Beyin toxumasının kiçilməsi ağır fəsadlara yol açır
“Beyin atrofiyası - beyin toxumasının kiçilməsi və geriyə inkişaf prosesini ifadə edən tibbi termindir. Bu proses beyin hüceyrələrinin və əlaqələrin itkisi ilə təsvir olunur. Beyin atrofiyası bir sıra müxtəlif səbəblərlə əlaqələndirilir. Səbəblərin kompleksliyi bu vəziyyətin diaqnozu, müalicəsi və nəticələrinin anlaşılmasını çətinləşdirə bilər”. Bu sözləri ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə “Təbib” qəzetinə açıqlamasında deyib.
O, bildirib ki, beyin atrofiyası müxtəlif səbəblərlə əlaqələndirilir və yaşla birlikdə artan xəstəlikdir: “Beyin atrofiyasına səbəb olan patologiyalardan biri neyrodegenerativ Alzheimer xəstəliyidir. Əgər beyin hüceyrələri zədə görür və yaxud ölürsə, beyin toxuması kiçilir. Bir başqa xəstəlik olan multipl skleroz (MS) zamanı immun sistemi orqanizmdə patolojik olaraq, sinir hüceyrələrinə hücum edir və beyin toxumasının kiçilməsinə səbəb olur. Əgər travmatik beyin yaralanmaları nəticəsində ətraf beyin toxuması zərər görərsə və beyin toxumasında itki baş verərsə, o zaman cərrahi əməliyyata ehtiyac duyulur. Bundan başqa, insult, yüksək təzyiq və digər vaskulyar xəstəliklər də beyin toxumasının kiçilməsinə gətirib çıxarır. Çünki beynə kifayət qədər oksigen və qan axını təmin edilmir.
Bəzi beyin infeksiyaları (baş beyin exinokokku, meningit, meningoensefalit, beyin absesi və s.) beyin toxumasının iltihabına səbəb olur. Bəzi genetik xəstəliklər də beynin boz maddəsinin normal inkişafına mane ola və beyin atrofiyasına gətirib çıxara bilir. Beyin atrofiyasının simptomları yaddaş problemləri, unutqanlıq, iradi funksiyaların azalması (düşüncə, problem həll etmə, diqqət əskikliyi), koordinasiya və müvazinət pozuntusu, sinir-əzələ keçiriciliyinin pozulması, nitq qabiliyyətinin zəifləməsi, artan nevroloji şikayətlərdir (məsələn, Alzheimer və Parkinson xəstəliyi)”.
Beyin atrofiyasının nəticələri və diaqnostikasından da danışan mütəxəssis qeyd edib ki, beyin toxumasının itkisi koqnitiv funksiyalarda pozğunluq yaratdığından yaddaş, düşünmə, qərar vermə və məsələ həll etmə kimi bacarıqlara da təsir göstərir: “Məsələn, hərəkət pozğunluğu haqda danışa bilərik. Beyin toxumasının kiçilməsi beynin bədən üzərində nəzarətinə təsir edə və koordinasiya problemlərinə səbəb ola bilər. Bu vəziyyət müvazinət pozğunluğu və yerimədə çətinliklər kimi problemlərə gətirib çıxarır. Hətta beyin atrofiyası şəxsiyyət dəyişiklikləri, depressiya, təşviş, həyəcan, emosional instabillik kimi ruhi problemləri inkişaf etdirir. Bundan başqa, beyin atrofiyası zamanı günlük rutin həyat fəaliyyətini yerinə yetirmədə çətinləşmə və aktivlik keyfiyyətində azalma müşahidə edilir. Bu ən sıx menopauzada görünür. Menopauzayla birgə yumurtalıqlardan estrogen ifraz oluna bilməməsi sadəcə menstruasiyanın pozulma problemləri deyil, eyni zamanda nevroloji simptomların yaranmasına səbəb olur. Beyin atrofiyasına maqnit rezonans tomoqrafiya (MRT) və ya kompüter tomoqrafiya (KT) kimi instrumental müayinə üsulları ilə diaqnoz qoyulur. Əgər beyin atrofiyası altda yatan səbəblərlə əlaqələndirilirsə, bu xəstəliyin müalicəsi birincilidir. Məsələn, atrofiyanın səbəbi Alzheimer xəstəliyidirsə, bu xəstəliyin simptomlarının idarə edilməsi üçün dərmanlardan istifadə edilə bilər. Bundan başqa, hərəkət və kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün fiziki və danışıq terapiyası məsləhət görülür. Simptomatik müalicə zamanı bəzi dərmanlardan istifadə edilə bilər. Lakin xüsusi hallarda neyrocərrahi müdaxilələrə ehtiyac duyulduğunu da yaddan çıxartmaq olmaz”.
R.Xəlilzadə onu da vurğulayıb ki, beyin atrofiyasından əziyyət çəkən insanların həyat keyfiyyətini artırmaq üçün psixososial dəstək və təcili yardım tələb olunur: “Yuxarıda söylədiyim kimi, beyin atrofiyası beyin toxumasının itkisi ilə təsvir edilən bir vəziyyətdir və bir çox müxtəlif səbəblərlə əlaqələndirilir. Bu vəziyyət koqnitiv, hərəkət və ruhi funksiyalarda pozğunluğa gətirib çıxardığından, diaqnoz və müalicəsi səbəblərdən asılı olaraq dəyişir. Düzgün diaqnoz və uyğun müalicə bu insanların həyat keyfiyyətini artırır və simptomların idarə olunmasına yardım edir”.