zamanda həyat yoldaşında şəkərin səviyyəsi yuxarı olduğuna görə, o da endokrinoloq tərəfindən müalicə olundu. Çəkinin azaldılması və spesifik müalicənin aparılması uğurla nəticələndi, pasiyentimiz hamilə qaldı”.
Ümumiyyətlə, yaşı 35-dən yuxarı olan, xüsusilə də induksiya ilə hamilə qalan xanımlarda hamiləliyin ağır keçdiyini söyləyən mama-ginekoloq qeyd edib ki, hamiləlik zamanı ən ağır patologiyadan biri arterial təzyiqin yüksəlməsi, yəni zülal ifrazı ilə müşahidə olunan patologiyanın yaranmasıdır: “Pasiyentimizdə bu riski hamiləliyin ikinci trimestrinin sonundan hiss etməyə başladıq. Baxmayaraq ki, uşaqlıq boynu serklyaj olunmuşdu, tikiş qoyulmuşdu. Biz bu hamiləliyi çox çətinliklə 34 həftəyə çatdırdıq. Dölün ağciyərinə görə profilaktik tədbirlərimizi apararaq hamiləliyi vaxtında yekunlaşdırdıq. Uşaqlardan biri neonatal şöbədə qısa müddətli müalicə alsa da, o birisinə heç bir reanimasiya tədbiri görülmədi, hər iki körpə evə yazıldı. Hal-hazırda ana və övladları sağlamdır”.
Ailənin sevincində xüsusi payı olan həkim, analıq hissi yaşamaq istəyən bütün qadınlara vaxtında mütəxəssisə müraciət etməyi və heç vaxt ümidlərini itirməməyi məsləhət görür.