Dekabrın 8-də Azərbaycan cərrahlıq sənətinin ən görkəmli nümayəndələrindən və ölkəmizdə ürək-damar cərrahiyyəsinin əsasını qoyanlardan biri professor Bəhram Aşurovun 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbir iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayan ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bildirib ki, mərhum professor Bəhram Aşurov cərrahiyyədə az invazivlik və anatomiklik prinsiplərini hər zaman gözləyən və tələbələrinə bu prinsiplərə əməl etməyi tövsiyə edən nadir cərrahlardan olmuşdur. Ümumi cərrahlıq kafedrasına müdir təyin olunduğu gündən orada cərrahiyyənin inkişafına güclü təkan vermişdir. Klinikada antiseptika və aseptika sahəsində bir sıra köklü dəyişikliklər aparmış və ölkədə ilk dəfə olaraq elektrokoaqulyatoru klinikada tətbiq etmişdir.
Bəhram Aşurov Ümumi cərrahlıq fənninin tədris planını xeyli təkmilləşdirmiş və tədrisin keyfiyyətini yüksəltməyə nail olmuşdur. O, elmi kadrların yetişməsinə xüsusi fikir vermiş və qısa müddət ərzində onlarla alimin yetişməsində misilsiz xidmətləri olmuşdur. 24 iyul 1994-cü ildə professor Bəhram Aşurov ömürünün çiçəklənən vaxtında vaxtsız vəfat etmişdir.
ATU-nun Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev mərhum alimin həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Natiq məlumat verib ki, Bəhram Məhəmmədrəsul oğlu Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olub. 1960-cı ildə Qax rayonunda orta məktəbi gümüş medalla bitirib və elə həmin il də Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1966-cı ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran B. Aşurov 1964-66-cı illərdə hələ tələbəikən Semaşko adına şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb qardaşı kimi işə başlayıb.
B. Aşurov 1967–69-cu illərdə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kardiologiya şöbəsində 2 illik kliniki ordinaturada oxuduğu illərdə görkəmli kardioloq, professor Cahangir Abdullayevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək institutda kiçik elmi işçi saxlanmış və sonra elmi katibi olub. 1973-cü ildə isə institutun pulmonologiya laboratoriyasına baş elmi işçi, az sonra respublikada yeni təşkil edilmiş damar cərrahiyyəsi şöbəsinə baş elmi işçi vəzifəsinə seçilib. O vaxt respublikada inkişafda olan damar cərrahlığının əsaslarını öyrənmək məqsədilə bir il ərzində A. N. Bakulev adına Ümumittifaq Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda təcrübə mübadiləsində olan B. Aşurov instituta qayıtdıqdan sonra respublikada təcili və planlı surətdə damar cərrahiyyəsinin təşkilində bilavasitə iştirak etmiş və aortanın distal hissəsində, aşağı ətrafların arterial damarların xroniki obliterasiya edici xəstəliklərinin cərrahı müalicə üsulları ilə məşğul olub.
Sözünə davam edən məruzəçi vurğulayıb ki, 1979–1984-cü illərdə Azərbaycan Səhiyyə nazirliyinin göndərişi ilə Moskvada Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda elmi ezamiyyətdə olan B. Aşurov professor A. Pokrovskinin rəhbərliyi ilə doktorluq dissertasiyasını müdafiə edərək vətənə qayıdıb və yenidən ETKETİ damar cərrahlığı şöbəsində elmi təcrübi fəaliyyətini davam etdirib.
1985-ci ildə ATU-nun Ümumi cərrahlıq kafedrasına müsabiqə yolu ilə dosent seçilən Bəhram müəllim 1986-87-ci illərdə Bakı şəhər Baş Tibb idarəsinin baş cərrahı işləyərkən şəhər klinikalarında təcrübi cərrahlığın elmi əsaslar üzərində qurulmasında səylər göstərib.
1991-ci ildə professor Bəhram Aşurov ATU-nun I prorektoru vəzifəsinə təyin edilir. Lakin 1992-ci ildə vəzifə ixtisar edilir və o, 1994-cü ilin iyul ayına qədər yəni, ömrünün sonunadək ümumi cərrahiyyə kafedrasına rəhbərlik edir.
Tədbirdə professor Bəhram Aşurova həsr edilən video çarxın nümayişindən sonra xatirə çıxışları olub. Professorlar Çərkəz Cəfərov, Fazil Abbasov, Paşa Musayev və dosent Səfa Bağırova mərhum alimlə bağlı yaxın dostluq əlaqələrindən söz açaraq onun gözəl insani keyfiyyətlərindən, eləcə də tibb elminin inkişafında göstərdiyi böyük xidmətlərindən danışıb və yadda qalan kövrək duyğularını dilə gətiriblər.
Çıxışlarda vurğulanıb ki, unudulmaz dost, görkəmli alim Bəhram müəllim çox erkən həyatdan getsə də, özündən sonra qoyub getdiyi xeyirxah əməlləri və nəcib insani keyfiyyətləri doğmalarının və onu yaxından tanıyanların qəlbində daim yaşıyacaq.
Sonda Roma Sapienza universitetində ürək-damar xəstəlikləri üzrə aparıcı mütəxəssis işləyən, atasının yolunu davam etdirən ürək cərrahi Rəsul Aşurov atasına göstərilən bu diqqətə görə ailələri adından universitetin rektoru, professor Gəray Gəraybəyliyə, Ümumi cərrahlıq kafedrasının rəhbərliyinə, eləcə də yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.
Konfransın ikinci hissəsində isə proqram üzrə nəzərdə tutulan tanınmış mütəxəssislərin cərrahlığın aktual problemlərinə dair məruzələri dinlənilib.