Bu günlərdə ATU-nun I və II Daxili xəstəliklər kafedralarının əməkdaşları, dosent Səbinə Məşədiyeva-Bayramova, professor Sergey Alimetov və dosent Şəfəq İbrahimovanın birgə müəllifliyi ilə “Şəkərli diabet” adlı monoqrafiya “Elm-təhsil” nəşriyyatında işıq üzü görüb.
365 səhifədən ibarət olan monoqrafiya şəkərli diabetə dair ikinci nəşr hesab olunur. Kitabda bu xəstəliyin etiopatogenezi, klinikası, diaqnostikası və müalicəsi haqqında yeni məlumatlar öz əksini tapıb.
Monoqrafiyanın giriş hissəsində qeyd edilir ki, şəkərli diabet hazırda əhali arasında ən geniş yayılmış endokrin sistemli xəstəliklərdən biridir. Müəlliflər yazır ki, dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində bu xəstəliyə düçar olmuş insanların sayı hər 10-15 il ərzində iki dəfədən çox artır və 2050-ci ilə kimi 1,5 milyarddan çox olacağı gözlənilir. ÜST-ün 2021-ci il üçün statistik məlumatına görə, dünyada artıq 529 milyondan çox səkərli diabet xəstəsi olub, 25 yaşdan yuxarı şəxslərin demək olar ki, 10% bu xəstəlikdən əziyyət çəkir. Əsasən 40-60 yaş insanlar arasında qeydə alınıb.
Kitabda göstərilir ki, şəkərli diabetin təsnifatı üzrə ayrıd edilən bütün formalarının sırasında onun 2-ci tipi 90-95% təşkil edir və son 10 il ərzində ümumi ölümün səbəbləri sırasında dördüncü yeri tutur.
Kitabda şəkərli diabetin etiologiyası, risk amilləri, inkişaf və proqressivləşmə mexanizmləri, karbohidrat mübadiləsi, diaqnostika və xüsusilə müasir müalicəsi hazırda əldə olunmuş nəzəriyyə və təcrübə əsasında proqramlaşdırılmış şəkildə, nozoloji və sindrom prinsipi üzrə böyük həcmdə, aydın və səlis təsvir edilib.
Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarına əsasən çap edilən monoqrafiya terapevtlər, endokrinioloqlar və digər tibb mütəxəssisləri, həmçinin yuxarı kurs tibb tələbələri, rezidentlər üçün nəzərdə tutulub.