Professor Musa Qəniyev deyir ki, bu infeksiyanın ölüm əmsalı çox aşağıdır
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev son vaxtlar yayılmaqda olan qızılca infeksiyası ilə bağlı öz fikirlərini açıqlayıb. Professor əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının 28 aprel 2022 tarixli məlumatından sitat gətirib: “Sanitar-karantin məhdudiyyətləri tezliklə aradan qaldırılarsa, bizi, qızılcanın uşaqlar arasında pandemik halı ilə bağlı mütləq risklər gözləyir”.
Mütəxəssisin fikrincə, COVID-19-la bağlı sərt karantin və maska taxılması dövrü sonradan infeksiyaların nisbi “aqressivləşməsini” və sonda epidemiya şəkilli artımını qaçılmaz edirdi. O, 2020-ci ilin aprel ayından başlayaraq, bu barədə dəfələrlə xəbərdarlıq etdiyini, xüsusən ilkin uşaqlıq (1-3 yaş) və birincili uşaqlıq (3-6 yaş) dövründə olanlara maska taxılmasının ciddi səhv olduğunu bildirdiyini xatırladıb.
Qızılcanın hazırkı kəskin artımının labüd olduğunu vurğulayan M.Qəniyev, bunun qorxulu hal olmadığını da qeyd edib: “İstənilən infeksiyanın potensial fəallığını dəyərləndirilən 2 əsas göstərici olur:
a) yoluxduruculuq qabiliyyəti - Ro indeksi
b) letallıq (ölüm törətmə) əmsalı.
Ro indeksinə görə, qızılca bütün məlum virus infeksiyaları içərisində birincidir. Yəni bir qızılca xəstəsi 11-18 nəfəri xəstələndirir (Ro=11-18). Halbuki, bu indeks COVID-19-da 2-2,2; fəsli qripdə 1,3-ə bərabərdir və s. Odur ki, qızılcaya “heç bir vaxt yoluxmamaq” fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyildir. İnsanın (uşağın) olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olmuşsa, yenə də yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır.
Letallıq göstəricisinə görə isə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm cəmi 0,004%-0,28%-dir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridədir, yəni qorxusuzdur, yalnız parotit (0,006%) və su çiçəyindən (0,0001%) öndədir”.
Professor bildirib ki, bəzi müəlliflər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn, qrip, COVID-19 və s. ) yoluxma ehtimalını ön plana çəkir. Amma bu hal nə nəzəri, nə də praktik olaraq mümkün deyildir. Çünki viruslara hüceyrədaxili mühitdə “mütləq konkurent antaqonizm” prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal “keçid qapısının bloklanması” kimi dəyərləndirilir.
Qızılcaya ən həssas insan qrupunun 4 yaşına qədər uşaqlar olduğunu deyən M.Qəniyev ən etibarlı qorunma vasitəsinin peyvəndləmə olduğunu vurğulayıb: “Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır ki, aparılır. Bizim ölkəmizdə peyvənd “Azərbaycan Respublikasının Milli peyvənd təqvimi” siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir. Bu peyvəndin birinci dozasını hər bir uşaq bir yaşında (dünya üzrə bu rəqəm 83%-dir), ikinci dozasını isə 6 yaşında alır (dünya üzrə 74%). Qızılca zamanı formalaşan təbii immunitet isə, daimi və ömürlükdür. Odur ki, təkrari ağır xəstələnmə riski sıfır faizdir”.
Bu gün uşaqların həyatı üçün heç bir xüsusi qorxu və təhlükə olmadığını söyləyən ATU-nun kafedra müdiri, bununla yanaşı, qorunma tədbirləri, ilk növbədə peyvənd olunmanın zəruriliyini önə çəkib. Onun sözlərinə görə, kənar şəxslərin uşaqların üzündən öpməsinə, onlara nəfəs verilməsinə (o cümlədən “çöpçü”yə aparmaq), eləcə də digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir.