ATU-da tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması üçün həvəsləndirici vasitələr tətbiq edilir
Azərbaycan Tibb Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsində Tələbə Elmi Cəmiyyətinin böyük rolu var. TEC-in fəaliyyəti, vəzifələri, tələbənin elmi araşdırma götürmə qaydaları və s. ilə bağlı məlumat almaq üçün Cəmiyyətin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənovla görüşdük.
M.Həsənov deyir ki, adətən universiteti bitirib uğurlu həkim kimi tanınanlar, tələbəlik vaxtı praktika ilə yanaşı elmi-tədqiqat sahəsində də təcrübəyə malik olanlardır: “Elmi fəaliyyəti olmuş məzunlarımız vaxtlarını düzgün idarə edə və alınan məlumatları daha aydın sistemləşdirə bilirlər. Universitetimizin demək olar ki, bütün kafedralarında tələbə elmi dərnəkləri fəaliyyət göstərir ki, bu da tələbələrdə seçəcəkləri ixtisasa marağın inkişafı üçün əlverişli şərait yaradır. Eləcə də onlarda gələcəkdə elmi fəaliyyətlə məşğul olmağa maraq oyadır.
Tələbələrimizin elmi araşdırmalar aparması üçün universitetimizdə Tələbə Elmi Şurası fəaliyyət göstərir və Tələbə Elmi Cəmiyyətinin rəhbəri Elmi Şuraya rəhbərlik edir. Şurada hər fakültənin dekanları, fakültə TEC-lərin elmi rəhbərləri və sədrləri təmsil olunur. Eyni zamanda, fakültə TEC-lərin şuraları fəaliyyət göstərir. Bura fakültə dekanı və fakültə TEC-in rəhbərliyi ilə yanaşı, bütün kurslardan aktiv və tədris, elmi-tədqiqat işləri aparmaq göstəriciləri yüksək olan tələbələr cəlb edilir. Demək olar ki, universitetin əlaçıları və tədqiqat işi aparan tələbələri burada cəmlənir”.
TEC rəhbəri hər il keçiriləcək tədbirlər üçün təqvim tərtib ediklərini və tədris ili müddətində bütün işləri fakültələr vasitəsi ilə koordinasiya etdiklərini bildirir. Əsas nəzarət isə universitet TEC-in Elmi Şurası və loqistik mərkəz vasitəsilə həyata keçirilir: “Hər tədris ilinin əvvəlində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması üçün bütün kafedralara sıx əlaqə yaradılır, TEC şura və fakültə şura üzvləri aktiv fəaliyyətə keçirlər. Qeyd edim ki, əvvəllər tələbələr TEC-ə 3-cü kursdan sonra gəlirdilər. Son illər isə yeni qəbul olunmuş tələbələr də ilkin tanışlıq layihəsi çərçivəsində könüllü olaraq üzvlük üçün müraciət edir. TEC-in onların elmi bacarığını və istedadını üzə çıxaracaq bir məkan olduğu tələbələrin diqqətinə çatdırılır, burada ideya və təkliflərini verə biləcəklərini deyirik. Sevindirici haldır ki, son bir neçə ildə TEC-ə axın sürətlənib”.
M.Həsənov TEC-də elmi fəaliyyətin tədris (1 və 2-ci kurslar ucun) və elmi-tədqiqat işləri (3-cü kursdan yuxarı tələbələr üçün) istiqamətlərində aparıldığını nəzərə çatdırır. Və bəzən tədqiqat işlərinin 5-10 nəfərlik qruplar şəklində aparıldığını da qeyd edir: “Hər bir kafedrada TEC-ə məsul olan müəllim var. Tələbələr kafedralarda həmin müəllimlərə müraciət edir, istədikləri müəllimi özlərinə rəhbər seçirlər. Onu da deyim ki, tələbənin elmi-tədqiqat işi aparması hələ hansısa bir ixtira etməsi demək deyil. Amma bu, tədris prosesinə kömək edən bir vasitədir. Belə ki, elmi-tədqiqat işlərinə verilən mövzular tədris proqramına daxil olan mövzulara aid olur və tələbə onu daha dərindən öyrənmək imkanı əldə edir.
Fərəhlə demək olar ki, bu gün Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən, tanınmış alimlərin əksəriyyətinin yolu Tələbə Elmi Cəmiyyətindən keçib”.
TEC rəhbəri bildirir ki, tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, motivasiyanın artırılması məqsədi ilə universitetin rektoru, professor Gəray Gəraybəylinin qərarı ilə həvəsləndirici vasitələrdən istifadə olunur, ən yaxşı elmi-tədqiqat işlərinə xüsusi mükafatlar verilir: “Konfranslarımızda qalib olan tələbələrin beynəlxalq konfranslarda iştirakının bütün xərcini universitet öz üzərinə götürür. Əvvəlcə kafedrada TEC-in konfransı olur. Yer tutanlar fakültə TEC-in, orada fərqlənənlər isə ATU TEC-in konfranslarda iştirak edir. Burada qalib olanlar isə beynəlxalq konfranslara göndərilir. Ən yaxşı tədqiqat işlərinə görə xüsusi mükafatlar təsis edildiyi üçün rektorumuzun göstərişi ilə elmi işlərə rəhbərlik edən müəllimlərin akkreditasiya balı da yüksəlir ki, nəticədə elmi araşdırmalara maraq xeyli artıb. Əgər tələbə yer tutursa, universitet rəhbərliyi həm elmi rəhbəri, həm də tələbəni mükafatlandırır”.
Müsahibimizin sözlərinə görə, universitetlərarası elmi-praktik tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ölkədəki və xaricdəki bir sıra ali təhsil ocaqlarının TEC-ləri ilə sıx əməkdaşlıq qurulub: “Bunun üçün TEC-in nəzdində Xarici əlaqələr bölməmiz fəaliyyət göstərir. Latın Amerikası, ölkələri, Meksika, Özbəkistan, Almaniya, Qırğızıstan, Tacikistan, Türkiyə, Rusiya, İraq, İran və s. ölkələrdən olan tələbələr təşkil etdiyimiz konfranslarda iştirak edib”.
TEC rəhbəri sonda qeyd edir ki, universitetdə vahid tələbə elmi məkanının yaradılması yeni və vacib istiqamətlərdən biri kimi görünür. Gələcək planlarda isə “Medical-Forum" elektron elmi jurnalının yaradılması, regional tədbirlərdə sərgilərin təşkil olunması nəzərdə tutulur.
Əlavə edək ki, dekabrın 14-18-də Özbəkistanda beynəlxalq konfrans keçiriləcək. ATU TEC bu tədbirə bir neçə tələbəmizi göndərmək niyyətindədir.