COVID-19-un yeni variantı qorxulu olmasa da, çox yoluxucudur
Dosent Vüqar Cavadzadə koronavirus infeksiyasının “Eris” variantının xüsusiyyətlərini şərh edib
“Məlum olduğu kimi COVID-19 infeksiyasına (SARS-CoV-2) ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində rast gəlinib və sonradan bütün dünyaya yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-də COVID-19 pandemiyasının bitdiyini elan etsə də, hələ də dünyada yoluxma hallarına rast gəlinir”. Bunları ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Vüqar Cavadzadə koronavirus infeksiyasının mutasiya olunmuş “Eris” variantının xüsusiyyətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, COVID-19 infeksiyası çox sürətlə mutasiyaya uğrayaraq çoxsaylı variantların əmələ gəlməsinə səbəb olub: “Bu variantlardan biri də Omicron (B.1.1.529) variantıdır. Omicron variantı ilk dəfə 4 noyabr 2021-ci ildə Cənubi Afrikada aşkar edilib və onun da BA.1 (B.1.1.529.1), BA.2 (B.1.1.529.2), BA.3, BA.4 (B.1.1.529.4), BA.5 (B.1.1.529.5), EG.5 (Eris) və s. subvariantları mövcud olduğu təsdiq edilib. Ümumilikdə Omicron variantının dünyanın 149 ölkəsində yayılması təsdiqini tapıb.
“Eris” (EG.5) variantı hələ son mutasiya deyil. “Eris” - Yunan ilahəsinin adıdır. “EG.5” adlı yeni mutasiya ilk dəfə 2023-cü ilin fevralında İndoneziyada, sonra isə ABŞ-da aşkarlanıb. O, ölümcül virus olmasa da, daha sürətlə yayılması və yoluxuculuğunun digər ştammlara nisbətən yüksək olması ilə fərqlənir. ÜST-ün məlumatına görə, son aylarda “Eris” variantı Avropa və ABŞ-da daha çox müşahidə edilib”.
Sözünə davam edən mütəxəssis bildirib ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzlərinin məlumatına əsasən, son vaxtlar “Eris” variantına yoluxma halları artmaqdadır: “Eris” variantı ümumilikdə COVID-19 infeksiyasına yoluxanların 20,6%-ni təşkil edir. ÜST “Eris” variantını 10.07.23-ci ildə nəzarət edilən variantlar siyahısına daxil edib.
Ümumiyyətlə son aylar dünyada yoluxanların sayında nisbətən artım olsa da, xəstəxanada yatan xəstələrin sayında artım müşahidə edilməyib. 65 yaş və üzərində olan şəxslər və həmçinin xroniki xəstəliklərdən (şəkərli diabet, autoimmun xəstəliklər və s.) əziyyət çəkən şəxşlərdə xəstəliyin ağırlaşmalarına rast gəlinib. “Eris” variantına yoluxmuş xəstələrdə yorğunluq, subfebril qızdırma, öskürək, baş və əzələ ağrısı, boğaz ağrısı, burun axması, bəzən ishal, qoxu və dad bilmənin itməsi kimi əlamətlərə rast gəlinir. Xəstəliyin əlamətləri adətən 5-7 gün davam edir. Bəzən xəstələrdə boğaz ağrısı əlaməti üstünlük təşkil edir. Xəstələrin demək olar ki, böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Yalnız uzun illər xroniki xəstəlikdən əziyyət çəkən yaşlı insanlarda ağırlaşmalar baş verə bilər. Yaşlılarda, xüsusilə yanaşı xəstəliyi olanlarda az hallarda ağciyərdə “buzlu şüşə” inkişaf edir”.
Xəstəliyin müalicəsindən də bəhs edən həkim bildirib ki, bu o qədər də ciddi rejim tələb etmir: “Ev şəraitində xəstələrin müalicəsi aparıla bilər. Ağırlaşmalar olduqda, xəstələr stasionara yerləşdirilir. Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Virusa təsir edən konkret antiviral preparatlar olmasa da, bir çox ölkələrdə hələ də favipiravir preparatı istifadə edilməkdədir. İkincili infeksiyalar ilə ağırlaşmalar zamanı antibiotikobakterial müalicə təyin edilməlidir.
Bu varianta qarşı xüsusi peyvənd mövcud olmasa da, COVID-19-a qarşı aparılan peyvəndlər (Astra Zeneca, Sinovac, Moderna, Sputnik-v və s.) “Eris”dən qorunmaqda da effektivdir”.