Bu onların oxumaqla yanaşı, işləyə bilməsinə də şərait yaradır
Bu tədris ilində Azərbaycan Tibb Universitetində 119 nəfər magistrant təhsil alır. Onların 65 nəfəri birinci, 54 nəfəri isə ikinci kurs tələbəsidir. Bu barədə “Təbib” qəzetinə Rezidentura və magistratura şöbəsinin müdir müavini Əfsanə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, 2023/24-cü tədris ilində universitetimizə 65 nəfər planlı qəbul yeri üzrə DİM yolu ilə 64 nəfər qəbul olunub: “15 nəfər Klinik psixologiya, 15 nəfər Menecment (səhiyyə sahəsi üzrə), 4 nəfər Əczaçılıq texnologiyası, 5 nəfər Əczaçılığın təşkili, 5 nəfər Toksikoloji kimya, 5 nəfər Farmakoqnoziya, 5 nəfər Əczaçılıq kimyası, 5 nəfər Mikrobiologiya, 5 nəfər isə Biokimya ixtisası üzrə magistrant adını qazanıb. Bundan başqa, 1 nəfər xarici vətəndaş universitetin hazırlıq kursundan Menecment (səhiyyə sahəsi üzrə) ixtisasına qəbul olunub.
2-ci kursda 14 nəfər Klinik psixologiya, 15 nəfər Menecment (səhiyyə sahəsi üzrə), 3 nəfər Əczaçılıq texnologiyası, 3 nəfər Əczaçılığın təşkili, 3 nəfər Toksikoloji kimya, 3 nəfər Farmakoqnoziya, 3 nəfər Əczaçılıq kimyası, 5 nəfər Biokimya, 5 nəfər isə Mikrobiologiya ixtisası üzrə magistrant təhsili almaqdadır. Təhsil alanlar arasında iki nəfəri xarici vətəndaşdır”.
Sözünə davam edən Ə.Məmmədova vurğulayıb ki, ötən tədris ilində 35 nəfər magistrant müvəffəqiyyətlə dissertasiya işlərini müdafiə edərək magistr adını qazanıb: “Onlardan 9 nəfər Klinik psixologiya, 10 nəfər Menecment (səhiyyə sahəsi üzrə), 3 nəfər Əczaçılıq texnologiyası, 3 nəfəri Əczaçılığın təşkili, 3 nəfər Toksikoloji kimya, 3 nəfəri Farmakoqnoziya, 4 nəfər isə Əczaçılıq kimyası ixtisası üzrə məzun olublar. Həmin məzunların arasında bir nəfər xarici vətəndaş olub.
Bu tədris ilində universitetimizdə magistratura təhsil pilləsində bəzi islahatlar həyata keçirilib. Menecment (səhiyyə sahəsi üzrə) ixtisası üzrə təhsilin səhər növbəsi ilə yanaşı, ikinci növbəsi də təşkil edilib. Bu qərar magistrantların tədrislə yanaşı işləyə bilmələrinə də şərait yaratmaq zərurətindən irəli gəlir. Yəqin ki, gələcəkdə ikinci növbə digər ixtisaslarda da reallaşa bilər”.
Söhbət əsnasında müdir müavini magistrantların sessiya imtahanlarından da bəhs edib: “Bu imtahanlar bir qayda olaraq ixtisas fənləri üzrə müvafiq kafedralarda şifahi formatda bilet üzərindən aparılır. Qeyri-ixtisas fənlərdən isə Virtual test mərkəzində (VTM) test üsulu ilə reallaşır. Aparılan imtahanın nəticəsi 100 bal üzərindən hesablanır. İxtisas fənlərdən orta semestr balı (maksimal 50 bal) nəzərə alınmaqla üzərinə imtahan nəticəsi (maksimal 50 bal) də əlavə olunur. Qeyri-ixtisas fənlərdə orta semestr balı nəzərə alınmır və imtahan nəticəsi maksimal 100 bal üzərindən dəyərləndirilir. Orta semestr balının dəyərləndirilməsində sərbəst işlərin qiyməti (maksimal 30 bal) və ümumi sorğu-sualın nəticəsi nəzərə alınır”.